11 Noyabr 2019, Bazar ertəsi

Bu gün “Trend” beynəlxalq informasiya agentliyinin mətbuat mərkəzində “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə aparıcı eskpertlər, diplomatlar, akademik və işgüzar dairələrin nümayəndələri, habelə KİV təmsilçiləri iştirak ediblər. konfransın təşkilatçıları “Baku Network” Beynəlxalq Ekspertlər Şurası (Azərbaycan), Müasir Türkiyənin Öyrənilməsi Mərkəzi (Rusiya) və Rusiya Araşdırmaları İnstitutudur (Türkiyə).

“Trend” beynəlxalq informasiya agentliyinin baş direktorunun müavini, “Baku Network” Beynəlxalq Ekspertlər Şurasının direktoru Elxan Ələsgərovun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan, Rusiya və Türkiyənin aparıcı ekspertləri üç mühüm istiqamət üzrə ümdə məsələləri müzakirə edib, üçtərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri barədə öz təsəvvürlərini şərh edib, mövcud problemlərin həllinə dair tövsiyələr veriblər.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Məsələləri Şurasının üzvü Məsut Haqqı Caşin Azərbaycan, Rusiya və Türkiyə arasında həm siyasi sferada, həm də iqtisadiyyatın müxtəlif sahələrində üçtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün ciddi potensial mövcud olduğunu vurğulayaraq deyib: “Bu gün ölkələrimiz iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən energetika sferasında uğurla qarşılıqlı fəaliyyət göstərir, müştərək layihələri həyata keçirirlər. Bu layihələrin təhlükəsizliyinin əsas qarantları dövlətlərimizin liderləridir. Energetika sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir və Avropanın enerji xəritəsini məhz bu ölkələr tərəfindən formalaşdırılması üçün şərait yaradır”.

Rusiyalı politoloq, “Siyasi Araşdırmalar İnstitutu” qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov qeyd edib ki, ölkələrimizi çoxəsrlik ənənələr, möhkəm dostluq və əməkdaşlıq telləri bağlayır, dövlətlərimiz arasında qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyan münasibətlər mehriban qonşuluq, bir-birinin mənafelərinə hörmət prinsiplərinə əsaslanır. Məşhur politoloq vurğulayıb ki, üç ölkənin dövlət başçıları arasında səmimi yüksək etimada əsaslanan münasibətlərin səviyyəsi qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır. S.Markov Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli əməkdaşlığının daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib, çünki “əməkdaşlıq üçbucaqları” bugünkü geosiyasətdə çox aktualdır və dünya siyasətinin inkişafının strateji istiqamətini ifadə edir.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov və digər ekspertlər də tədbirdə çıxış ediblər. Onlar qeyd ediblər ki, “Azərbaycan-Rusiya-Türkiyə” beynəlxalq ictimai platformasının yaradılması iqtisadi sahədə əməkdaşlıq, nəqliyyat və enerji layihələrinin inkişafı, regional təhlükəsizliyin təmin edilməsi üçün yeni imkanlar açan üç ölkə arasında konstruktiv siyasi dialoqun nəticəsidir.

Diqqətə çatdırılıb ki, Yaxın Şərq ölkələrində, Cənubi Qafqazda və Xəzər - Qara dəniz regionunda baş verən hadisələr Azərbaycan, Rusiya və Türkiyəni üçtərəfli əməkdaşlığı daha da möhkəmlətməyə yönəldir. Qeyd edilib ki, budəfəki konfrans daha əvvəl Sankt-Peterburqda və Ankarada keçirilmiş, mediada böyük əks-səda doğurmuş və üç ölkənin ictimaiyyəti səviyyəsində yüksək qiymətləndirilmiş üçtərəfli formatda ekspert görüşlərinin davamıdır.

Beynəlxalq konfransın sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

AZƏRTAC

 

 

 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR