28 Sentyabr 2020, Bazar ertəsi

Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ­əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev ­Muzeyini ziyarət edib.

“Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi ilə tanışlıq zamanı diplomata məlumat verilib ki, müəssisədə 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Naxçıvan Biznes Mərkəzinə gələn qonağa məlumat verilib ki, mərkəzin sərgi salonunda 94 müəssisənin 196 növdə məhsulu, 65 ailə təsərrüfatında istehsal olunan 20 növdə, 157 çeşiddə məhsul, sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş ­etdirilir.
“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində səfirə bu müəssisənin istehsal gücü, burada istehsal olunan məhsulların çeşidi haqqında ətraflı məlumat verilib. Gündəlik maksimum istehsal gücü 2000 kvadratmetr olan müəssisədə klassik ağ və qara suyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, sienit də istehsal edilir.
Serjan Abdıkarimov səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Nuh Peyğəmbərin məzarüstü və Möminə xatın türbələri ilə də tanış olub.
Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi barədə danışıb, Naxçıvanla bağlı təəssüratlarını bölüşüb: “Öncə səfərimi yüksək səviyyədə təşkil etdiyi və geniş məzmunlu görüş üçün muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm. Cənab Sədrlə uğurlu əməkdaşlıq və təhsilin, ticarətin, elmin, turizmin inkişafına təsir edəcək əlaqələrin genişlənməsi istiqamətində maraqlı görüşümüz oldu. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri ilə də görüşdüm. Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullarla tanış olma imkanı əldə etdim. Bu diyarla qısa tanışlıq mənə müsbət təsir göstərdi. Bu gün Naxçıvanda ərzaq məhsullarından avtomobillərə kimi aktiv istehsal prosesi müşahidə olunur. Bu inkişaf, qazanılan bütün uğurlar, təbii ki, bir tərəfdaş ölkənin vətəndaşı kimi bizi də çox sevindirir. Əminəm ki, muxtar respublikaya səfərim, burada keçirdiyim işgüzar görüşlər bütün sahələrdə birgə əməkdaşlığımızın inkişafına böyük imkanlar açacaq.
Onu da deyim ki, bu, muxtar respublikaya ilk səfərimdir. Çox şadam ki, qısa da olsa, belə qədim və gözəl diyarla tanış ola bildim. Böyük həvəslə bir sıra müqəddəs yerləri gəzdim, dünya əhəmiyyətli tarixi məkanlarda oldum. Gördüklərimə əsasən deyə bilərəm ki, Naxçıvan ilk mədəniyyətlərin formalaşdığı qədim diyardır. Məni ən çox heyrətləndirən şəhərdəki nizam-intizam və səliqə-sahman oldu. Hər şey Qərbi Avropanın şəhərlərində olduğu kimidir”.

 Nail ƏSGƏROV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR