14 Dekabr 2019, Şənbə

Bu xalq dövlətinə, millətinə məxsus olan bayrağını asanlıqla yüksəklərə ucaltmayıb. Bu yolda zaman-zaman qanlar axıdılıb, igidlər, ərənlər düşmən gülləsinə tuş gəlib, Vətən yolunda şəhid olublar. Elə qırmızı rəngi şəhid qanından alan bayrağımız zirvələrdə dalğalanarkən şəhid adını da özü ilə birlikdə zirvələrə qaldırıb. Vətənimizin adını, qüdrətini, qeyrətini də həmçinin.
Azərbaycanlıların canları qədər sevdikləri üçrəngli, ulduzlu, ayparalı bayraq... Lakin bu bayrağın da “taleyi” xalqın taleyi kimi keşməkeşli olub. 1918-ci ildə azadlıq uğrunda mücadilənin son nəticəsi olaraq qaldırılan üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətində cəmi 23 ay dalğalandı, Vətənimizin göylərini üç rənglə – göy, qırmızı, yaşılla cəmi 23 ay bəzədi.

Gözü torpaqlarımızda, iştahası sərvətlərimizdə olanlar bu müstəqil respublikanın tərəqqisinə imkan vermədilər. Əsrlərlə həyata keçirilmiş planlar yenidən təkrarlandı. Çoxəsrlik tarixi, ənənələri olan Azərbaycan yenidən bu planların qurbanı oldu. Həmin planların müəllifləri 14 müttəfiqdən biri kimi Azərbaycanı da öz müstəmləkəsinə çevirməklə 70 illik əsarətə məhkum etdilər. Müstəqilliyimizi əlimizdən aldılar, üçrəngli bayrağımızı da dalğalanmağa qoymadılar. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Sovet Sosialist Respublikası adlandırıldı, bayrağımız isə üçrəngli deyil, imperiyanın müəyyənləşdirdiyi bayraq oldu. Nə az, nə çox, düz 70 il dalğalandı başımız üzərində. Lakin ürəyimizdə yüksəklərə qalxa bilmədi. Çünki istəmədiyimiz, özümüzünkü olmayan bir bayraq idi. Qanlar bahasına ucaldılmış bayrağın yerinə sancılmış bayraq idi. Sərvətləri talanan, hüquqları tapdalanan, tarixi mənimsənilən bir məmləkətin ələm bayrağı idi.
İllər illərə calandıqca, onilliklər bir-birini əvəz etdikcə zamanı 70 ilə yaxınlaşdırırdı, bununla da əsarətin sonu çatırdı. “Bayraqları bayraq edən üstündəki qandır” kəlamı bu illər uzunu ürəyimizdəki yaranı sızladırdı. Bu sızıltılar isə millətin yuxusunu ərşə çəkir, onu yeni mübarizələrə səsləyirdi. Bu səs Azərbaycana Naxçıvandan yayılırdı. 1990-cı ildə Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdan Vətən oğlunun – ulu öndər Heydər Əliyevin azadlıq mübarizəsinə çağırışı ilə bütün Azərbaycana yayılırdı. Müstəqillik uğrunda 1918-ci ilin davamı olan mücadilə elə üçrəngli bayrağın yenidən qaldırılması, dalğalanması və bütün azərbaycanlıların bir bayraq altında cəm olması ilə başlandı. Bu təşəbbüs 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrlik etdiyi birinci sessiyasında qatı totalitar sovet rejimi dövründə belə, Azərbaycanı gələcək müstəqilliyə hazır­layan bu görkəmli siyasi xadim tərəfindən irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və ölkənin ali hakimiyyət orqanı qarşısında Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul edilməsi ilə bağlı vəsatət qaldırıldı.
Bəli, bu, o zaman idi ki, hələ ölkə sovet imperiyasının əsarət zəncirində inləyirdi. Naxçıvandan Azərbaycana yönələn bu müqəddəs çağırışa imperiya başçıları tab gətirə bilmirdilər. Azərbaycanın əldən çıxması, onun ardınca digər müttəfiqlərin də getməsi... Bu yanğı ilə yenidən qanlar axıdıldı. Ölkəmizə xüsusi qoşun göndərildi xalqı susdurmaq üçün. Lakin bu dəfə azərbaycanlılar “öldü var, döndü yox”, – dedilər. Elə buna görə də müstəqillik qazana bildik. Qanlar axıdılsa da, yenə də saysız-hesabsız şəhidlər versək də, sonda azad olduq. 1991-ci ilin 18 oktyabrınadək, yəni 1990-cı ilin 17 noyabrında Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılması təklif olunan və azadlıq mücadiləsinə aparan yolun rəmzi olan bayrağımız axıdılan qanla yenidən boyandı və əbədiyyən yüksəldi, dalğalanmağa başladı.
Sevindirici, həm də qürurverici haldır ki, müstəqil dövlətimizin üçrəngli bayrağı əbədiyyən Naxçıvanda ulu öndərimizin təşəbbüsü, qayğısı ilə qaldırıldı. Ümummilli lider Heydər Əliyev deyirdi: “Beləliklə, biz Naxçıvan Muxtar Respublikasının həyatında böyük tarixi qərarlar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının yeni adı qəbul olundu. Naxçıvan Muxtar Respublikasının ali hakimiyyət orqanının yeni adı qəbul olundu və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, milli bayrağı qəbul olundu. Böyük məsələlər həll etdik. Və bu məsələlərin həll olunmasında deputatlar çox böyük maraqla, böyük səylə iştirak etdilər, ona görə mən bir də bu böyük məsələlərin qəbul olunması ilə əlaqədar olaraq Sizi təbrik edirəm. Və Sizin hamınıza bu işdə fəaliyyət göstərdiyinizə görə minnətdarlığımı bildirirəm”.
Ulu öndərin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalamışdır. 2009-cu il noyabr ayının 17-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi barədə imzaladığı sərəncama əsasən hər il olduğu kimi, bu il də noyabrın 9-nu respublikamızda Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd etdik.
Artıq Bakının Bayıl qəsəbəsində 20 min kvadratmetr ərazidə yaradılmış Dövlət Bayrağı Meydanında hündürlüyü 162 metr olan dayağın üzərində Dövlət Bayrağımız dalğalanır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamı həmin il noyabrın 17-də naxçıvanlılara Dövlət Bayrağı Meydanı və Muzeyini bəxş etdi. Naxçıvan şəhərinin ən hündür yerində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı bayraq dirəyinin pyedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunmaqla burada heyrətamiz gözəllik yaradıb.
Açılış mərasimində çıxış edən Ali Məclis Sədrinin: “…Ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir” kimi dəyərli fikirləri və həmin gün “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncamın imzalanması ulu öndər Heydər Əliyevin Naxçıvanda görmək istədiyi işlər idi. Həmin Sərəncama əsasən hər il noyabr ayının 17-nin Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alınmışdır.
İndi doğma Azərbaycanımızın hər bir bölgəsində yaradılan Bayraq meydanlarında, Vətənində və Vətənindən kənarda yaşayan bütün azərbaycanlıların qəlbində üçrəngli bir bayraq dalğalanır.

Xalqımın sevgisi, məhəbbətisən,
Yurdumun vüqarı, əzəmətisən,
Sən ulu Heydərin əmanətisən –
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!

Dalğalan, dalğalan, yüksəklərə, zirvələrə ucal, milli bayrağımız! Müstəqil Azərbaycanın dövlət rəmzi olaraq bu Vətənin azad səsini elə bu Vətənin küləkləri ilə dünyaya yay!

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR