08 Dekabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında keçirilən taktiki xüsusi təlimin əsas məqsədi dinc və müharibə dövrlərindəki fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan qüvvələrin hazırlığını yoxlamaq, onların köməyi ilə zədələnmə (zəhərlənmə) ocaqlarında təxirəsalınmaz tibbi yardımın göstərilməsini təşkil etməkdir. Bununla yanaşı fövqəladə hallar zamanı kompleks müalicə-təxliyə, sanitar-gigiyenik və əksepidemik tədbirlərin təşkili və aparılmasında təlim iştirakçılarına təcrübə qazandırmaq da təlimin əsas məqsədləri sırasındadır.

Təlim 2 mərhələdə 5 tədris yerində keçirilib. Təlimin keçirilmə planına uyğun olaraq birinci mərhələdə Sədərək Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin əhalinin və mülki müdafiə qüvvələrinin tibbi təminatının təşkili üzrə vəzifələrin yerinə yetirilməsi hazırlığı yoxlanılıb, rayon ərazisində fövqəladə hadisələr zamanı yarana biləcək vəziyyətin tibbi-sanitar nəticələri qiymətləndirilib, real vəziyyətə uyğun şəraitdə vəzifələrin yerinə yetirilməsi üçün qüvvələrin hazırlanmasına tapşırıqlar qoyulub.

İkinci mərhələdə fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması üçün Sədərək Rayon Mərkəzi Xəstəxanasının tibb qüvvələri və digər obyekt dəstələri hazır vəziyyətə gətirilib. Daha sonra zədələnmə (zəhərlənmə) ocaqlarında və xəstəxana şəraitində zərərçəkənlərə tibbi yardımın göstərilməsi tibbi yardım briqadaları tərəfindən praktiki olaraq həyata keçirilib. Eyni zamanda radioaktiv çirklənmə şəraitində tibb işçilərinin mühafizəsinin təşkili məqsədilə ətraf mühit obyektləri üzərində müşahidənin aparılması radiasiya və kimya müşahidə postu vasitəsilə təşkil edilib, işçilərə fərdi mühafizə vasitələrinin paylanması və onların sığınacaqda yerləşdirilməsi, qismən sanitar təmizlənmə işinin aparılması təmin edilib. Könüllü yanğınsöndürmə komandası tərəfindən xəstəxanada ehtimal olunan kiçik yanğınların əlaltı vasitələrlə söndürülməsi məşq etdirilib.

Qeyd edək ki, təlimdə Sədərək Rayon Mərkəzi Xəstəxanasının 15 nəfərdən ibarət 3 ixtisaslaşdırılmış həkim yardım briqadası, 3 təcili yardım avtomobili, 26 nəfərdən ibarət obyekt mülki müdafiə dəstələri, həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin 9 nəfərdən ibarət dezinfeksiya briqadası və epidemioloji kəşfiyyat qrupu, həmçinin Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 5 əməkdaşı iştirak edib.

Təlim uğurla başa çatıb, qarşıya qoyulan məqsədlərə nail olunub.

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti
 

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR