29 Yanvar 2020, Çərşənbə

Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Səfər çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyulub, ulu öndərin xatirəsi dərin ehtiramla yad edilib. Qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Sonra qonaqlar Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yaradılan şəraitlə tanış olub, karateçilərin hazırladığı nümunəvi çıxışları izləyiblər. Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasan və federasiyanın idarə heyəti Duzdağ Fizioterapiya Mərkəzində olub, dünya əhəmiyyətli təbii şəfa ocağının fəaliyyəti ilə maraqlanıblar.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında keçirilən görüşdə qonaqları salamlayan federasiya sədri Fazil Ələkbərov Dünya Şotokan Federasiyasının və Azərbaycan Milli Karate Federasiyasının fəaliyyətinin muxtar respublikamızda da karate idman növünə marağın artmasında mühüm rol oynamasından danışıb.
Naxçıvan Muxtar Respublikasında olmaqdan qürur duyduğunu dilə gətirən Dünya Şotokan Federasiyasının və Türkiyə Cümhuriyyəti Karate Federasiyasının prezidenti Esat Delihasan dəvətə görə Karate-do Federasiyasının sədrinə minnətdarlığını bildirib. Vurğulayıb ki, bu gün Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında karatenin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığının bir daha şahidi olduq. Müasir idman zallarının, komplekslərin olması və idmançıların bunlardan səmərəli istifadəsi nəticəsində bu gün Naxçıvan karateçiləri iştirak etdikləri beynəlxalq yarışlarda uğurla mübarizə aparır, mükafatlar qazanırlar. Eyni zamanda 2020 Tokio Olimpiya Oyunlarında karatenin olması bu idman növünün bütün dünyada geniş yayılmasından xəbər verir. 2022-ci ildə isə keçiriləcək gənclər arasında olimpiadada karateyə geniş yer ayrılması federasiyanın uğurudur. Bu idman növünün olimpiya oyunlarına salınmasında Milli Karate Federasiyasının da mühüm rolu olduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən Karate-do Federasiyasının sədri Fazil Ələkbərov ilk olaraq Esat Delihasanı Dünya Şotokan Federasiyasına rəhbər seçilməsi münasibətilə təbrik edib. Qeyd olunub ki, karate sahəsində dünyadakı ən təcrübəli insanlardan birinin federasiyaya rəhbər seçilməsi sevindiricidir. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun şəkildə yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Bu gün muxtar respublikamızda da gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır. Yaradılan müasir idman mühiti isə gənclərin idmana olan marağını artırır, federasiyaların heyəti ilbəil genişlənir, onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır. Muxtar respublikada bu sahənin inkişafı mühüm istiqamət kimi müəyyənləşdirilib. Naxçıvanda hazırda 12 idman federasiyası fəaliyyət göstərir. Karate-do Federasiyası da onlardan biridir və yüksək dövlət qayğısı ilə əhatə olunub. Hazırda muxtar respublikada karate idman növü ilə 500-dən çox idmançı məşğul olur ki, onların da 100-dən çoxu qız ­idmançılarımızdır.
Fazil Ələkbərov diqqətə çatdırıb ki, son zamanlar idmançılarımızın keçirilən beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmələri sevindiricidir. Eyni zamanda bu, məsuliyyətimizi də artırır. Əlaqələrin möhkəmlənməsi isə muxtar respublikada karatenin inkişafına xüsusi təkan verəcək. Bildiyiniz kimi, Naxçıvanda hər il beynəlxalq turnirlər təşkil olunur. Cari ilin may ayında ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq turnir isə miqyasına görə daha geniş oldu. Burada Türkiyə və Gürcüstan komandalarının iştirakı, onların uğur qazanması bizi sevindirdi. Gələcəkdə daha genişmiqyaslı yarışlar keçirmək üçün Naxçıvanda hər bir imkan, şərait yaradılıb.
Karate-do Federasiyasının sədri vurğulayıb ki, Naxçıvanda uşaq və gənc idmançıların dünya səviyyəli tanınmış məşqçilər, federasiya rəsmiləri ilə görüşü yaddaqalan, həm də onlar üçün əlavə stimul olacaq. Dövlət qayğısı sayəsində muxtar respublikamızda idmançıların məşq etmələri üçün hərtərəfli şərait təmənnasız təşkil edilib.
Keçirilən görüşə görə minnətdarlığını bildirən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxışında ulu öndər Heydər Əliyevin idman siyasətindən və bu gün ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında digər idman sahələri ilə yanaşı, karate idman növü də sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, naxçıvanlı idmançılar keçirilən bütün yarışlarda uğur qazanırlar.
Karate idman növünün olimpiya oyunlarına salınmasının və belə mötəbər yarışda karateçilərimizin iştirakının qürurverici olduğunu vurğulayan federasiya prezidenti buna ciddi hazırlıq işləri getməsindən də danışıb, dəstəyə görə federasiyanın sədri Fazil Ələkbərova minnətdarlığını bildirib.
Dünya Şotokan Federasiyasının texniki direktoru, Gürcüstan Respublikası Karate Federasiyasının prezidenti Kaxa Basilia dəvətə görə minnətdarlığını bildirib və qeyd edib ki, hazırda Türkiyə və Azərbaycan karateçiləri dünyada liderdirlər. Burada böyük komandalar və güclü idmançılar var. Buna səbəb yaradılan şərait və onlara göstərilən etimaddır. Gürcüstan bu sahədə nisbətən geri qalır. İnanıram ki, sizinlə birgə görəcəyimiz işlər karatenin ölkəmizdə də inkişafına səbəb olacaq. Naxçıvanı gəzmək imkanım oldu. Şəhər çox gözəl və səliqəlidir. Hər şey yerli-yerindədir ki, bu da bir şəhərin nə qədər inkişaf etdiyinin göstəricisidir.
Dünya Şotokan Federasiyasının vitse-prezidenti Hayrettin Hamurcu və baş katibi Ercument Taşdemir çıxış edərək bildiriblər ki, belə bir görüşün təşkili qürurvericidir. Bundan sonra birgə fəaliyyətimiz nəticəsində Naxçıvanda federasiya yeni uğurlara imza atacaq. Məqsədimiz burada daha çox beynəlxalq turnirlərin təşkilidir. Buna Karate-do Federasiyası ilə birgə nail olacağımıza inanırıq.
Sonda Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxış edərək bildirib ki, hər il beynəlxalq tədbirlərin keçirilməsi, əcnəbi idmançıların diyarımıza gəlməsi artıq ənənə halını alıb. Bu, muxtar respublika rəhbərinin idmana, idmançılarımıza göstərdiyi qayğının nəticəsidir. Federasiya sədri dəvəti qəbul edib, muxtar respublikaya gəldiklərinə, görüşdə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib.
Dünya Şotokan Federasiyasının prezidenti və idarə heyətinin qərarına əsasən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov Dünya Şotokan Federasiyasının birinci vitse-prezidenti seçilib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təltif olunduğu xüsusi hazırlanmış medal və fəxri diplom Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyasının sədrinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov Dünya Şotokan Federasiyası, Azərbaycan Milli Karate Federasiyası və Gürcüstan Respublikası Karate Federasiyası tərəfindən fəxri diplom və hədiyyələrlə təltif olunub. Eyni zamanda Fazil Ələkbərova Dünya Şotokan Federasiyasının və Azərbaycan Milli Karate Federasiyasının 6-cı Dan dərəcəsi təqdim edilib.
Səfər çərçivəsində qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edib muxtar respublikamızın zəngin tarixi, müasir inkişaf səviyyəsi, füsunkar gözəllikləri ilə tanış olublar. Onlardan bəzilərinin təəssüratlarını oxucularımıza təqdim edirik.
Esat Delihasan – Dünya Şotokan Federasiyasının prezidenti: – Bu mənim Naxçıvana ikinci səfərimdir. Muxtar respublikaya növbəti gəlişimiz karatenin buradakı nümunəvi inkişafı və kütləviliyi ilə bağlıdır. Son zamanlar naxçıvanlı idmançıların qazandıqları uğurlar bizim də diqqətimizdədir və bunları izləyirik. Türkiyə ilə Azərbaycan iki dövlət olsa da, bir millətik. Buna görə burada olmaq, bura gəlmək mənim üçün qürurdur. Naxçıvan şəhərindəki Olimpiya İdman Kompleksində uşaqların məşqini izlədik. Doğrudan da, onları izləmək, məşqlərində iştirak etmək gözəl hissdir. Onların gözlərində sevinci görməmək qeyri-mümkün idi. Heç şübhəsiz ki, bu idmançılar qarşıdakı illərdə digər təcrübəli idmançılar kimi Azərbaycanı layiqincə təmsil edərlər. Naxçıvanda beynəlxalq yarışların keçirilməsini Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri ilə görüşümdə də müzakirə etdik. Qarşıdakı aylarda burada beynəlxalq yarışların keçiriləcəyini deyə bilərəm. Çünki muxtar respublika belə tədbirlərə ev sahibliyi etməyə qadirdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası sədrinin Dünya Şotokan Federasiyasının birinci vitse-prezidenti seçilməsi, heç şübhəsiz ki, bu idman növünün dünyəvi inkişafına, əməkdaşlığımızın möhkəmlənməsinə əhəmiyyətli təsir göstərəcək. Bir daha bizi burada gözəl qarşıladıqlarına, görüş təşkil etdiklərinə görə federasiya sədrinə minnətdarlığımı bildirirəm.
Yaşar Bəşirov – Azərbaycan Milli Karate Federasiyasının prezidenti: – Karate təkcə paytaxtda yox, ölkəmizin hər yerində geniş yayılıb. Buna Azərbaycanda idmanın maddi-texniki bazasının yaxşılaşdırılması nəticəsində nail olunub. Son illər müasirtipli olimpiya idman komplekslərinin, zalların inşası karatenin inkişafına da təkan verib. Xüsusilə də Naxçıvan Muxtar Respublikasında uşaq, yeniyetmə və gənclər karate ilə yaxşı şəraiti olan arenalarda məşğul olurlar. Biz Milli Karate Federasiyası olaraq idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığımızı bildiririk. Bu gün istənilən sahədə olan inkişafı muxtar respublikada görmək mümkündür. Karatenin Naxçıvanda kütləvi hal alması üçün mühüm addımlar atılır. Burada keçirilən beynəlxalq turnirlər, eyni zamanda naxçıvanlı idmançıların beynəlxalq arenalarda uğurlu çıxışları gündən-günə artmaqdadır. Onu da qeyd edim ki, hər dəfə Naxçıvana gəldikdə buranın daha da gözəlləşdiyinin, abadlaşdığının şahidi oluram.

 Ceyhun MƏMMƏDOV

  

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR