20 Noyabr 2019, Çərşənbə

Düşdüyü ağır sosial-iqtisadi böhrandan hələ də xilas ola bilməyən Ermənistanda siyasi durum getdikcə daha gərgin xarakter almağa başlayır. Mövcud hakimiyyətə qarşı etiraz aksiyalarının çoxalması bunun ən real təsdiqi sayılır.

Etiraza çıxanlar hakimiyyətin siyasətinin yanlış olduğunu və ölkənin sürətlə uçuruma doğru yuvarlandığını bildirir və bu səbəbdən Paşinyan hakimiyyətinin heç də uzun olmayacağını bəyan edirlər. Bütün bunların fonunda Ermənistanda yeni etiraz aksiyalarının başlanılması gözlənilir.

Yaranmış durumdan istifadə etməyə çalışan müxalifət Paşinyan iqtidarına qarşı təzyiqləri artıracaqlarını bildirib. Belə vəziyyətdə hakimiyyət üçün daha bir ciddi problem orduda ölmüş hərbi qulluqçuların valideynlərinin dövlət qurumlarının qarşısında mütəmadi olaraq keçirdikləri aksiyalardır.

Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri etiraz aksiyasında bildirirlər ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək templə artır. Orduda problemlər dözülməz həddə çatıb. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir.

Daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması nəticəsində də ölüm halları baş verib. Əsgər ölümünün çoxalması valideynlərin narahatlığına səbəb olub. Yerli medianın yazdığına görə, Ermənistan hakimiyyəti bütün vasitələrdən istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hərbi hissələrdə əsgərlərin valideynləri ilə əlaqə saxlaması üçün yaradılan internet otaqlarını isə neqativ halların sızmasının qarşısını almaq üçün bağlayıblar. Bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, Ermənistan ordusunda vəziyyət təsəvvür edildiyindən də qat-qat ağırdır.

Etirazçılar davamlı şəkildə hökumət əleyhinə şüarlar və bəyanatlar səsləndirir, övladlarının ölüm səbəbinin onlara açıqlanmasını tələb edirlər.

Belə qruplardan biri də Ermənistanda qara geyimli analar adlandırılan erməni əsgər valideynləridir. Onlar müxtəlif illərdə dinc şəraitdə ölmüş övladlarının ölüm hadisələrinin ədalətli istintaqını tələb edirlər.

Bu günlərdə Ermənistan ordusunda müxtəlif illərdə ölmüş hərbi qulluqçuların valideynləri, həmçinin 2017-ci il yanvarın 29-da Vazgen Sarkisyan adına hərbi institutun kursantı Haykaz Barseğyanın atası Ermənistan parlamentində keçirilən iclasa qatılıb. Yerli mətbuatın verdiyi xəbərə görə, Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasında ölmüş hərbi qulluqçuların yaxınları ilə komissiya sədri, "Çiçəklənən Ermənistan” fraksiyasnın deputatı Naira Zöhrabyanla parlamentin digər deputatlarının və cəzaçəkmə müəssisəsinin nümayəndələrinin görüşü baş tutub.

Görüşdə ölmüş hərbi qulluqçuların işləri ilə məşğul olan müstəntiqlər, qeyd edilən komissiyanın digər üzvləri və ölmüş hərbi qulluqçuların yaxınları arasında mübahisə baş verib. Valideynlər övladlarının ölüm işi üzrə aparılan istintaq tempindən narazı olduqlarını bildirib və müstəntiqləri ittiham ediblər.

Onlar qeyd ediblər ki, iş sona qədər açıqlanmır. Müstəntiqlər isə bildiriblər ki, bu şəraitdə müzakirə aparmaq mümkün deyil. İclasa sədrlik edən Naira Zöhrabyan vuğrulayıb ki, gəlin bu komissiyanın platforma olmasına çalışaq. İstəmirik ki, siz küçəyə çıxasınız, prezident iqamətgahına və ya başqa yerə gedəsiniz. Gəlin onları da dinləyək. Biz sizi başa düşürük. O, valideynlərin müstəntiqlərdən birinin üzərinə su tökməsini qəbuledilməz hesab edib.

Xatırladaq ki, 2017-ci il yanvarın 29-da hərbi institutun kursantı Haykaz Barseğyan səhər saatlarında institutun idman meydançasında "turnik”dən asılı vəziyyətdə tapılıb. Onun ölümünə görə 4 hərbi qulluqçu Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryan ittiham olunur.

Bütün bunlar Ermənistan ordusunda hansı vəziyyətin hökm sürdüyünü göstərməklə yanaşı, hakimyyyətə qarşı etiraz aksiyalarının da genişlənməsinə, ölkədə situasiyanın daha da gərginləşməsinə rəvac verir.

 Elçin Cəfərov

"Azərbaycan” qəzeti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR