23 Noyabr 2019, Şənbə

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursunda təhsil alan tələbələrlə “Gələcəyə doğru” layihəsi çərçivəsində görüş olub. Naxçıvan Muxtar Respublikasının Gənc­lər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdikləri görüş Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilib.

Tədbirdə çıxış edən Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov bildirib ki, dövlət gənclər siyasəti ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi­-mədəni həyatında fəal iştirak edirlər. Bu gün muxtar respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, onların milli ruhda və hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir.
“Muxtar respublikamızda hər zaman diqqətdə saxlanılan məsələlərdən biri də gələcək nəslin təhsilli yetişdirilməsidir”, – deyən Azad Cabbarov vurğulayıb ki, hazırda diyarımızda əhalinin 140 min nəfərdən çoxunu, yaxud 30 faizini 14-29 yaşda olan gənclər təşkil edir. Onların yüksək səviyyəli təhsillə təmin olunmaları məqsədilə 200-dən çox ümumtəhsil məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 26 uşaq musiqi məktəbi, 5 peşə məktəbi əsaslı təmir edilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bu gün muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri müasir standartlara cavab verir.
Qeyd edilib ki, muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası da xeyli möhkəmləndirilib. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 40 minə yaxın yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar. Hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, 7 Uşaq-gənclər şahmat məktəbi, 9 Uşaq-gənclər idman məktəbi, Atıcılıq Mərkəzi və digər idman obyektləri tikilərək istifadəyə verilib.
Nazir diqqətə çatdırıb ki, gənclər yaradılan şəraitə və onlara göstərilən qayğıya cavab olaraq dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməlidirlər.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi Anar İbrahimov partiyanın cəmiyyətimizdəki mövqeyi və siyasi sistemdəki rolu, Naxçıvan Muxtar Respublika Təşkilatı, yerlərdəki qurumlarının fəaliyyəti barədə tələbələrə məlumat verib. Qeyd edilib ki, ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının əsas ideoloji istiqamətləri – qanunçuluq, Azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət və müstəqil dövlətçilik prinsipləri real və işlək bir sistem yaratdığı üçün bu gün partiya ətrafında 742 mindən çox Azərbaycan vətəndaşı birləşib. Bu gün Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 55 min 954 üzvü var və onların 42 faizə yaxını gənc, 3262 nəfəri isə tələbədir.
Anar İbrahimov vurğulayıb ki, muxtar respublikada həyata keçirilən hər bir tədbir, təşəbbüs, siyasət bu partiyanın adı ilə bağlıdır. Bu gün muxtar respublikanın parlamentində Yeni Azərbaycan Partiyasının 41 üzvü, bələdiyyələrin isə mütləq əksəriyyətində partiya üzvləri təmsil olunurlar. Yeni Azərbaycan Partiyası həm də siyasi bir məktəbdir. Məqsədimiz bu potensialdan istifadə edərək muxtar respublikamız, ölkə­miz üçün gələcək nəsil vətəndaşını yetişdirmək, eyni zamanda gənclərlə bir yerdə olmaqdan ibarətdir.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasının II kurs magistrantı, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tyutoru Tural Məmmədzadə çıxışında bildirib ki, göstərilən diqqət və qayğıya cavab olaraq bugünkü gənc­lik öz üzərində çalışmalı, yüksək səviyyədə təhsil almağa səy göstərməlidir.
Tədbirdə muxtar respublikada həyata keçirilən gənclər siyasəti ilə bağlı slayd və Naxçıvan televiziyasının hazırladığı qısametrajlı film nümayiş etdirilib.
Daha sonra muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənc­lər təşkilatları arasında “İntellekt döyüşü” adlı layihə çərçivəsində keçirilən “Xəmsə”, “Poliqon”, “Axtar tap” və “Nə? Harada? Nə zaman?” intellektual oyunların qalibi olan komandalar mükafatlandırılıb.
Görüş Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının rəngarəng musiqi nömrələri ilə davam edib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR