17 Noyabr 2019, Bazar

 

 

 

Rusiyanın Pomorye diyarının paytaxtında ilk dəfə Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib.

AZƏRTAC Arxangelsk vilayəti qubernatoru və hökumətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, vilayət hökuməti sədrinin layihələşdirmə üzrə müavini Viktor İkonnikov yerli diasporu bayram münasibətilə təbrik edib.

Hazırda Arxangelsk vilayətində yaşayan 10 minə yaxın azərbaycanlı regionun həyatında fəal iştirak edir. Bu, heç də təəccüblü deyil, çünki Azərbaycanı və Pomorye diyarını onilliklərlə sınanmış xüsusi əlaqələr birləşdirir. Belə ki, sovet dövründə müttəfiq respublikalar RSFSR-in qaratorpaq regionları üzərində rəsmi himayədarlıq həyata keçirirdilər. Əlamətdar haldır ki, bu kampaniya çərçivəsində Azərbaycan SSR məhz Arxangelsk vilayəti ilə əməkdaşlıq edirdi.

Viktor İkonnikov deyib: “Bu gün əməkdaşlığımızın aktiv şəkildə inkişaf etməsində Azərbaycan ilə tarixi əlaqələrin mühüm rolu var. Hazırda regionla Azərbaycan arasında taxta-şalban və sellüloza materiallarının ixracı üzrə böyük həcmdə əmtəə dövriyyəsi mövcuddur. Bununla yanaşı, mütəmadi olaraq nümayəndə heyətlərinin mübadiləsi həyata keçirilir və çoxlu sayda mədəniyyət layihələri reallaşdırılır. Yaxın vaxtda əlaqələrimizin inkişafına dair saziş də imzalanacaq”.

Son illər ərzində Arxangelsk vilayətindəki Azərbaycan diasporu mədəni və ictimai tədbirlərdə də fəal iştirak edir. Hər il Arxangelskdə Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə şənliklər təşkil olunur. Vilayətdəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov deyib: “Azərbaycan hələ sovet dövründə Rus Şimalında həyata keçirilən bir çox layihələrdə iştirak edib. Diasporun fəaliyyəti illərində isə xalqlarımız arasında əlaqələr daha da möhkəmlənib. Ümidvaram ki, onlar gələcəkdə də inkişaf edəcək və biz əməkdaşlıq etməkdə, bir-birimizə dəstək göstərməkdə davam edəcəyik”.

Qeyd edək ki, hazırda Arxangelsk vilayəti və Azərbaycan Respublikasının hökumətləri arasında imzalanmaq üçün iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələrini əhatə edən ticari-iqtisadi, elmi-texniki, sosial-mədəni əməkdaşlıq haqqında saziş işlənib hazırlanır.

 

Fəridə Abdullayeva

 

 

 

 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR