06 Dekabr 2019, Cümə

Noyabrın 18-də Naxçıvan şəhər 4 saylı Seçki Dairəsində keçirilən seminar-müşavirədə muxtar respublikanın dairə seçki komissiyalarının sədrləri, müavinləri və Şikayətlərin araşdırılması komissiyasının üzvləri iştirak etmişlər.

Seminar-müşavirəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini – Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov bildirmişdir ki, 2019-cu il 23 dekabra təyin olunmuş bələdiyyə seçkilərinin şəffaf və azad keçirilməsi üçün zəruri tədbirlər görülmüş, mükəmməl qanunvericilik bazası yaradılmışdır. Seçki hüquqlarının təmin olunması sahəsində görülən işlər, bu mənada, əhəmiyyət kəsb edir. Bunlardan biri də seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həll olunmasıdır. Ona görə də seçki qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə düzgün əməl olunmalı, müvafiq orqanlar vəzifə və funksiyalarını vaxtında icra etməli, seçicilər maarifləndirilməlidirlər.
Qeyd olunmuşdur ki, insan hüquq­larının təmin olunması üsullarından biri olan şikayətlərin məhkəmə qaydasında həlli Seçki Məcəlləsində də geniş şəkildə öz əksini tapmışdır. Seçki prosesinin bütün mərhələlərində istənilən hüquq pozuntusunun həlli üçün məhkəməyə müraciət etmək hüququ təsbit edilmişdir. Həm aktiv seçki hüququ, həm passiv seçki hüququ mənsublarının, həm də seçki komissiyaları və aidiyyəti dövlət orqanlarının məhkəməyə müraciətetmə və ya məhkəmə qərarlarını əsastutma formasında təsbit olunan 100-ə yaxın müraciət qaydası Seçki Məcəlləsində öz əksini tapmışdır. Bu da məhkəmə orqanlarının seçki prosesində mühüm rol oynadığını təsdiq edir.
“Builki bələdiyyə seçkilərində muxtar respublika üzrə 170 bələdiyyə, 1452 bələdiyyə üzvü seçiləcəkdir. Muxtar respublika üzrə 7 seçki dairəsi və 292 seçki məntəqəsi – səsverməyə 5 gün qalmış yaradılanlar istisna olmaqla fəaliyyət göstərir”, – deyən Cəlil Rüstəmov vurğulamışdır ki, seçki dairələrinin hər biri müasir şəraitlə təmin olunmuş binalarda yerləşir. Eyni zamanda seçki məntəqələri də yeni tikilmiş binalarda yerləşir. Muxtar respublikanın müvafiq orqanları bələdiyyə seçkilərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəffaf keçirilməsi üçün səylərini əsirgəməyəcəklər.
Diqqətə çatdırılmışdır ki, seçki prosesində seçki komissiyalarının üzvlərinin üzərlərinə böyük məsuliyyət düşür. Buna görə də komissiya üzvlərinin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu mənada, seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həll olunmasına həsr edilmiş bugünkü seminar-müşavirənin əhəmiyyəti böyükdür. Seçki komissiyaları və məhkəmə orqanları seçki qanunvericiliyinin pozulması və ya seçki hüquqlarının təmin olunması ilə bağlı şikayətlərə hərtərəfli araşdırma aparmaqla vaxtında baxmalı, ədalətli qərarlar qəbul etməlidirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini – Qanunçuluq və hüquq-­mühafizə orqanları ilə iş şöbəsinin müdiri demişdir ki, bu günədək keçirilmiş seçkilərdə Naxçıvan Muxtar Respublikasının məhkəmələrinə seçki hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olmamışdır. Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər bir imkan mövcuddur.
Sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova və komissiyanın üzvü Ramiz İbrahimov “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əsgər Novruzov “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanun­vericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” mövzularında çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, Seçki Məcəlləsinin 115-ci maddəsində hansı şəxslər tərəfindən seçki hüququnun pozulmasına görə Azərbaycan Respublikasının Cinayət, Mülki və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyət daşımaları göstərilmiş və seçki hüququnun pozulması və ya məhdudlaşdırılması kimi hesab edilən qanunazidd hərəkətlər sadalanmışdır. Qanunvericiliyin tələbinə əsasən sadalanan əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq cinayət xarakterli əməllərin törədilməsinə görə məsuliyyət Cinayət Məcəlləsində, inzibati xətalara görə isə məsuliyyət İnzibati Xətalar Məcəlləsində göstərilmişdir.
Vurğulanmışdır ki, 2008-ci il iyunun 2-də Seçki Məcəlləsinə vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması qaydalarını təsbit edən 112-1-ci maddənin əlavə edilməsi, eləcə də şikayətlərə dair tələbləri özündə əks etdirən 112.5-ci maddənin yeni redaksiyada verilməsi seçki qanun­vericiliyinin pozulması hallarının vaxtında və səmərəli prosedur daxilində araşdırılmasını təmin etməklə məcəllənin daha təkmil hüquqi akt halına gətirilməsini təmin etmişdir.
Çıxışlardan sonra müvafiq mövzularla bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Seminar-müşavirəyə yekun vuran Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini – Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov bildirmişdir ki, qazanılmış təcrübə və formalaşmış qanunvericilik bazası Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında növbəti bələdiyyə seçkilərinin də demo­kratik və şəffaf keçiriləcəyini deməyə əsas verir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR