08 Dekabr 2019, Bazar

23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Hörmətli seçicilər

Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.

Ümumi seçki hüququ

Bütün insanların səs vermək və seçilmək hüququna malik olması deməkdir. Seçki Məcəlləsinə əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək ­hüququ vardır.

Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.

Bərabər seçki hüququ

Vətəndaşlar seçkilərdə bərabər əsaslarla iştirak edirlər. Səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır. Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir. Bu qaydalar həm seçici səslərinin bərabərliyini, həm də namizədlər üçün imkan bərabərliyi prinsiplərini özündə cəmləşdirir. Belə ki, həmin prinsipə əsasən hər bir seçicinin bir səsi olur və hər bir səs eyni hüquqi qüvvəyə malik olur. Bir səsdən çox səs verildiyi yerlərdə isə, hər bir seçicinin eyni sayda səsi olur.

Birbaşa seçki hüququ

Vətəndaşlar seçkilərdə namizədin lehinə və ya əleyhinə şəxsən səs verirlər

.Başqa şəxslərin yerinə səs vermək qadağandır.

Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.

Gizli səs vermək hüququ

Seçki Məcəlləsinin 6-cı maddəsində göstərilir ki, seçkilər zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir. Gizlilik seçicinin yalnız hüququ deyil, həm də vəzifəsidir.

Səsvermə fərdi olmalıdır. Ailə səsverməsi və bir seçici tərəfindən digər bir səs üzərində nəzarətin hər hansı forması qadağan edilməlidir.

Aktiv seçki hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, bələdiyyə seçkilərinin keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində iştirak etmək hüququ – aktiv seçki hüququ vardır.

Passiv seçki hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, bələdiyyə üzvü seçilmək hüququ – passiv seçki hüququ vardır.

Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.

Bələdiyyə seçkilərində passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsi və Seçki Məcəlləsi ilə müəyyən edilir.
Aşağıdakı şəxslərin, bələdiyyə üzvü ­seçilmək hüququ — passiv seçki hüququ yoxdur:
- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən ağır, xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər;
- ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);
- xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək). Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.
Bələdiyyə seçkilərində iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:
- mətbuat azadlığına hörmət bəsləmək;
- öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin seçki kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;
- seçkiqabağı təşviqat materiallarının, referendumqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;
- seçkiqabağı təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;
- seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;
- seçkilərin azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;
- seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;
- səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq ­etmək;
- səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;
- seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;
- seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini ­pozmamaq;
- seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;
- hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;
- seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;
- dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsi ilə nəzərdə tutulmamış hallarda istifadə ­etməmək;
- təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;
- təzyiq göstərmək ilə və ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və ya iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçki­qabağı təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;
- heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR