23 Oktyabr 2019, Çərşənbə

İqtisad elmləri doktoru, professor Nazim Əhmədovun “Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” adlı monoqrafiyası çapdan çıxıb. Müəllif 30-cu kitabını Naxçıvanın muxtariyyətinin 95 illiyinə həsr edib. Ümumilikdə isə onun kitablarının 14-ü Naxçıvanın iqtisadiyyatı barədədir. Yeni monoqrafiya ümummilli liderimiz Heydər Əliyevin, ölkə Prezidenti cənab İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası haqqında fikirləri ilə başlayır. 

Monoqrafiya 3 bölmə, 7 fəsildən ibarətdir. Ali Məclis Sədrinin: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar” qənaəti monoqrafiya boyu öz təsdiqini tapır.
Yeni nəşrdə müəllif “Naxçıvan iqtisadiyyatının inkişaf tarixindən” adlı bölməsində qədim zamanlardan XX əsrin axırlarınadək (1990-cı ilə qədərki dövr) olan dövrlərdə muxtar respublikada iqtisadi inkişafın canlı mənzərəsini yarada bilib. Bəhs olunan dövrlərdə bu iqtisadiyyatın əsasını təşkil edən əkinçilik, heyvandar­lıq, ticarət və sənətkarlığın mühüm rol oynadığı zəngin faktlarla oxucu­lara təqdim olunur. Müəllif bildirir ki, burada ticarətin geniş inkişafı, hər şeydən əvvəl, Naxçıvanın uzun müddət Avropa və Asiyanı birləşdirən böyük karvan yolu üzərində yerləşməsi idi.
İkinci bölmə “Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı müstəqillik illərində” adlanır. Bu bölmədə müəllif XX əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürüyən iqtisadi böhran və onun aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən ətraflı bəhs edir. 90-cı illərin ortalarında makroiqtisadi sabitliyin təmin olunması və sənayedə yeni inkişaf mərhələsinin başlanmasını diqqətə çatdırır. Müəllif yazır ki, aparılan təhlillərə görə, ötən 20 il ərzində muxtar respublikada əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 2015-ci ildə 56,4 dəfə artaraq, təqribən, 2 milyard 467 milyon manat təşkil edib. Hər bir nəfərə düşən daxili məhsul istehsalının artımı da statistik rəqəmlərlə müqayisəli şəkildə oxucuların diqqətinə çatdırılır.

Monoqrafiyada muxtar respublikada aqrar islahatların kənd təsərrüfatının inkişafında həlledici rolundan da bəhs olunur, Azərbaycanda ilk dəfə olaraq əsası Naxçıvanda qoyulan aqrar islahatlar və bu islahatların həmin sektorun inkişafına təkan verməsi öz əksini tapıb.
Bu bölmədə müəllif qazanılan müvəffəqiyyətləri Ali Məclis Sədrinin sərəncamları ilə təsdiq olunan müxtəlif dövlət proqramlarının vaxtında və uğurla icrası ilə əlaqələndirir və bunu real faktlarla qeyd edir. Bu qənaətə gəlinir ki, 1992-ci ildən başlayaraq aparılan islahatlar nəticəsində muxtar respublika aqrar regiondan aqrar-sənaye regionuna çevrilib.
Yeni elmi nəşr Naxçıvan iqtisadiyyatının inkişafında nəqliyyatın həlledici olması ilə bağlı maraqlı qənaətlərlə diqqət çəkir. Müəllif bu fəsildə muxtar respublikada dəmiryollarının çəkilməsinə başlanılmasında çətinliklərdən danışır, dəmir yolunun inkişafında ulu öndərin fəaliyyəti, bu inkişafın Prezident cənab İlham Əliyev tərəfindən davamlı xarakter almasının təmin edilməsini statistikanın dili və elmi izah ilə təqdim edir. Müəllif avtomobil nəqliyyatının inkişafının muxtar respublikanın daxili və xarici əlaqələrində mühüm rolundan danışır, qeyd edir ki, hava nəqliyyatı blokada şəraitində yaşayan Naxçıvan üçün hava və su kimi lazım idi.
“Naxçıvan Muxtar Respublikasının su və mineral xammal ehtiyatları, ərazi təhlükəsizliyi və turizmin inkişafı” adlı üçüncü bölmədə həyata keçirilən meliorasiya-irriqasiya tədbirləri, muxtar respublikanın kəhrizləri, subartezian quyuları və mineral xammal ehtiyatları barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, əsl tikinti meydançasını xatırladan muxtar respublikada son illər artezianların vurulması inşaat işlərinin tərkib hissəsinə çevrilib.
Adıçəkilən bölmədə muxtar respublikada ərzaq təhlükəsizliyinin həlli istiqamətləri barədə də danışılır. Müəllif iqtisadi təhlükəsizlik sistemi kontekstində ərzaq təhlükəsizliyinin yeri və rolundan bəhs edib. Vurğulanır ki, bu məsələnin muxtar respublikada öz həllini tapması diyarımızda sosial-iqtisadi inkişafın dinamik xarakter aldığının göstəricisidi.
Nazim Əhmədov monoqrafiyada turizm və muxtar respublikada bu sahənin inkişaf perspektivlərindən də bəhs edir. Müəllif diqqətə çatdırır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” bu sahədə fəaliyyətin güclənməsinə stimul olub.
Monoqrafiyada muxtar respublikanın gəzməli-görməli yerləri, füsunkar təbiəti, tarixi-memarlıq və təbiət abidələri barədə geniş məlumat verilir, son illərdə bir neçə abidədə aparılan yenidən­qurma işlərinin turizmin inkişafında böyük rolu olduğu diqqətə çatdırılır. Müəllif yazır: “Naxçıvanın zəngin tarixi­-mədəni abidələrə malik olması, muxtar respublika ərazisində xalqın yaddaşında adları ilə tarixi­ləşən, əbədiləşən, bəziləri isə əfsanələşən hikmət və şəfa qaynaqlı təbii ehtiyatları öz nadirliyi ilə seçilir ki, bu da rekreant turistlərin cəlb olunmasına əhəmiyyətli təsir göstərir. Qədim yaşayış məskənləri, nadir təbii və tarixi memarlıq abidələrinin zənginliyi, bu qədim diyarın özünə­məxsus orijinal və ekoloji cəhətdən saf və təkrarolunmaz təbiəti turizmin inkişafına imkan yaradan amillərdir”.
Son illər muxtar respublikanın bütün bölgələrində istifadəyə verilən təhsil, mədəniyyət, səhiyyə, rabitə obyektlərinin, yeni yolların və körpülərin, həmçinin digər ünvanların şəkillərinin kitabda özünə yer alması monoqrafiyanın dəyərini bir qədər də artırır.
Muxtar respublikanın 95 illik yubileyinə qiymətli hədiyyə olan, geniş oxucu kütləsinin də istifadə edə biləcəyi yeni nəşr müəllifin çox­illik fəaliyyətinin nəticəsidir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR