23 Oktyabr 2019, Çərşənbə

Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində növbəti payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirələrdə ­aidiyyəti qurumlar qarşısında müəyyən vəzifələr qoyulur, həmin vəzifələrin icrası diqqət mərkəzində saxlanılır, əhalinin mövsümü problemsiz başa vurması üçün məqsədyönlü tədbirlər görülür.

Ordubad rayonunda da bu istiqamətdə görülən işlər az deyil. Bu sırada rayonun Qaz İstismar İdarəsi kollektivinin də fəaliyyəti diqqəti çəkir. İdarə bölgə əhalisini və rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları fasiləsiz və təhlükəsiz təbii qaz ilə təmin etmək üçün yaradılmış şəraitdən səmərəli istifadə edir. Qeyd edək ki, rayon üzrə 2019-cu ilin yanvar-avqust ayları ərzində qaz ilə təchiz edilmiş əhali abonentlərinin sayı 10384 olub. Həmçinin 122 dövlət müəssisəsi və 208 özəl müəssisə qazdan istifadə edir. Bəhs edilən dövr ərzində daxil olmuş 712 çağırışa vaxtında gedilib.
Rayon ərazisində fəaliyyət göstərən müəssisələrdə qazla işləyən qazanxana və kombi cihazlarının normal fəaliyyət göstərməsi üçün lazım olan bütün tədbirlər görülüb. Kənd, şəhərdaxili və magistral qaz xətlərində, həmçinin yeraltı keçidlərdə qaz sızmalarının qarşısının alınması məqsədilə qaz xətlərinin qazarama detektorları vasitəsilə yoxlanılması işi həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində 738 qaz sızması aşkarlanaraq qarşısı alınıb, payız-qış mövsümündə belə halların baş vermə­məsi üçün tədbirlər görülüb.
Rayonun Vənənd kəndində aparılan yeni obyektlərin qazlaşdırılması istiqamətində görülən işlər sürətlə davam etdirilir. Digər yaşayış məntəqələrində yol tikintisi, quruculuq işləri ilə əlaqədar olaraq maneçilik törədən qaz xətləri yenidən çəkilərək müasir tələblərə cavab verən vəziyyətə gətirilib, ümumilikdə, 12055 paqonometr boru korroziyaya uğradığı üçün yenilənib. 11744 paqonometr dəmir, 311 paqonometr polietilen borudan istifadə edilib. İstismarda olan 133 qazpaylayıcı şkafda ortaya çıxan nasazlıqlar aradan qaldırılıb.
Baş verə biləcək qəzaların və itkilərin qarşısını almaq üçün də profilaktik tədbirlər görülüb. 159 qaztənzimləyici şkafa, 163 siyirtməyə texniki baxış keçirilərək onların normal fəaliyyəti təmin olunub.
Sayğaca müdaxilənin qarşısının alınması məqsədilə mühafizə qutusu quraşdırılması diqqət mərkəzində saxlanılıb, 1162 ədəd sayğaca mühafizə qutusu qoyulub.
Yeni tikilmiş mənzillərin qazlaşdırılması ilə əlaqədar bir sıra işlər görülüb. 32 mənzilə yeni qaz xətti çəkilib. Qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunmasına da ciddi önəm verilir. Bunun ifadəsidir ki, Ordubad Texniki Peşə və Sürücülük Məktəbinə qaz çilingəri kursuna cəlb olunan 14 işçi sertifikat alıb.
Rayon Elektrik Şəbəkəsi də qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşır. 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planında yerinə yetirilməsi nəzərdə tutulan işlər davam etdirilir. Bu məqsədlə rayon ərazisində olan 35/10 və 35/0,4 kilovoltluq transformator yarımstansiyalarına baxış keçirilib və aşkar edilən qüsurlar aradan qaldırılıb. 10/0,4 kilovoltluq transformator yarımstansiyalarında da işlər aparılır. 110/35/10 kilovoltluq yarımstansiyanın əks torpaqlamanın müqaviməti gücləndirilib.
2019-cu il ərzində 26 abonentə elektrik sayğacı quraşdırılıb. 600 metr uzunluğunda yeni 0,4 kilovoltluq enerjiverici xətti çəkilib.
Ötən dövr ərzində 44-ü 10 kilovoltluq hava xəttinə, 50-si isə 0,4 kilovoltluq hava xəttinə olmaqla, ümumilikdə, 94 dayaq basdırılıb, 16 transformator yarımstansiyası əsaslı təmir edilib.
Ordubad şəhərinə yeni magistral yolun çəkilişi ilə bağlı 10 kilovoltluq dayaqların yerləri dəyişdirilib, 10 dəmir opor basdırılıb. Vənənd kəndində quruculuq və abadlıq işləri ilə əlaqədar olaraq 10 kilovoltluq enerjiverici xəttin trassının dəyişdirilməsi üçün 23 yeni dayaq basdırılıb, yeni 10 kilovoltluq enerjiverici xətti çəkilib. 3 transformator yarımstansiyasına yenitipli qapalı şit qoyulub. Elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə çatdırılması üçün 0,4 kilovoltluq hava xəttində 2000 metr məsafədə məftillər yeni kabellərlə əvəz olunub, bu sahədə işlər davam etdirilir.
Anaqut kəndində yeni tikilən məscidə çəkilən yola mane olan 10 kilovoltluq dayaqların yerləri dəyişdirilib, 9 yeni 10 kilovoltluq və 0,4 kilovoltluq dayaq yenilənib.
Texniki itkinin aşağı salınması istiqamətində də xeyli iş görülüb. Böyük gücə malik transformatorlar aşağı güclü transformatorlarla əvəz olunub, 0,4 kilovoltluq hava xəttində 3500 metr istismar müddəti başa çatmış məftillər dəyişdirilib. Vətəndaşların özləri tərəfindən çəkilmiş 14 ədəd qeyri-standart dayaqlar standart dayaqlarla əvəz olunub.
Rayon Rabitə İdarəsi də payız-qış mövsümünə ciddi hazırlaşır. İdarə 35 ATS olmaqla, 8361 abonentə xidmət göstərir. ATS-in 32-si kənd, 3-ü isə Ordubad şəhərini əhatə edir. ATS-dən 7-si açıq havada quraşdırılıb. Payız-qış mövsümünə hazırlıqla əlaqədar generatorlar, stabilizatorlar, gərginlik releləri saz vəziyyətə gətirilib, yanacaq ehtiyatı yaradılıb. Rayonun Düylün və Vənənd ATS-nin generatorları təmir olunaraq ATS-ə qoyulub. Düylün kəndində ATS-in gərginlik relesi təmir edilərək dövriyyəyə qoşulub.
Üstüpü, Məzrə kəndləri arası 1800 metr məsafəyə kabel salınıb. Dəstə kəndində 3 dayaq basdırılıb, 250 metr məsafədə kabel salınıb. Rayon mərkəzinin Heydər Əliyev prospektində də bu tədbirlər həyata keçirilib.
İ.Əbilov küçəsində 2 dayağın yeri dəyişdirilib. Aşağı Əylis kəndində 300 metr məsafədə müxtəliftutumlu kabellər istifadədən çıxarılıb, 3 dayaq başqa yerə köçürülüb.
Tivi kəndində 250 metr məsafədə 30x2 kabel yenisi ilə əvəz edilib. Xanağa kəndindən Vənənd kəndinədək olan məsafədə 3 dayaq basdırılıb. Yol tikinti işlərinin aparıldığı ərazidə 15 dayaq başqa yerə köçürülüb.
Qarşıdakı aylarda Vənənd ATS-nin yeni binaya köçürülməsi nəzərdə tutulur. Bunun üçün hazırlıq işləri aparılır.
Görülmüş və görüləcək işlər belə deməyə əsas verir ki, müvafiq təşkilatlar qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə ciddi önəm verirlər. Bu isə Ordubad rayonunda mövsümün uğurla başa çatacağına əminlik yaradır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR