14 Noyabr 2019, Cümə axşamı

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında Naxçıvan Muxtar Respublikası da təmsil olunub.

İclasda hər iki ölkədən komitənin həmsədrləri, səfirlər, diplomatlar, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi, eləcə də qardaşlaşmış şəhərlərin mer və mer müavinləri iştirak ediblər. İclasda yeni qardaşlaşacaq şəhərlərdən söz açılıb.
Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan haqqında ətraflı məlumat verərək onun Nuhun vətəni, bəşəriyyətin beşiyi olduğunu bildirib. Naxçıvanın tarixindən, coğrafiyasından danışaraq onun antik və orta əsrlər dövrü maddi mədəniyyət nümunələri, tarixi və təkrarsız təbiət abidələri ilə zəngin olduğunu diqqətə çatdırıb. Bildirib ki, uzun illərdir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda inkişafa nail olunub, enerji və ərzaq təhlükəsizliyi təmin edilib. Müasir infrastruktur yaradılıb. Çıxışda geniş turizm potensialına toxunulub, vurğulanıb ki, qədim diyarın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mövcud sabitliyi, ekoloji cəhətdən təmiz qida məhsulları burada turizmin bir çox növünün inkişafına zəmin yaradıb. Naxçıvandakı səhiyyə turizminin inkişafı sahəsində mövcud infrastrukturlar – Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi, dərman bitkiləri, “Badamlı” və “Sirab” kimi təbii müalicəvi süfrə suları, eləcə də təktanrıçılıq abidəsi olan Əshabi-Kəhf hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə turisti cəlb edir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa arasında iqtisadi-ticarət, təhsil, mədəniyyət və elm sahələrində səmərəli əməkdaşlıqdan söz açan daimi nümayəndəliyin rəhbəri Fransada keçirilmiş bir sıra beynəlxalq iqtisadi sərgilərdə Naxçıvan şirkətlərinin də iştirak etdiyini vurğulayıb.

Qeyd olunub ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilib, həmin il Azərbaycanın Gənclər Paytaxtı seçilib. Eyni zamanda 2018-ci ildə Naxçıvanda “Avropa günləri” keçirilib, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları muxtar respublikada səfərdə olublar. 2006-cı ildən muxtar respublikada Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Aparılan araşdırmaların nəticələri müxtəlif beynəlxalq jurnal və kitablarda nəşr edilib. Hazırda Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisası üzrə ali təhsilli kadrlar hazırlanır, hər il həmin ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə “Frankafoniya günləri” keçirilir. Bununla yanaşı, muxtar respublikanın 50-yə yaxın orta məktəbində Fransız dili fənni tədris olunur.
Bəxtiyar Əsgərov qeyd edib ki, “Azərbaycan-Fransa birgə arxeoloji qazıntıların 10 illiyi” adlı sərgi Bakı və Lyon şəhərlərində keçirilib, sərgidə Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar nümayiş olunub. Naxçıvan şəhəri ilə Fransanın Möntrö-Fot-Yon şəhəri arasında imzalanması nəzərdə tutulan Dostluq və Əməkdaşlıq Xartiyasını əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirən Bəxtiyar Əsgərov fransız tərəfini Naxçıvana dəvət edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri tədbir çərçivəsində Fransanın Möntrö-Fot-Yon şəhərinin meri Ceyms Şeron ilə də görüşüb. Ceyms Şeron Bəxtiyar Əsgərovu Möntrö-Fot-Yon şəhərinə dəvət edib. Oktyabrın 18-də həmin şəhərdə ikitərəfli görüş keçiriləcək.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
17 oktyabr 2019-cu il

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR