20 Oktyabr 2019, Bazar

Türkiyənin məşhur Avrasiya Sənət Kültür və Elm Federasiyasının (ASKEF) nümayəndələri yaxın günlərdə Naxçıvanda olublar. Türk dünyasının müxtəlif ölkələrində mədəniyyət və incəsənətlə bağlı layihələr həyata keçirən qurum üzvləri muxtar respublikada qarşılaşdıqları maraqlı və yaddaqalan məqamlar ilə bağlı mamakhavadis.com saytında fikirlərini bölüşüblər. Həmin rəy və fikirləri təqdim edirik:

Savaş Ünal – ASKEF rəhbəri: – Üç gün davam edən səfərimiz zamanı Naxçıvanda Əshabi-Kəhf mağarası, Duzdağ, Hüseyn Cavid məqbərəsi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və digər yerləri gəzdik. Nuh Peyğəmbərin türbəsi, Möminə xatın məqbərəsi və digər tarixi abidələri gəzən zaman bir şey hamımızın diqqətini çəkdi: Bu günə qədər gördüyümüz ən təmiz şəhərdəyik. Yerdə bir dənə də olsun tullantı yoxdur, hər yer olduqca təmizdir. Yaşadığı yeri bu qədər sevən və təmiz tutan naxçıvanlılara, sadəcə, həsəd apardıq.
Demet Şahin – aktyor: – Naxçıvanı sözlə anlatmaq mümkün deyil, gərək bu hissləri yaşayasan. Buranın təbiəti böyük sevgi ilə qorunur. Bu məmləkət ulu babalarına, torpağına, bayrağına sevdalı, gözəl ürəkli insanları, tərtəmiz ətraf mühiti ilə insana rahatlıq verir. Həmişə belə qal, canım Naxçıvan, sevgilərlə!
Umut Tutcu – tələbə: – Naxçıvan təbii gözəllikləri ilə mənə çox təsir etdi. Sadəcə, gözəlliyi deyil, ondan da artıq əfsunlayıcı bir coğrafiyası var Naxçıvanın. Görülməsi mütləq lazım olan bir məkandır. Xüsusilə də insanların sənətə verdiyi dəyər məni çox sevindirdi. Çünki mədəniyyətin ən yüksək mərtəbəsi incəsənətdir və bu mərtəbədə Naxçıvandan olan ziyalıların izi görünməkdədir. Addım atdığım hər yerdə keçmişin izlərinə rast gəldim. Hər yerində bir səmimiyyət gördüm. Şəhərin gözəl ürəkli insanları, sizi heç unutmayacağam.
Qonca Aydemir – şair-publisist: – Gözəlliklər ölkəsi... Haqqında nə desəm azdır. Gözəl insanları ilə daha da gözəlləşir Naxçıvan. Tarixinə, mədəniyyətinə sahib çıxan dostlarıma çox təşəkkür edirəm.

Fərid Baran – şərhçi: – Sol tərəfdə Ali Məclis, qarşısında Nazirlər Kabineti, onların ortasında isə teatr binası... Dünyanın başqa hansı ölkə­sində sənətə və sənətçiyə bu qədər qiymət verirlər. Sadəcə, şəhərlər və digər yaşayış məntəqələri deyil, dağları və yolları da tərtəmizdir. Yağışın altında çantalarımı daşımağıma məmnuniyyətlə kömək edən ziyalı, gözəl qəlbli, tərtəmiz insanlar. Səhər tezdən səkidə unutduğum pul və sənədlərim olan çantamı günortadan sonra minlərlə insanın keçib getdiyi yerdə əl vurulmamış şəkildə tapıram. Bəli, oğurluğun olmadığı Naxçıvandan bəhs edirəm. Piyada keçidləri, qarşıdan-qarşıya rahat keçməyimiz üçün gözləyən maşınlar, mədəni sürücülər. Kaş ki bir az gənc olardım və daha əvvəl gələrdim bura, qalan ömrümü bu təmiz diyarda və dürüst insanların arasında keçirərdim. İnşallah, yenidən gəlmək bir daha qismət olar.
Necla Aslan – müəllim: – Naxçıvan gördüyüm ən gözəl türk şəhəridir. Çoxmərtəbəli olmayan binaları, təmiz memarlığı məni çox heyrətləndirdi. Qonaqpərvər insanları ilə seçilən, ən önəmlisi də, tarixinə sahib, keçmişinə sadiq bir şəhərdir. Yaşamaq istədiyim şəhərdir. Bu gəzintimizdə tanıdığım insanlara minnətdaram, güman edirəm, yenə gələcəyəm.
Zühal Gedikoğlu – təqaüdçü: – Mən də Naxçıvanı çox sevdim. Təmiz, insanları hörmətcil, qonaqpərvərdirlər, tarixinə sahib çıxmağı ­bacarırlar.
Göksenin Cakmak – sənətçi: – İndiyə qədər gördüyüm ən təmiz və gözəl şəhərdir. Tarixinə sahib çıxan və qoruyan bir şəhər. Cəmiyyət olaraq qonaqlarına hörmətlə yanaşmaq işində də nümunədirlər. Məncə, gedib yaşanılacaq ideal bir şəhərdir. Naxçıvana salam və sevgilərlə...

“Nuhçıxan” İnformasiya Agentliyi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR