29 Yanvar 2020, Çərşənbə

Bütün bunlar Heydər Əliyev ideallarından güc alan, xalqa və dövlətə layiqli
xidmət prinsipi üzərində qurulan uğurlu fəaliyyətin nəticəsidir

Otuz ildir, blokada şəraitində yaşamasına baxmayaraq, gündən-günə çiçəklənən müasir Naxçıvan öz dinamik sosial-iqtisadi tərəqqisi ilə müstəqil dövlətimizin ən böyük uğurlarından hesab edilir. Heydər Əliyev siyasətinin bütün istiqamətlər üzrə davam etdirilməsi nəticəsində qədim Naxçıvan XXI əsrə qədər keçdiyi yolda ən uca zirvəyə yüksəlib. Əminliklə deyə bilərik ki, bu gün diyarımızın hərtərəfli inkişafına layiqli töhfə verənlər Azərbaycanın şanlı tarixində özünəməxsus yerə sahib olacaqlar. Çünki Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Naxçıvan strateji mövqedə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Bu mənada, muxtar respublikaya göstərilən diqqət və qayğı, burada aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri Azərbaycan dövlətinin milli maraqlarının tələbidir.

Muxtar respublikamızda infra­strukturun gücləndirilməsi, insanların həyat şəraitinin, rifah halının daha da yaxşılaşdırılması, aqrar sektorun diqqətdə saxlanılması sosial-iqtisadi strategiyanın başlıca hədəflərindəndir. Ailə təsərrüfatlarının inkişaf etdirilməsi bu məsələdə xüsusi yer tutur. Ona görə ki, həmin təsərrüfatlar daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olub, ailə təsərrüfatlarının biznes planları tərtib edilib, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması isə bu sahəyə marağı daha da artırıb. Görülən işlərin davamı olaraq noyabrın 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov festivalda iştirak edib.

Növbəti festival digərlərindən bəzi yeni məqamları ilə fərqlənib. Onlardan biri də naxçıvanlı gənc­lərin öz ideyaları əsasında ailə təsərrüfatlarında hazırlanmış məhsulların qablaşdırılmasına və təqdimatına köməklik göstərmələri, məhsulların satışını həyata keçirmələri idi. Gənclərin hazırladıqları “Kənddən al” mobil tətbiqetməsi də diqqəti cəlb edib. Burada məqsəd muxtar respublikada fəaliyyət göstərən aktiv ailə təsərrüfatçılarının fəaliyyətinə dəstək vermək idi.
Ali Məclisin Sədri festivalda ailə təsərrüfatı sahibləri ilə söhbət zamanı ailə təsərrüfatlarının inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirib, bundan sonra da müvafiq dövlət qurumları tərəfindən ailə təsərrüfatlarına dəstək göstərilməsi barədə tapşırıqlar verib.
Ötən 24 ildə muxtar respublika sakinlərinin rahat yaşayışının təmin edilməsi üçün aparılan kompleks abadlıq-quruculuq işlərinin səbəbi məhz insan amilinə verilən dəyərdir. Həmin quruculuq işlərindən Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərinə də pay düşüb. Bu yaşayış məntəqələri üçün kənd və xidmət mərkəzləri tikilib, yollar, rabitə, qaz, elektrik xətləri yenidən qurulub, poçt xidməti yaradılıb, sakinlərə nümunəvi tibbi xidmətin göstərilməsi təmin edilib, müasir tədrisin tələblərinə cavab verən məktəb binası inşa olunub. Noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində Ali Məclis Sədrinin iştirakı ilə həmin sosial obyektlər istifadəyə verilib.
Təhsil hər bir millətin gələcəyini müəyyənləşdirir. Yeni Havuş və Xətai kəndində təhsil ocağının ən müasir tələblər səviyyəsində şagird və müəllimlərin istifadəsinə verilməsi təhsil quruculuğu sahəsində görülən işlərin davamıdır.
Ali Məclis Sədri məktəbin pedaqoji kollektivi ilə görüşü zamanı bir mühüm məsələni də vurğulayıb: “Məktəbdə gənclərə təhsil vermək işin bir tərəfidirsə, onların vətənpərvər yetişdirilməsi isə qarşıda duran əsas vəzifədir”. Bu, bir həqiqətdir ki, bilikli və eyni zamanda vətənpərvər gəncliyin yetişdirilməsi gələcəyimiz baxımından böyük əhəmiyyət kəsb edir. Ali Məclis Sədrinin Yeni Havuş və Xətai kənd məktəbində şagirdlərin mütaliəyə cəlbi, eləcə də yubileyləri qeyd olunan görkəmli şəxsiyyətlərlə bağlı tədbirlərin keçirilməsi barədə tapşırıqlar verməsi də, məhz bu mühüm mərama xidmət edir.
Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsidir. Görülən işlərin davamı kimi Şərur rayonunda da bu istiqamətdə tədbirlər həyata keçirilir. Noyabrın 8-də rayonun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi istifadəyə verilib.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb. Ali Məclisin Sədri muxtar respublikanın yaşayış məntəqələrində içməli su sistemlərinin qurulması sahəsində həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirib, Şərur rayonunun Cəlilkəndində də yeni içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.
17 noyabr Naxçıvanın şanlı tarixində özünəməxsus yerə malikdir. Çünki üçrəngli Azərbaycan bayrağı ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə məhz 1990-cı ilin noyabrında Ali Məclisin sessiyasında qaldırılıb və Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Həmin dövrdə dahi şəxsiyyət Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla yanaşı, həm də bütün çətinliklərə baxmayaraq, təbiətin qorunması qayğısına qalıb. Bu gün də muxtar respublikada təbiətin zənginləşdirilməsi və yaşıl­lıqların artırılması sahəsində ­ardıcıl tədbirlər görülür.
Noyabrın 9-da muxtar respublikada Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib, Naxçıvan şəhərində yeni badam bağı salınıb. Ali Məclisin Sədri iməcilikdə iştirak edib, mövsüm ərzində badam bağında əkin işlərinin başa çatdırılması və yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.
Muxtar respublikada bütün sahələrdə əldə edilən nailiyyətlər onun ölkəmizin tərəfdaşı olan dövlətlərlə iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinə də əsaslı zəmin yaradıb.
Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.
Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva arasında kənd təsərrüfatı, təhsil və turizm sahələrində əməkdaşlıq üçün potensialın olduğunu bildirib.
Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Diyanət İşləri ­Başqanı Əli Erbaş ilə görüşüb.
İslamda dini dözümlülük və tolerantlıq ənənələrinin yaşadılmasından, dini-mənəvi dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyindən danışan Ali Məclisin Sədri ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib.
Ulu öndərimizin düşünülmüş və uzaqgörən siyasətində blokada vəziyyətində yaşayan Naxçıvana diqqət və qayğı həmişə üstün yer tutub, dahi şəxsiyyət siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən muxtar respublikanın təhlü­kəsizliyi, sosial-iqtisadi inkişafı məsələlərini xüsusi vurğulaması bir daha onu göstərir ki, ölkə rəhbəri bütün məsələlərdə olduğu kimi, Naxçıvanın daha parlaq gələcəyinin təmin olunmasında da dahi şəxsiyyətin siyasi kursuna sadiqdir.
Dövlət başçısının qeyd etdiyi kimi, çətin coğrafi vəziyyəti nəzərə alınaraq bu gün, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, muxtar respublikamızın hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik qərarlar qəbul olunub. Günnüt zəfəri bir daha Əlahiddə Ümumqoşun Ordunun yüksək döyüş qabiliyyətinə malik olduğunu sübut edib. Diyarımızın enerji və ərzaq təhlükəsizliyi də hərbi məsələlər qədər əhəmiyyətlidir. Qürurla deyə bilərik ki, 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Onlardan da 6-sı bərpa­olunan enerji sistemləridir. “Bu, doğrudan da tarixi nailiyyətdir”, – deyən dövlə­timizin başçısı bunun muxtar respublikanın təhlükəsizlik məsələsi olduğunu da vurğulayıb.
Onu da qeyd edək ki, Naxçıvanda ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində də tarixi nailiyyət əldə edilib. Diyarımızda kənd təsərrüfatının inkişaf etdirilməsi, qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə reallaşdırılan tədbirlərin davamıdır. Ali Məclis Sədrinin qeyd etdiyi kimi, 2003-cü ildə muxtar respublikada 39 min hektar sahə əkinə­yararlı torpaqlar idisə, Heydər Əliyev Su Anbarının istifadəyə verilməsindən, yeraltı suvarma şəbəkələrinin qurulmasından sonra bu gün həmin rəqəm artıq 62 min hektara çatıb. Bu, muxtar respublikanın özünü ərzaqla tam təmin etməsinə şərait yaradır.
Yeni Azərbaycan Partiyası ümummilli siyasi qüvvə kimi müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, varislik prinsiplərinə söykənərək uzun illərdir, ölkəmizin, o cümlədən muxtar respublikamızın inkişafını təmin edir. 27 il müddətində xalqımız və milli dövlətimiz əsrlərə bərabər yüksəliş yolu keçib. Məhz buna görədir ki, partiyaya üzv olanların sayı hər il daha da artır. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 56 mindən çox üzvü vardır. Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub.
Ali Məclisin Sədri noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünün tamam olduğunu bildirib, bu münasibətlə partiyanın muxtar respublika təşkilatının üzvlərini, təəssübkeşlərini və bütün muxtar respublika əhalisini təbrik edib.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının qərarı oxunub, Siyasi Şuranın və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verən Ali Məclisin Sədri deyib: “Bizim vəzifəmiz partiya işini düzgün təşkil etməklə ulu öndərin müəyyənləşdirdiyi vəzifələrin reallaşdırılmasına nail olmaqdan ibarətdir. Partiyamızı və ölkəmizi ümummilli liderin yolu ilə aparan ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır! Azərbaycanın gələcəyi Heydər Əliyevlə və onun siyasəti ilə bağlıdır”.
Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.
Muxtar respublikanın ərazisi, əhalisi və inkişafı barədə məlumat verən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrə diqqəti çəkib. Ali Məclisin Sədri Naxçıvanda avtomobil istehsalı və yeni texnologiyaların tətbiqi sahəsində Çin şirkətləri ilə əməkdaşlığın olduğunu bildirib, Çin hökuməti tərəfindən muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dəstəyə görə təşəkkür edib.
Ötən illər ərzində muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şahbuz rayonunda da geniş quruculuq işləri aparılıb, yaradılan möhtəşəm infrastruktur nəticəsində bu füsunkar bölgəmiz turizm mərkəzinə çevrilib. Ötən ay bu sıraya rayonun Türkeş kəndi də daxil olub. Kənd və xidmət mərkəzlərinin, məktəb binasının, avtomobil yolunun tikilməsi bu yaşayış məntəqəsini müasir Azərbaycan kəndinə çevirib.
Noyabrın 21-də – Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Türkeş kəndində həmin sosial obyektlər istifadəyə verilib. Ali Məclisin Sədri açılış tədbirlərində iştirak edib.
Qeyd etmək yerinə düşər ki, Türkeş muxtar respublikanın məhsuldar torpaqlara və geniş ərazilərə malik olan yaşayış məntəqələrindəndir. Burada aparılan kompleks quruculuq işləri isə məskunlaşmanı, insanların torpağa bağlılığını artıracaq, yeni-yeni ailə təsərrüfatları yaradılacaq. Budur, ötən əsrin 90-cı illərində kənddən köçüb gedənlər bu gün geri qayıdırlar. Artıq iki ailə kənddə məskunlaşıb. Yəni dövlətimiz kəndin inkişafı, bu yurd yerində insanların rahatlığının tam təmin edilməsi üçün bütün işləri görüb, Türkeşin siması tamamilə dəyişib. Kənd sakinlərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəkləri isə şübhəsizdir.
Sakinlərlə görüşündə Ali Məclisin Sədri bu barədə danışıb, Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə onları təbrik edib, Türkeş kəndinin muxtar respublikanın abad yaşayış məntəqəsi kimi daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Naxçıvan Muxtar Respublikasında ekologiyanın zənginləşdirilməsi istiqamətində aparılan işlər uğurla davam etdirilir. Bunun nəticəsidir ki, vaxtilə ərazisinin yalnız 0,6 faizi yaşıllıq olan muxtar respublikada bu rəqəm artıq 20 faizə çatıb. Bu tədbirlərin davamı olaraq noyabrın 23-də payız mövsümünün növbəti iməciliyi keçirilib. Ali Məclisin Sədri iməcilikdə iştirak edib, meyvə tingləri əkib.
Muzeylərə qayğı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün muxtar respublikada da uğurla davam etdirilir. Ali Məclis Sədrinin təşəbbüsü ilə mövcud muzeylərin iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə göstərilən qayğının ifadəsidir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 2 avqust tarixli “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması, bununla bağlı Tədbirlər Planının təsdiq edilməsi, noyabrın 30-da isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması tariximizə və milli mədəniyyətimizə göstərilən yüksək qayğının daha bir ifadəsidir.
Yubiley tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 95 illik yubiley münasibətilə muzeyin kollektivini və tədbir iştirakçılarını təbrik edərək deyib: “Müdrik fikirlərin birində deyilir ki, tarix gələcək haqqında elmdir. Bu fikirdə böyük həqiqət vardır. Əgər biz tariximizə sahib çıxır, onu öyrənir və təbliğ ediriksə, deməli gələcəyimiz üçün əsaslı təminat yaratmış oluruq. Naxçıvan Dövlət Tarix Muzeyinin bundan sonrakı fəaliyyəti də keçmişimizi yaşatmaq və gələcəyimizə xidmət amalı olmalıdır”.
Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı muzey işçilərinin fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bir daha göstərir.

Tarixi şəxsiyyətlərin həyatda qoyduğu iz, keçdiyi şərəfli ömür yolu onların yaşadıqları dövrün inkişaf salnaməsidir. Bu baxımdan qürurla deyə bilərik ki, Heydər Əliyev ideallarından güc alan, xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulan uğurlu fəaliyyət nəticəsində Naxçıvanın 24 illik tarixinə çox böyük quruculuq, yüksəliş salnaməsi yazılıb. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.

Rauf KƏNGƏRLİ

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR