29 Yanvar 2020, Çərşənbə

Dekabrın 11-də Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, dosent Elbrus İsayev Azərbaycan-Macarıstan münasibətlərinin bütün sahələrdə, o cümlədən elm və təhsildə uğurla inkişaf etdiyini bildirib. Qeyd olunub ki, universitetin beynəlxalq əməkdaşlığının inkişafı nəticəsində bu ali təhsil ocağında 10 ölkədən 800-ə yaxın tələbə təhsil alır. Rəhbərlik etdiyi ali məktəblə Macarıstan universitetləri arasında əməkdaşlıq imkanlarından danışan rektor vurğulayıb ki, hazırda Naxçıvan Dövlət Universite­tinin bir tələbəsi Macarıstanın Budapeşt şəhərində fəaliyyət göstərən Beynəlxalq Biznes Məktəbində ali təhsilini davam etdirir.
Səfir Erasmus+ layihəsinə əsasən Naxçıvan və Macarıstan universitetləri arasında qarşılıqlı əlaqə, Macarıstanda olan təqaüd proqramları haqqında danışıb. Diplomat bildirib ki, tələbələr bakalavr və magistr üzrə Kənd təsərrüfatı və su menecmenti, Təbiət elmləri və davamlı inkişaf, Səhiyyə elmləri, Turizm, Mühəndislik, İnformasiya texnologiyaları, İqtisadiyyat, Biznes və menecment ixtisasları üzrə, istənilən ixtisası seçməklə isə doktorantura səviyyəsində təhsillərini Macarıstan ali məktəblərində davam etdirə bilərlər.
Görüşdə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, tələbələrin sualları cavablandırılıb.
Səfir “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Naxçıvan Biznes Mərkəzində, “Naxçıvan” Universitetində də olub, muxtar respublikanın zəngin turizm və istehsal potensialı onda böyük maraq doğurub.
“Şərq qapısı” qəzetinə müsahibəsində səfir qeyd edib ki, Azərbaycanla Macarıstan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. İqtisadiyyat, turizm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığımız uğurla inkişaf edir. Naxçıvan Biznes Mərkəzində olarkən muxtar respublikada istehsal olunan məhsulların geniş ixrac potensialı haqqında ətraflı məlumat aldım. Gələcəkdə macarıstanlı iş adamlarının Naxçıvana gəlməsi və işgüzar əlaqələrin qurulması üçün səylərimizi əsirgəməyəcəyik.
Diplomat deyib: “Naxçıvanda bir sıra maraqlı görüşlər keçirdik, gələcəkdə hansı sahələrdə əməkdaşlıq edə biləcəyimiz barədə müzakirələr apardıq. Mən buradakı ali təhsil müəssisələrində yaradılan yüksək səviyyəli şəraitlə də tanış oldum. Macarıstanda 2000-dən çox azərbaycanlı tələbə təhsil alır. Düşünürəm ki, Naxçıvandakı ali təhsil müəssisələri ilə Macarıstandakı universitetlər arasında gələcəkdə uğurlu tərəfdaşlıq əlaqələri qurula bilər”.

Tural AĞAYEV

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR