06 Dekabr 2019, Cümə

  Kültəpə qədim yaşayış məskəni kimi təkcə ölkəmizin deyil, hətta Cənubi Qafqazın tarixşünaslıq elmində də məxsusi yerə malikdir. Hələ Sovetlər Birliyi dönəmində, daha dəqiq desək, ötən əsrin 50-60-cı illərində arxeoloq Osman Həbibullayev tərəfindən aparılan arxeoloji qazıntılar zamanı mühüm materiallar əldə edilmişdir. Amma bir kəndin, bir ölkənin zəngin keçmişi, dünya tarixindəki rolu bizi milli kimliyimizdən, yaddaşımızdan, mədəniyyətimizdən uzaq salmağa çalışan ovaxtkı imperiyanın heç də marağında deyildi.

Sinəsində ulu keçmişimizi, əcdadlarımızın izlərini yaşadan bu yerdə tarixi düyünlərin açılmasına, tariximizə güzgü tutulmasına ehtiyac var idi. Kültəpə kəndi, bu qədim yaşayış məskəni ilə bağlı əsaslı elmi araşdırmalar, arxeoloji tədqiqatlar, bu barədə yeni nəşrlərin hazırlanması müstəqillik illərinə təsadüf edir. Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası tərəfindən kənddə bir neçə dəfə tədqiqat və qazıntı işləri aparılıb, yeni maddi mədəniyyət nümunələri aşkar edilib. Müəyyən olunub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir və burada insanlar eradan əvvəl VII minilliyin ortalarında məskunlaşıblar. Yaşayış yerindən tapılan mis ərintiləri və ocaqlar isə Naxçıvanı Cənubi Qafqazda ən qədim metallurgiya mərkəzlərindən biri kimi tanıdıb. Kültəpənin tarixi barədə son illər neçə-neçə televiziya filmi çəkilib, məqalələr hazırlanıb, yeni kitablar işıq üzü görüb. Bu gün isə həmin yurd yerinin tarixi ilə bərabər, kənddə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə həyata keçirilən işlər – kəndin inkişaf, müasirlik, abadlıq tarixi barədə yazılmalı, deyilməli çox söz var. Kültəpə artıq müasir görkəmi ilə yaddaşlarda iz buraxmaqda, inkişafı ilə “öyünməkdədir”. Bir kəndin, qəsəbənin, şəhərin keçmişinə ekskursiya etməklə bugünkü vəziyyətini daha yaxşı görmək olar. 

Kültəpə məktəbinin dünənindən yola çıxaraq qeyd edim ki, ötən əsrin 60-70-ci illərinə kimi kənddə dördillik məktəb fəaliyyət göstərib. Yəni təhsilini başa vurmaq arzusunu gerçəkləşdirmək istəyənlər mütləq qonşu Kərimbəyli kəndinə üz tutmalı olublar. Kənd tam orta məktəbinin tarix müəllimi Nadir İsgəndərov deyir: – Sovetlər Birliyi dönəmində hər 5-10 ildən bir məktəb tikintisi aparılırdı. Amma bu gün Naxçıvanda hər il hansısa kənddə abadlıq-quruculuq işlərinin getdiyini eşidirik, yeni inzibati binaların açılışlarına şahidlik edirik. Təkcə Babək rayonunda 36 ümumtəhsil məktəbi var və onların hər birində yaxşı şərait yaratmaq, müasir tədris imkanlarını təmin etmək heç də asan başa gəlməyib. Bizim kəndimizdə də müasir təhsil ocağı istifadəyə verildi və bununla da Babək rayonunda məktəb tikintisi, demək olar ki, yekunlaşmaq üzrədir. Bu, özlüyündə mühüm bir faktdır. Qurub-yaradanlara minnətdarıq.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Jalə Sadiqova­nın fikirləri də maraqlıdır. Gənc müəllim deyir ki, ötən tədris ilində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda yüksək nəticə göstərmişəm və ikinci ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Əvvəla, fürsətdən istifadə edib müəllimlərin işə qəbulu zamanı təmin olunan şəffaflığa görə öz minnətdarlığımı bildirirəm. Daha bir minnətdarlıq borcum isə yeni məktəb binasına görədir. Yenidənqurmadan öncə bu məktəbdə işləyən biri kimi deyə bilərəm ki, istifadəmizə verilən təhsil ocağı yeni tədris ilində, Beynəlxalq Müəllimlər Günü ərəfəsində Ali Məclisin Sədri tərəfindən pedaqoji kollektivə bəxş edilən ən böyük hədiyyədir.
Əhalisi Naxçıvançay boyunca məskunlaşan Kültəpə aran kəndidir və burada da əkinçilik, heyvandarlıq, arıçılıq yaxşı inkişaf edib. Ümumiyyətlə, kəndin bərəkətli torpaqları kimi, zəhmətkeş təsərrüfat sahibləri də var. Xatırladaq ki, 2016-cı ildə Ali Məclis Sədrinin iştirakı ilə Kültəpə və Kərimbəyli kəndlərində torpaqları suvarma suyu ilə təmin etmək, su itkisinin və şoranlaşmanın qarşısını almaq məqsədilə yeni suvarma şəbəkəsi istifadəyə verilib. Bunun nəticəsində həmin kəndlərin 565 hektar torpaq sahəsində suvarma imkanları yaxşılaşdırılıb, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Bununla kənddə yeni meyvə bağı salanların da sayı artıb. Məsələn, dörd hektar sahədə yeni meyvə bağı salan Vasif Cəfərov deyir ki, illər öncə suvarmanı “Sirab arxı” adlandırdığımız kanal vasitəsilə min bir çətinliklə təmin edirdik. Bir neçə il bundan öncə istifadəyə verilən suvarma şəbəkəsi Heydər Əliyev Su Anbarının sol sahil kanalından qidalanır və el dili ilə desək, əkin sahələrimizi “tutur”. Kəndlinin istədiyi sudur, torpaqdır, yaxşı yaşayışdır ki, bunların da hamısı təmin edilib. Digər tərəfdən, sosial qayğılarımız da həll olunub. Məsələn, dövlət yeni xidmət mərkəzi tikməklə deyir ki, alış-veriş etmək üçün daha əvvəlki kimi qonşu Kərimbəyli kəndinə getmə. Müasir kənd mərkəzini tikməklə dövlət orqanlarında çalışanlar üçün yaxşı iş şəraiti yaradır, ambulatoriyada tibbi xidmət təşkil edir. Ən əsası illər uzunu hamımızın qayğısına çevrilən yol problemimiz də həllini tapıb. Doqquz kilometrlik yolu yenidən qurmaq, asfalt örtük vermək təkcə kültəpəlilərin deyil, bura gələn qonaqların, ətraf kənd­lərin, ümumiyyətlə, yolu bu tərəfdən düşən hər kəsin duasını, rəğbətini qazanmaq deməkdir.
Kültəpədəki mövcud olan ailə təsərrüfatlarının istehsal etdikləri məhsullar da muxtar respublika səviyyəsində tanınır və yaxşı alıcı qüvvəsi var. Onlardan biri də “Gündüz” süd məhsullarının istehsalı sahəsidir. Burada 250 və 500 qramlıq taralarda qatıq və ayran hazırlanır. Sahibkar Gündüz Məmmədov deyir ki, 2015-ci ildə 26 min manat dövlət maliyyə dəstəyi aldıq və yeni bir istehsal sahəsi yaratdıq. Avadanlıqları qonşu ölkələrdən alsaq da, taraları Nehrəm kəndindəki “Xalaoğlu” kəndli-fermer təsərrüfatından əldə edirik. Orada plastik taraların istehsalı sahəsi yaradılıb. Müəssisəmizdə 3 daimi işçi çalışır. Xammalı isə öz təsərrüfatımızdan əldə edirik. 20-yə yaxın iribuynuzlu mal-qaramız var. “Ailə təsərrüfatları ili”ndə məhsul çeşidlərimizi artırmağa nail olmuşuq.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Kamal Ağayev bizi zəhmətkeş təsərrüfatçı Mənsur Cəfərovun yaratdığı “Nəriman” lavaş sexi ilə tanış etdi. Öyrəndik ki, 6 nəfərin daimi iş yeri olan bu istehsal sahəsi 2005-ci ildə 8 min manat dövlət maliyyə dəstəyi hesabına qurulub. Sahibkar deyir ki, ötən il daha 10 min manat vəsait sərf edib çörək sexi üçün yardımçı binalar tikmişəm, çörəyi yerlərə çatdırmaq üçün avtomobil almışam.
Kültəpə kəndində qurulub-yaradılanlar təkcə Babək rayonunun deyil, ümumilikdə, qədim Naxçıvan torpağının son illərdə qazandığı nailiyyətləri, uğurları, sosial-iqtisadi inkişaf tempini xarakterizə edir. Bu yerdə məşhur ingilis yazıçısı Daniel Defonun “Robinzon Kruzo” romanı yada düşür. Romanda adam yaşamayan adaya düşmüş insanın 28 il ərzində təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlü­lüyü, yaradıcı əməyi tərənnüm olunur. Eynilə qədim Naxçıvan və naxçıvanlılar da ağır blokadanın yaratdığı çətinliklərə sinə gərərək bu mübarizədə qalib çıxıblar. Naxçıvan Vətən torpağını dərindən sevən, elinə-obasına qəlbən bağlı olan insanların fədakar əməyi sayəsində yenidən ucalıb, bugünkü tərəqqisinə qovuşub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qədim diyarın inkişaf mexanizmlərini elə dəqiqliklə işləyib hazırlayıb ki, bu gün Babək rayonunun da yaşayış məntəqələrinin 90 faizindən çoxu abadlaşdırılıb. Rayon muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində başdan-başa yenidən qurulub.

P. S.Yuxarıda Kültəpə kəndində istifadəyə verilən yeni sosial obyektlərin əvvəlki fotolarını təqdim edirik. Gəlin fərqi biz yox, fotokadrlar özü müqayisə etsin...

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin
redaktoru

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR