17 Noyabr 2019, Bazar

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasında “Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar “Akademik İsa Həbibbəyli və müasir Naxçıvan ədəbi mühiti” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvan ədəbi mühiti haqqında geniş araşdırmalar aparmış fədakar alim İsa Həbibbəyli XX əsrin 20-30-cu illərində burada ədəbiyyat cəbhəsində böyük canlanma olduğunu göstərərək ədəbi prosesdə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əliqulu Qəmküsar sənətinin davamçıları olan Məhəmməd Rəsizadənin, Əli Məhbus, Hüseyn Nadim Naxçıvaninin, Əyyub Abbasovun, Əvəz Sadığın bədii yaradıcılığında özünü göstərən ədəbi meyilləri ümumiləşdirib. Görkəmli ictimai xadim İkinci Dünya müharibəsindən sonra, 1950-60-cı illərdə Naxçıvanda yetişmiş İslam Səfərli, Müzəffər Nəsirli, Hüseyn Əzim, Hüseyn Razi, Kəmalə Ağayeva, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev kimi qələm sahiblərinin əsərlərində gözə çarpan ümumi meyilləri təhlil edib, müharibədən sonrakı dövrdə Naxçıvan ədəbi mühitində ədəbiyyatın bütün janrları üzrə canlanma və inkişaf baş verdiyini, bədii yaradıcılıqda ideologiyadan, ictimai motivlərdən insana, mənəvi aləmin dərkinə doğru əhəmiyyətli addımlar atıldığını xüsusilə vurğulayıb. İsa Həbibbəyli daha sonra XX əsrin 70-80-ci illərində və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində müşahidə etdiyi ədəbi inkişaf məsələləri üzərində geniş şəkildə dayanıb. Bu dövrdə nəsrə meyillilik müşahidə edən alim yerli ədəbi qüvvəyə xalq yazıçısı Hüseyn İbrahimovun başçılıq etdiyini vurğulayaraq bu görkəmli nasirin bədii yaradıcılığını geniş şəkildə təhlil edib və onu nəcibliyin zirvəsində dayanan söz ustası, şəxsiyyəti və sənəti vəhdətdə olan sənətkar adlandırıb.

Qeyd olunub ki, akademik İsa Həbibbəyli bu gün də Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyətini davamlı olaraq diqqət mərkəzində saxlayır. Asim Yadigar, Həmid Arzulu, İbrahim Yusifoğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli kimi istedadlı qələm sahiblərinin yaradıcılığını təhlil edərək yüksək qiymətləndirir. Görkəmli akademik Naxçıvan mühitinin yetirməsi şair və publisist Cavad Cavadlının poetik yaradıcılığını dərindən tədqiq edib, bu araşdırmaların nəticəsi olaraq “Ədəbiyyat və mətbuat cəbhəsində” monoqrafiyası meydana gəlib. Tanınmış alimin yaradıcılığında Naxçıvan ədəbi mühiti ilə birbaşa və ya dolayısıyla bağlı olan, bu diyarda yaradıcılığa başlamış Xalq şairi Məmməd Araz, Adil Babayev, Məmməd Cəfər, Abbas Zamanov, Əziz Şərif kimi tanınmış ədəbiyyat və sənət adamlarının tədqiqi də mühüm yer tutur.
Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərli “İsa Həbibbəyli yaradıcılığında Cəlilşünaslıq” mövzusundakı çıxışında qeyd edib ki, böyük satira ustası Cəlil Məmmədquluzadə XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biridir. Akademik İsa Həbibbəyli istər “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı fəlsəfə doktoru dissertasiyasında, istərsə də “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı doktorluq dissertasiyasında bu görkəmli satira ustası, “Molla Nəsrəddinin yaradıcısı, demokrat yazıçının ədəbi portreti mühüm yer tutur. Təsadüfi deyildir ki, İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi bu böyük maarifçi tənqidi realizm nümayəndəsinin irsinin tədqiqinə və nəşrinə həsr olunub. Bu mövzuda görkəmli akademikin “Cəlil Məmmədquluzadə”, ”Zamanın dühası”, “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə”, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı bir-birindən qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Mirzə Cəlil dövrünü Azərbaycan maarifçiliyinin xüsusi inkişaf mərhələsi kimi səciyyələndirən İsa Həbibbəyli dövrün məktəblərinin ədəbiyyatın inkişafındakı rolunu araşdıraraq belə bir düzgün nəticə çıxarır: ”Məktəb milli maarifçiliyin canını, cövhərini, müəllimlik isə əsas qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və ədəbiyyat isə məktəbdən, pedaqoji işdən doğan, onu tamamlayan maarifçi fəaliyyət sahələri idi”.
Tədbirdə şair Həsənalı Eyvazlının “İsa Həbibbəyli və Naxçıvanda ədəbi tənqid”, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Şəhla Şirəliyevanın “İsa Həbibbəyli və Naxçıvan ədəbiyyatşünaslıq məktəbi”, “Nuh yurdu” qəzetinin redaktoru, şair Qafar Qəribin “Gənc ədəbi qüvvələrin yetişməsində İsa Həbibbəylinin rolu” mövzularında çıxışları dinlənilib. Cıxış edənlər yubilyarı təbrik edib, ona bundan sonrakı fədakar elmi-ictimai fəaliyyətində uğurlar arzulayıblar.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Naxçıvanda 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyi üçün Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib. Naxçıvan ədəbi mühitinin dünəni və bu günü barədə söhbət açan akademik qeyd edib ki, ötən əsrin 40-50-ci illərində Naxçıvan ədəbi mühitində imzaları görünən Adil Babayev, İslam Səfərli, Nağı Nağıyev, Müzəffər Nəsirli, Məmmədəli Tarverdiyev, Əvəz Sadıq, Hüseyn Razi və başqaları Azərbaycan ədəbi mühitində yaxşı tanınan şair və yazıçılar kimi öz sözlərini deyiblər. Eləcə də müasir dövrdə Asim Yadigar, Həmid Arzulu, İbrahim Yusifoğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli kimi qələm sahiblərinin öz dəyərli bədii nümunələri ilə ədəbi mühitə töhfə verməyə çalışırlar. Akademik ədəbiyyat nümayəndələrinə gələcək fəaliyyətlərinin təşkili istiqamətində dəyərli tövsiyələr verib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra akademik İsa Həbibbəyli 9 cilddə “Molla Nəsrəddin” jurnalını Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinə hədiyyə edib. Tədbirdə iştirak edən digər elm, sənət adamları, qələm əhli də yubilyara öz təbriklərini çatdırıblar.

Nail ƏSGƏROV

  

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR