14 Noyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan­şünaslıq Mərkəzində “Akademik İsa Həbibbəyli alim və ictimai xadim kimi” mövzusunda açıq dərs keçilib.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən akademik İsa Həbibbəylinin 70 illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbələrinin iştirakı ilə açıq dərs keçilir.

Bildirilib ki, ölkəmizin ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan torpağı tarixin müəyyən dövrlərində böyük şəxsiyyətlər yetişdirib. Belə görkəmli şəxsiyyətlərdən biri, alim və ictimai xadim İsa Həbibbəylidir. Onun dövlətçiliyimizin möhkəmləndirilməsində, Azərbaycançılıq ideologiyasının təbliğində, elm və təhsilin inkişafında xidmətləri misilsizdir.
Azərbaycan Respublikasının Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin elmi-ədəbi və ictimai-siyasi fikrin inkişafında böyük xidmətlərindən danışıb.
Qeyd edilib ki, hər zaman dərin biliyi, peşəkarlığı, yüksək elmi, intellektual səviyyəsi, böyük vətəndaşlıq mövqeyi ilə fərqlənən İsa Həbibbəyli elmi yaradıcılığının çox hissəsini doğma diyarına həsr edib, Naxçıvanda elm və təhsilin, ədəbiyyat və mədəniyyətin inkişafına xidmət edib. O, hələ tələbəlik illərindən həm elmi, həm də ictimai sahədə ilk uğurlu addımlarını atıb. Bir-birindən məsul vəzifələrə irəli çəkilsə də, elmi fəaliyyətini yüksək səviyyədə və dolğun şəkildə davam etdirib.
Vurğulanıb ki, akademik İsa Həbibbəyli, ilk növbədə, tanınmış pedaqoq, elm təşkilatçısıdır. Görkəmli ictimai xadimin ömrünün böyük bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlı olub. 20 ilə yaxın bir müddətdə bu universitetin rektoru olub, universitetin inkişafında, ölkəmizdə və dünyada tanınmasında böyük rol oynayıb. Elmlə ideologiyanı, siyasi baxışları sintez edən, hadisələrə obyektiv münasibət bildirən alimin yaradıcılığının ana xəttini ümummilli liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ideyaları təşkil edir.
Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadə yaradıcılığının böyük tədqiqatçısı çoxsaylı monoqrafiya, kitab, elmi məqalə, publisistik yazıların müəllifi, görkəmli alim İsa Həbibbəyli əsl elm fədaisidir. Əsərləri Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, rus, türk, ərəb, fars, urdu, bolqar və macar, litva və sair dillərdə çap olunan, beynəlxalq aləmdə də tanınan böyük ziyalı İsa ­Həbibbəyli respublikamızı, elmimizi xarici ölkələrdə də ləyaqətlə təmsil edir. Elmi fəaliyyəti və xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilən alim “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri, bu günlərdə isə dövlət başçısının sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hüseyn Həşimli akademik İsa Həbibbəylinin Azərbaycan filologiyasına yeni nəfəs gətirən böyük alim, bugünkü elmimizə istiqamət verən tədqiqatçı, xalqına və dövlətinə sədaqətlə xidmət edən, ictimai-siyasi xadim kimi gənc nəslə örnək olduğunu vurğulayıb.
Sonra tədbir iştirakçıları akademik İsa Həbibbəylinin kitablarından ibarət sərgi ilə tanış olublar.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR