06 Dekabr 2019, Cümə

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirin aparıcıları Beynəlxalq Tələbə-Gənclər Həftəsi barədə məlumat veriblər. Bildirilib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi şəxsiyyət sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə dövlət gənclər siyasəti özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Tədbirdə muxtar respublikamızda da dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi haqqında ətraflı məlumat verilib.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən həyata keçirilən “Muxtar respublikanın ən yaxşı Tələbə-Gənclər Təşkilatı” müsabiqəsi çərçivəsində yarışmaların qalibləri mükafatlandırılıb.
İlk olaraq “Təbiətsevər” yarışmasının qalibləri mükafatlandırılıb. Müvafiq olaraq ilk 3 pillədə Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin komandaları qərarlaşıblar.
“Naxçıvanda gənc olmaq” mövzusunda məqalə yarışmasında Nuray Seyidova (Naxçıvan Müəllimlər İnstitutu), İlahə Allahverdiyeva (Naxçıvan Dövlət Universiteti) və Tükəzban Mustafazadə (Naxçıvan Dövlət Texniki Kolleci) qalib adını qazanıblar.
“Vətənpərvər” qısametrajlı film yarışmasında qalib adına Naxçıvan Dövlət Universitetinin komandası layiq görülüb. Naxçıvan Müəllimlər İnstitutunun komandası ikinci, “Naxçıvan” Universitetinin komandası isə üçüncü olub.
Naxçıvan Dövlət Universitetinin tələbələri Anar Rəsulzadə və Kənan Hacızadə, “Naxçıvan” Universitetinin tələbəsi Pünhan Məmmədli “On/off” video yarışmasının qalibləri olub.
“Muxtar respublikanın ən yaxşı Tələbə-Gənclər Təşkilatı” müsabiqəsinin qalibi adına Naxçıvan Dövlət Universitetinin ­Tələbə-Gənclər Təşkilatı layiq görülüb. “Muxtar respublikanın fəal Tələbə-Gənclər Təşkilatı” adını isə Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq təşkilatları qazanıblar.
Daha sonra “10-17 noyabr Beynəlxalq ­Tələbə-Gənclər Həftəsi”nin qalibləri elan olunub. “Xəmsə” milli intellektual oyununda “Naxçıvan” Universitetinin “Şəms” və “Brilyant”, Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandaları mükafatlandırılıblar.
Əcnəbi tələbələr arasında keçirilən “Azərbaycanı tanı” intellektual oyunu üzrə ilk 3 pillədə Naxçıvan Dövlət Universitetinin tələbələri Nevruz Gökhan, Yelda Gül Erginsoy və Berkay Yaşar qərarlaşıb.
Naxçıvan Dövlət Texniki Kollecinin “Güc birlikdədir”, Naxçıvan Tibb Kollecinin “Birlik” və Naxçıvan Dövlət Universitetinin “Karvan” komandaları Şən və Hazırcavablar klubları arasında keçirilən müsabiqədə mükafata layiq görülüblər.
Tələbələr arasında keçirilən stolüstü tennis üzrə birincilikdə qızlar arasında Xurşud Mahmudova (Naxçıvan Dövlət Universiteti), Alsu Məmmədli (“Naxçıvan” Universiteti) və Günay Bağırova (Naxçıvan Müəllimlər İnstitutu), oğlanlar arasında isə Elyas Zabibi, Kubilay Kumulay və Aydın Lütfi (Naxçıvan Dövlət Universiteti) qalib adını qazanıblar.
Səba Şirzad, Nərgiz Məmmədli və Aynur Məmmədova (Naxçıvan Dövlət Universiteti) isə badminton yarışının qalibləri olublar. Naxçıvan Dövlət Universitetinin digər tələbəsi Bilqeyis Seyidova isə fərqləndiyinə görə mükafata layiq görülüb.
Yüngül atletikanın kross qaçışı üzrə birincilikdə qızlar arasında Gülayə Cəfərova, Xatun Orucova (Naxçıvan Dövlət Universiteti), İlkanə Babayeva, Pəri Hacıyeva və Aydan Rzayeva (Naxçıvan Dövlət Texniki Kolleci) ilk 5 pillədə qərarlaşıblar.
Oğlanların yarışında isə Saleh Cəfərov (Naxçıvan Musiqi Kolleci), Sənan Əşrəfov, Abbas Babayev (“Naxçıvan” Universiteti), Taleh Yaqubov və Babaxan Əhmədov (Naxçıvan Müəllimlər İnstitutu) finiş xəttinə hamıdan tez çatıblar.
Ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında keçirilən voleybol üzrə birinciliyin qalibi isə “Naxçıvan” Universitetinin komandası olub. Naxçıvan Dövlət Texniki Kollecinin komandası ikinci, Naxçıvan Dövlət Universitetinin komandası isə üçüncü pillədə qərarlaşıblar.
Mükafatları Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev təqdim ediblər.
Sonda Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında səsləndirilən musiqi proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR