28 Sentyabr 2020, Bazar ertəsi

23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.

Seçki məntəqəsinin açılması
Seçki günü səhər saat 700-dan gec olmayaraq MnSK-nın üzvləri seçki məntəqəsini səsvermə prosesinə hazırlamaq üçün toplaşırlar. MnSK-nın bütün üzvləri işə hazır olmalıdırlar. Seçki məntəqəsi açılmazdan əvvəl MnSK-nın sədri komissiya üzvləri arasında aparılan vəzifə bölgüsünü təsdiqləyir və onlar öz iş yerlərini tuturlar. MnSK üzvlərinin vəzifə bölgüsü sədrin razılığı ilə komissiya üzvlərinin fikirləri nəzərə alınmaqla dəyişdirilə bilər. Seçki məntəqəsinin açılışına hazırlıq üçün sədr və ya onu əvəz edən komissiya üzvü aşağıdakı tapşırıqları verir:

• Seçki materiallarının və avadanlıqlarının hazırlanması
MnSK-nın üzvləri seçki məntəqəsində işin təşkilinə cavabdehdirlər. Səsvermə kabinələri və müvafiq məlumat lövhələri düzəldilməli, səsvermə qaydasına dair təlimat plakatları divara vurulmalı və səsvermə kabinələrində yerləşdirilməli, MnSK-nın möhürü, gözəgörünməyən mürəkkəb balonları, ultrabənövşəyi lampa, batareyalar, səsvermə üçün zəruri olan material və avadanlıqlar hazırlanmalıdır.
• Səsverməyə dair təlimat və məlumat plakatları
MnSK-nın sədri səsvermə otağında asılmış seçki bülleteninin doldurulmasına dair izahın səsvermə kabinəsində də yerləşdirilməsini təmin etməlidir. O, səsvermə saat­larında həmin plakatların yerində olmasını müntəzəm surətdə yoxlamalıdır.
• Təşviqat materiallarının seçki məntəqəsindən çıxarılması
MnSK-nın üzvləri səsverməyə 24 saat qalmış seçicilərin maarifləndirilməsi üçün nəzərdə tutulan məlumatlar istisna olmaqla, bütün təşviqat materiallarını səsvermə otağının daxilindən və xaricindən çıxarmalıdırlar.
• Akkreditasiyanın yoxlanılması
MnSK-nın katibi seçki məntəqəsinə gəlmiş bütün müşahidəçilərin akkreditasiyasını və qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, siyasi partiyaların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin və KİV nümayəndələrinin lövhəciklərini yoxlamalıdır.
• DSK-dan alınmış seçki bülletenlərinin sayılması və qeydiyyatı
Səsvermə başlanmazdan əvvəl MnSK-nın üzvləri buna hüququ olan şəxslərin müşahidəsi ilə seçki bülletenlərini sayır, onların hər birinin MnSK tərəfindən əvvəlcədən möhürləndiyini yoxlayır (bülletenlər Seçki Məcəlləsinin 99.6-cı maddəsinə uyğun olaraq DSK-dan alındıqdan sonra onların üz tərəfinin yuxarı sağ küncü MnSK-nın möhrü ilə möhürlənir) və bu barədə akt tərtib edirlər. Seçki bülletenlərinin sayı dəqiqləşdirildikdən sonra MnSK-nın sədri onların sayını elan edir. Bu məlumat səsvermənin nəticələri haqqında protokolun qaralama nüsxəsinin 3-cü bəndinə daxil edilir.
• Seçki qutularının hazırlanması
Səhər saat 750-də MnSK-nın sədri seçki məntəqəsini açıq elan edir, boş seçki qutularını seçki komissiyasının üzvlərinə, seçki məntəqəsində olan müşahidəçilərə göstərir, onları bağlayır, fərdi nömrələnmiş və təhlükəsizlik üçün nəzərdə tutulmuş birdəfəlik plastik kilidlərlə bağlayır. Sədr həmin kilidlərin fərdi nömrələrini elan edir. Bu nömrələr MnSK-nın müvafiq aktında qeyd olunur. Səsvermə günü seçki qutuları müşahidəçilərin və MnSK üzvlərinin maneəsiz daim müşahidə edə biləcəyi yerdə yerləşdirilməlidir.

• Mürəkkəb və ultrabənövşəyi lampaların yoxlanılması

Mürəkkəb və ultrabənövşəyi lampalar seçki məntəqəsi açılmazdan əvvəl müşahidəçilərin müşahidəsi ilə yoxlanılır. Yoxlama səsvermə otağında, MnSK üzvlərinin birinin çeçələ barmağında aparılır və mürəkkəb balonları səsvermə otağında, masanın üstündə, hamının sərbəst görə biləcəyi yerdə saxlanılır.

• Səsvermənin nəticələrinə dair məlumatları göstərmək məqsədilə böyüdülmüş protokol nümunələrinin asılması

Səsvermə otağında səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədilə səsvermənin yekununa dair böyüdülmüş protokol nümunələri asılmalıdır.

• Səsvermənin başlanmasının elan edilməsi

Səhər 800-da MnSK-nın sədri səsvermənin başlanmasını ucadan elan edir.
Səsvermə günü seçki məntəqəsində kimlər ola bilər:
 MnSK-nın üzvləri;
 Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyasının üzvləri;
 müvafiq seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvləri;
 qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, akkreditasiyadan keçmiş beynəlxalq və yerli müşahidəçilər;
 KİV nümayəndələri;
 seçicilər (o cümlədən səsvermənin həyata keçirilməsi zamanı yardıma ehtiyacı olan seçicilərə kömək edən şəxslər);

YADDA SAXLA!
Səsvermə günü ərzində MnSK-nın üzvləri seçki məntəqəsini tərk etməməlidir. Səsvermə günü seçki məntəqəsində siqaret çəkmək və spirtli içki içmək qəti qadağandır.

Zəruri hallarda aşağıdakı şəxslər də seçki məntəqəsində ola bilərlər:
 səsvermə hüququnu həyata keçirən zaman və ya MnSK-nın sədrinin dəvəti ilə yalnız ictimai asayişi bərpa etmək üçün xidməti geyim formasında olan polis işçiləri;
 müvafiq mütəxəssislər (MnSK sədrinin dəvəti ilə yalnız texniki problemləri həll etmək üçün);
 zəruri yardıma ehtiyac olan hallarda kömək üçün dəvət edilən mütəxəssislər (təcili tibbi yardım, yanğınsöndürmə və sair üzrə mütəxəssislər).
Onlar vəzifələrini icra edən kimi seçki məntəqəsini tərk etməlidirlər.

Səsvermə prosesi

Seçici səs vermək üçün şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən müvafiq sənədi təqdim etməlidir.
Seçicini qarşılayan və barmağının mürəkkəblə işarələnməsini yoxlayan MnSK-nın üzvü:
• seçki məntəqəsinə gələn hər bir seçicini səsvermə otağının girişində salamlayır;
• seçicilərin şəxsiyyətini təsdiqləyən müvafiq sənədini yoxlayır;
• ultrabənövşəyi lampa vasitəsilə seçicinin sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözəgörünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayır və yəqin edir ki, seçici səs verməyib. Ultrabənövşəyi işıq seçicinin sol əlinin baş barmağı boyunca salınmalıdır;
• əgər seçicinin barmağı artıq mürəkkəblə işarələnmişsə, MnSK-nın üzvü ondan dərhal məntəqəni tərk etməsini tələb edir və seçicinin bu tələbi yerinə yetirməsinə əmin olur;
• hər bir seçicidən səsvermə prosesinə aid sualı olub-olmamasını soruşur;
• barmağında mürəkkəb olmayan seçiciyə məlumat lövhəsinə və sonra bülleten verən və seçicinin barmağını mürəkkəblə işarələyən MnSK-nın üzvünə yaxınlaşmağı tövsiyə edir.
Səs vermək üçün seçici aşağıdakı sənədlərdən birini təqdim etməlidir:
1. Azərbaycan Respublikasının vətəndaşları üçün:
- şəxsiyyət vəsiqəsi;
2. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular üçün:
- zabitin şəxsi vəsiqəsi;
- hərbi bilet.
3. Barələrində həbs növündə qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər üçün:
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd.
4. Azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar üçün:
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd.
5. Azərbaycan Respublikası ərazisində 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün:
- icazə vəsiqəsi (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş onların ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəd)
- vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.
6. Müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkə vətəndaşları üçün:
- icazə vəsiqəsi

YADDA SAXLA!
Seçki prosesində yuxarıda göstərilən sənədlərdən başqa, digər sənədlərdən istifadə olunması yolverilməzdir.

Seçicinin barmağını mürəkkəblə işarələyən və bülleten verən MnSK-nın üzvü:
• seçicinin adını və soyadını soruşur və şəxsiyyətini təsdiq edən müvafiq sənədi təqdim etməyi ondan xahiş edir;
• seçicinin adını seçicilər siyahısında tapır;
• təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsini seçicilər siyahısında seçicinin adı qarşısında qeyd edir;
• seçiciyə sol əlinin baş barmağının gözə­görünməyən mürəkkəblə işarələnməsini təklif edir;

YADDA SAXLA!
Barmağının mürəkkəblə işarələnməsinə etiraz edən seçiciyə seçki bül­leteninin verilməyəcəyi izah edilir. Əgər seçici fikrini dəyişməzsə, ondan seçki məntəqəsini tərk etməsi xahiş olunur. Bu barədə seçici siyahısında “işarələnmədən imtina etdi” qeydi aparılır.

• seçici razılaşarsa, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsini gözəgörünməyən mürəkkəblə işarələyir və işarələndiyini yəqin edir. O, seçicini təlimatlandırır ki, mürəkkəb quruyanadək barmağına toxunmasın;
• seçiciyə möhürlənmiş seçki bülleteni verir. Seçki bülletenini seçiciyə verərkən bülletenin nömrələnmiş yuxarı sol küncünü kəsir və özündə saxlayır;
• adı seçicilər siyahısında olan seçicidən siyahıda adının qarşısındakı “seçicinin seçki bülletenini alması haqqında imza” qrafasında imza etməsini xahiş edir;

YADDA SAXLA!
Seçiciyə təsir göstərməyə cəhd edən, gizli səsvermənin qaydalarını pozan şəxs MnSK-nın qərarı ilə seçki mən­təqəsindən çıxarılır.

• seçicini boş səsvermə kabinəsinə keçib seçki bülletenində namizədlərin soyadlarından sağdakı kvadratlarda seçiləcək bələdiyyə üzvlərinin sayına bərabər və ya bundan az sayda namizədə səs verdikdən sonra bülleteni qatlaması və seçki qutusuna salaraq seçki məntəqəsini tərk etməsi barədə təlimatlandırır.

YADDA SAXLA!
Hər seçici seçicilər siyahısında imza edərək yalnız BİR seçki bülleteni alır və onda işarə qoyur. Seçicilər seçki bülleteninə işarəni səsvermə kabinəsində gizli şəkildə qoymalıdırlar. Seçki məntəqəsində seçki axınına diqqət yetirilməlidir. Səsvermə kabinəsində seçici səs verərkən digər seçicinin kabinəyə daxil olmasına imkan verilməməlidir!

MnSK-nın seçki qutusunun mühafizəsi üçün cavabdeh üzvü:
• seçicinin seçki bülletenini qatlayaraq seçki qutusuna salmasına əmin olur;
• səs vermiş seçicidən seçki məntəqəsini tərk etməsini xahiş edir.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR