12 Noyabr 2019, Çərşənbə axşamı

 

Azərbaycan diplomatik xidmətinin 100 illik yubileyi Acarıstan Muxtar Respublikasının Batumi şəhərində təntənəli şəkildə qeyd edilib.

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə tədbirdə çıxış edərək deyib ki, Azərbaycan diplomatiyasının 100-cü ildönümü deyəndə 1919-cu ilin 9 iyulunda dövlətimizin peşəkar diplomatik xidmətinin yaranmasının təməlini qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair qərarın qəbul edilməsindən ötən dövr nəzərdə tutulur. 101 il əvvəl, 1918-ci il mayın 28-də Tbilisidə Müsəlman Şərqində ilk demokratik respublika yaranıb və Müstəqillik Bəyannaməsi qəbul edilib. Azərbaycan Demokratik Respublikasının özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları mövcud idi. Həmin dövrdə ADR-in müxtəlif şəhərlərdə, o cümlədən Batumidə diplomatik nümayəndəliyi açılıb. 1918-ci il iyun ayının 4-də ADR ilə Osmanlı imperiyası arasında sülh və dostluq haqqında müqavilə məhz Batumi şəhərində imzalanıb. Eyni zamanda, 1896-cı ildə Bakı-Batumi ilk neft kəmərinin Batumidən Xaşuriyə qədər olan hissəsinin inşasına başlanılıb və 1906-cı ildə başa çatdırılıb.

 Diplomat çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə xüsusi diqqətlə yanaşdığını, onun Fərmanı ilə Azərbaycanın xarici siyasət sənədləri toplusu da daxil olmaqla ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinə aid bütün sənədlərin nəşr edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu tarixi fakt əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı elan olunub. Bu qərar dövlətimizin başçısının Azərbaycanın diplomatik xidmətinə və onun əməkdaşlarına göstərdiyi diqqət və qayğının parlaq nümunəsidir. Azərbaycanın peşəkar diplomatik xidməti ötən 100 il ərzində şərəfli yol keçib. Xüsusilə, müstəqilliyimizin bərpasından sonra Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş və milli maraqlarımıza uyğun xarici siyasətin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası böyük uğurlar qazanıb.

Baş konsul Azərbaycanın və Gürcüstanın strateji tərəfdaş ölkələr olduğunu, əsrlərboyu dostluq və qardaşlıq münasibətlərində yaşadığını, bir-birinə yaxından kömək etdiyini vurğulayıb.

Batumi şəhərinin vitse-meri Leyla Surmanidze Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, Gürcüstanın və Azərbaycanın qarşılıqlı dəstəyə ehtiyacları var. Mövcud mürəkkəb siyasi və iqtisadi şəraitdə ancaq qarşılıqlı yardım və əməkdaşlıq vasitəsilə çətinlikləri aradan qaldırmaq və qarşıda duran problemləri həll etmək mümkündür. Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq çoxəsrlik tarixi dostluq və qonşuluq əlaqələri əsasında yaranıb. Hazırda münasibətlərimiz yüksək səviyyədədir və bölgədə beynəlxalq təhlükəsizlik, nəqliyyat və enerji, eləcə də humanitar məsələlərlə bağlı planlaşdırılan müxtəlif layihələrdə öz əksini tapır. Bildirilib ki, Acarıstan turizm, biznes və humanitar əlaqələr sahəsində Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində fəal rol oynayır.

Ziyafətlə davam edən mərasimdə Bakı Media Mərkəzi tərəfindən hazırlanmış “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Tədbir və baş konsulun müsahibəsi “Ajara TV” və “TV 4” telekanallarında nümayiş olunub.

AZƏRTAC

 

 

 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR