28 Sentyabr 2020, Bazar ertəsi

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi böyük Heydər Əliyevi öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini və bu tarixi yaradan əbədi şəxsiyyəti öyrənir.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikamızın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. 1969-cu ildən ötən 50 il ərzində bu, bir daha təsdiq olunub. Ulu öndərimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

Məhz dahi şəxsiyyətin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan bu illər ərzində sürətlə və hərtərəfli inkişaf edərək keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdir. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir 2,5 dəfə artmışdır. Respublikamızda bütün sahələrin – sənayenin, elmin, təhsilin, səhiyyənin inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılması böyük Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuş, intellektual, elmi-texniki və iqtisadi potensialı ciddi dərəcədə yüksəlmişdi.
Ulu öndər Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə azərbaycanlı milli kadrların hazırlanması işinə də xüsusi diqqət yetirirdi. Məhz onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. Təkcə bu fakta nəzər salmaq kifayətdir ki, 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı gənc Rusiya, Ukrayna və digər ölkələrin tanınmış ali məktəblərində təhsil alaraq respublikaya qayıtmış, Azərbaycanın inkişafına xidmət göstərmişdir.
Sovetlər Birliyi dövründə ulu öndərin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqət çəkən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
Dahi şəxsiyyət müdrikcəsinə dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı. O bildirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir. Həyata keçirdiyi tədbirlərdə böyük öndər bu faciənin qarşısını almağa çalışmış və ona nail olmuşdur. Öz uzaqgörənliyi ilə seçilən dahi şəxsiyyət hələ SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur. Bu, Heydər Əliyevin dilinə, dininə, milli dəyərlərinə bağlılığının, əsl vətəndaş qətiyyətinin parlaq təzahürüdür.
Bu, bir faktdır ki, ulu öndər Azərbaycanı parçalamaq istəyənlərin qarşısında həmişə böyük maneə olmuşdur. Odur ki, bədxah niyyətlilər bu məsələnin yeganə çıxış yolunu dahi şəxsiyyəti siyasi fəaliyyətdən uzaqlaşdırmaqda görürdülər. 1987-ci ildə əvvəlcədən hazırlanmış məkrli planın həyata keçirilməsi nəticəsində ümummilli liderimizin rəhbər vəzifədən uzaqlaşdırılmasından sonra Azərbaycanda bir-birinin ardınca torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının törədilməsi bu faktı bir daha təsdiqlədi. Ozamankı Azərbaycan rəhbərliyinin Moskvadakı xüsusi dairələrin nümayəndələri ilə əlbirliyi nəticəsində həyata keçirilən bu hadisələrdən sarsılan böyük insan xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qalxdı. Bu mübarizə ulu öndərin 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını cəsarətlə ittiham etməsi, xalqımızın başına gətirilən bu müsibəti bütün dünyaya çatdırması ilə başlandı.
Ümummilli liderimiz 1990-cı il iyulun 20-də Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ümummilli lider 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvandan başlandı, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı.
31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağıryüklü təyyarələrin qəbulu üçün aeroportun yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması və sadalamadığımız yüzlərlə belə böyük tədbirlər məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi. Ölkəmizin ən kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir.
1990-1993-cü illərdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. Ali Məclisin Sədri cənab Vasif Talıbovun Naxçıvanda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Pro­qramının üzvləri ilə görüşündə dediyi kimi: “1990-1993-cü illərin Azərbaycanı məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması, quberniyalara və əyalətlərə bölünməsi planı artıq çoxdan cızılmışdı və işə salınmışdı. Belə bir şəraitdə xalq yeganə nicatını, ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yolunu ümummilli lider Heydər Əliyevdə görürdü. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını böyük xilaskarın ali hakimiyyətə qayıdışında tapdı”.
Beləliklə ölkədə baş verən vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi.
Ölkənin tənəzzülə uğramış iqtisadiyyatının dirçəldilməsi istiqamətində islahatları başlıca hədəfə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı. Bu qətiyyət sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxardı. Həmin dövrdə dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu öndərin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyası bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevin böyük əməyi sayəsində reallaşmış, nəticədə ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur.
Bu il 95 illik yubileyini qeyd etdiyimiz Naxçıvanın muxtariyyətinin qorunub saxlanılması ulu öndərin mühüm strateji əhəmiyyətə malik olan diyarın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Mos­kva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir”.
1995-ci il noyabrın 12-də referendumla qəbul edilmiş, ulu öndərin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirmişdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Dahi şəxsiyyətin muxtariyyətimizin möhkəmləndirilməsi üçün gördüyü işlər Naxçıvanın ərazi bütövlüyünün qorunmasına səbəb olmuşdur. Ulu öndər tərəfindən əsası qoyulan quruculuq siyasətinin 30 ilə yaxın bir dövrdə böyük qətiyyətlə həyata keçirilməsi, Naxçıvanın bütün sahələrdə uğurlu inkişafı muxtar respublikamızın tərəqqi edərək blokadanı yarıb yeni bir tarix yazması ilə nəticələnib.

Tarix özü sübut edir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Ali Məclis Sədrinin dediyi kimi: “Ümummilli liderimizin bütün həyatını göz önünə gətirsək, keçdiyi mənalı ömür yolunu nəzərdən keçirsək, böyük ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu – Azərbaycandır. Ulu öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və Azərbaycançılıq uğrunda çalışmış, mübarizə aparmış və qalib gəlmişdir”.

“Şərq qapısı”

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR