“XXI əsrin astanasında dünya azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac vardır”. Ümummilli lider Heydər Əliyevin bu müdrik fikri dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Yeni Azərbaycan Partiyası müəssisədənkənar ərazi ilk partiya təşkilatının keçirdiyi “Dünya azərbaycanlılarının həmrəyliyi: ideyadan gerçəkliyə” adlı konfransda səsləndirilib. Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki xidmətlərindən danışıb. Qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva “Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi ideyası”, həmin institutun əməkdaşı Elnur Kəlbizadə “Azərbaycançılıq milli məfkurə kimi” mövzularında məruzə ediblər. Çıxışlarda qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və dünya azərbaycanlılarının vahid ümummilli ideologiya – Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, 1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı ağır bir dövrdə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev ölkəni parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarmış, Azərbaycançılığı nəinki Azərbaycan dövlətinin dövlətçilik konsepsiyasına, hətta bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəldə bilmişdir.
Konfransda çıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov bu gün də xalqımızın – dünya azərbaycanlılarının ümummilli ideallar ətrafında, Azərbaycan dövləti ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb.
Konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

 

Xəbərlər şöbəsi