25 Yanvar 2020, Şənbə

Əzəmətli layihələr xalqın milli qürurunu formalaşdıran və yüksəldən güclü amil kimi mühüm xüsusiyyətləri ilə seçilir. Hər bir xalqın reallaşdırdığı layihələrdə onun əzəməti, intellekti, böyüklüyü özünün təcəssümünü tapır. Bu gün ölkə həyatının bütün əhəmiyyətli sahələrində özünü göstərən uğurlar ölkəmizin “qan damarları” sayılan neft və qaz təminatı, enerji təhlükəsizliyi xalqın taleyində oynadığı müstəsna rolu əyani sürətdə göstərir. Ulu öndərimiz Heydər Əliyevin ciddi əsaslara söykənən yeni enerji strategiyası yaxın illərdə Azərbaycana daha böyük iqtisadi uğurlar vəd edir. İndi hər bir azərbaycanlı yeni neft və qaz strategiyasının gətirdiyi bu uğurları gündəlik həyatlarında qabarıq hiss edir və gələcəyə böyük ümidlə baxır. Son günlərdə isə Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq aləmlə hesablaşması deməkdir. Azərbaycanla Türkiyənin birgə təşəbbüsü olan və cənub qaz dəhlizinin həlledici təsirini göstərəcək TANAP Anadolu layihəsinin reallaşdırılmasındaTrans-Adriatik qaz kəmərinin reallaşdırılması üçün bütün məsələlər öz həllini tapıb. Və beləliklə, Bakıdan Avropaya, İtaliyaya qədər uzanacaq TAP layihəsidə iqtisadi münasibətlərin yeni layihəsi kimi ölkələr arasında əməkdaşlığı gerçəkləşdirir. Bütün bu uğurların möhkəm təməli keçmişdə düşünülmüş uğurlu siyasətin əsası ilə qoyulub. Bir az tarixə dönüb baxsaq Azərbaycanın indiki enerji ölkəsinə çevrilməsi böyük əziyyətlərlə və uzaqgörən siyasi düşüncələrlə başa gəlib.

 Tarixə baxış

1994-сü il 20 sentyabr. Bakıda Gülüstan sarayında dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə bağlanmış neft sazişi müstəqil Azərbaycanın yeni tarixində şanlı bir səhifə açdı. Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan və sonradan bütün dünyada haqlı olaraq “Əsrin müqaviləsi” adı ilə tanınan bu sazişin imzalanması ilə Azərbaycan xalqı öz təbii sərvətlərinə sahib çıxmaq haqqını reallaşdırdı. Strateji maraqlarını qorumaq haqqını bütün dünyaya bəyan etdi.

Amma bu hələ başlanğıc idi. Tarixin sonrakı gedişatında bu müqavilə regionun taleyinə ümumilikdə isə dünya siyasətinə təsir gücündə olan faktora - “Əsrin möcüzəsi”nə çevrildi.

Dövrü xarakterizə edən tarixçilər yazırdı:

“İngiltərə və Amerika arasında gərgin vəziyyətin əsas səbəbi Azərbaycan nefti ilə Mosul nefti məsələsi idi. Azərbaycanda mövcud neft Meksikadan və İrandan daha çox idi. Neft üzrə tanınmış ingilis eksperti Şayldz yazırdı: Əgər Bakı nefti olmasaydı, 1914-1921-ci illərdə Yaxın və Orta Şərqdəki hadisələr baş verməzdi. 1917-1920-ci illərdə Bakının neft sənayesində ağır vəziyyət yaranmışdı. Baş verən müharibələr, inqilablar, hakimiyyət dəyişiklikləri nəticəsində neft hasilatı kəskin şəkildə azalaraq 2,4 mln tona enmişdir.”

1969-cu ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesi də inkişafa qədəm qoydu. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusi ilə dənizdə neft hasilatının inkişaf tarixində yeni mərhələ başladı. 1970-ci ildə Xəzər Dəniz Neft istehsalat birliyi yarandı və SSRİ Neft sənayesi nazirliyi dəniz şəraitində Azərbaycan neftçilərinin iş aparmaq şəraitini nəzərə alaraq Xəzərin bütün neft yataqlarında geoloji kəşfiyyat, qazma və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

Həmin dövrdə Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dənizin 40 metrə qədər olan hissələrində işləməyə imkan verirdi. Dənizdə neft və qazın hasilatının artırılması isə daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində dənizin 70 metr dərinliyində geoloji kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralarsa dənizin 200 metr dərinliyində işləməyə imkan verən “Şelf” tipli üzənqazma qurğular alındı, nəticədə, 1960-cı illərin sonunda yeni 8 neft və qaz yatağı kəşf edildi. 1980-ci illərdə üzənqazma qurğuların sayı artaraq 11-ə çatdı. Və onlardan istifadə nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən zəngin neft ehtiyyatlarına malik  Azəri, Çıraq, Günəşli yataqları kəşf olundu.

 Ümummilli müsahibə

Ümummilli mənafeyi hər şeydən uca tutan ulu öndər Heydər Əliyev 1993-cü ilin iyul ayının 18-də "Çikaqo Tribun" qəzetinə verdiyi müsahibədə deyirdi: "Mən başa düşürəm Azərbaycana cəlb olunan neft şirkətlərinin öz iqtisadi mənafeləri var, bu tamamilə təbiidir. Lakin, eyni zamanda biz də öz ölkəmizin mənafelərini kompaniyaların mənafelərindən yüksək tutmalıyıq. "

Dünya siyasətinin korifeylərindən olan Heydər Əliyev bununla yeni neft erasının təməlini qoydu. Milli sərvətimizin 3-cü minillikdə Azərbaycan xalqına gələcək nəsillərə xidmət etmək istiqamətlərini müəyyənləşdirdi. Əsrin müqaviləsinin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı.

Həmin platformadan hasil olunan neft “Azərlayt” adı altında Supsa terminalı ilə dünya bazarına ixrac olunmağa başlandı. 1998-ci ilin oktyabr ayının 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Bakı-Tiblisi-Ceyhan neft kəmərinin inşası ilə bağlı Ankara bəyannaməsi bağlandı. 1999-cu ilin noyabr ayının 18-də isə ATƏT-in İstanbul zirvə toplantısında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tiblisi-Ceyhan boru kəməri ilə nəql edilməsinə dair razılaşma əldə olundu. Bakı-Tiblisi-Ceyhanın reallaşması əsrin müqaviləsinin imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm tarixi əhəmiyyət kəsb etdi. 2002-ci ilin sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiblisi-Ceyhan əsas boru kəmərinin təməl qoyma mərasimi keçirildi.

Bu tədbir Ulu öndərin müəllifi olduğu yeni neft strategiyasının uğurlu nəticəsi, İlham Əliyevin əfsanənin reallığa çevrilməsində göstərdiyi fədakarlığın məntiqi sonluğu idi. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng “Şahdəniz” qaz kondensat yatağı aşkar edildi. Bu, 21-ci əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanın neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaratdı. Aşkarlanmış yataqlardan hasil olunacaq qaz Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikanın sosial-iqtisadi inkişafının daha da güclənməsinə və xalqın maddi rifah halının yaxşılaşmasına zəmin yaradır. Bölgədə, Avropada baş verən hadisələr və müşahidə olunan gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz. Tam müstəqil siyasət apara bilməz. Bu müstəqilliyin bərələrindən olan TANAP-ın tam şəkildə istifadəyə verilməsi ölkəmizin regional enerji xətlərinin mərkəzinə çevrilmək missiyasına bir addım da yaxınlaşdırdı.

Prezident İlham Əliyevin çıxışı:

   “Bu böyük işlərin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri iştirak ediblər, onlar TANAP-ın səhmdarlarıdır. Mən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə bildilər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun.”

 İki qardaş ölkə arasındakı uğurların mümkünlüyü ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bəlkədə bu layihələr kağız üzərində qalacaqdı. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı:

“TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək. Bunun bəhrələrini hələ sərmayə mərhələsində almağa başladıq. Sərmayə dövründə boru kəməri marşrutundakı 20 vilayətdə təxminən 10 min nəfərə bilavasitə və ya dolayısı ilə məşğulluq imkanı yaratdıq. Eyni zamanda bu vilayətlərdə başda kiçik və orta sahibkarlıq subyektləri olmaqla çoxlu sayda müəssisəyə yeni iş imkanı təmin etdik. Bundan başqa, Türkiyə TANAP-ın reallaşması ilə tranzit ölkə olmaqdan çıxaraq istehsalçıdan son istehlakçıya uzanan dəyər zəncirinin hər mərhələsində rol oynayan əhəmiyyətli bir mövqeyə gəlib.“

İki qardaş ölkənin birliyi, iqtisadi gücü nəticəsində yaranan TANAP layihəsi yeni əsrin yeni müqaviləsi kimi Azərbaycan və Türkiyə qardaşlığının siyasi bir gücə söykəndiyinin əyani təzahürüdür. Diametri 56 düymlük borulardan ibarət olan 1850 kilometrlik TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. TANAP 20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən marşruta sahibdir. Bu layihənin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qazdır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Bakıdan Avropaya qədər keçilən 1850 km-lik çətin və şərəfli yol müstəqil Azərbaycan dövlətinin, Ümummilli liderin siyasi iradəsinin məntiqi yekunudur.

Mətin Kamal

Naxçıvan televiziyasının əməkdaşı

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR