28 Sentyabr 2020, Bazar ertəsi

Şərur rayonu

XX əsr Azərbaycan tarixinin daha yaddaqalan, önəmli və əlamətdar bir mərhələsi var: altmışıncı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi bir zaman! Bu tarixi salnamənin hər kəsdən daha fəal iştirakçısı da, yaradıcısı da dahi şəxsiyyət – daim xalqına arxalanan və bu xalqa etibarlı arxa, dayaq olan xilaskar, qurucu, yaradıcı insan, Azərbaycan kimi dünyanın maraqlarını özünə cəlb edən bir ölkənin məsuliyyətini uzun illər çiyinlərində daşıyan, onu bir dövlət, bir millət kimi tarixin sınaqlarından uğurla çıxaran görkəmli dövlət xadimi Heydər Əliyevdir. Bütün mənalı həyat və fəaliyyətini yeni Azərbaycanın qurulmasına, yaşadılmasına sərf edən, tarixə dünyanın ən böyük siyasi lideri kimi düşən ulu öndər ölkəmizə bir qərinəlik rəhbərliyi dövründə elə böyük işlərə imza atıb ki, bu gün onları göz önünə gətirəndə belə bu dahilik qarşısında hamımız ehtiramla baş əyirik. Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə respublikamızın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib, onlarla məktəb, xəstəxana, mədəniyyət müəssisəsi üçün yeni bina tikilib istifadəyə verilib, yollar, körpülər salınıb, meliorasiya-irriqasiya işləri görülüb. Ümummilli liderin bilavasitə rəhbərliyi ilə Şərurda yaradılan ­Arpaçay Su Qovşağı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan yaradıb. Ulu öndərin həyata keçirdiyi çoxşaxəli, ardıcıl tədbirlərdən muxtar respublikanın bu böyük bölgəsinə də xeyli pay düşüb. Yeni sənaye müəssisələrinin işə salınması, aqrar sahədə həyata keçirilən islahatlar rayonda iqtisadiyyatın, buna müvafiq olaraq əhalinin maddi rifah halının xeyli yüksəlməsinə imkan yaradıb.

Muxtar respublika Ali Məclisi Sədrinin bu siyasətə sadiqliyinin nəticəsidir ki, son illər rayonda 50-dən artıq yaşayış məntəqəsində geniş quruculuq tədbirləri həyata keçirilib. Təkcə bu il 6 yaşayış məntəqəsində yeni sosial obyektlər istifadəyə verilib, bütün infra­strukturlar təzələnib, Şərur şəhərində iki ictimai yaşayış binası əsaslı şəkildə yenidən qurulub. Muğancıq Mehrab və Məmmədsabir kəndlərində aparılan quruculuq tədbirləri isə yekunlaşmaq üzrədir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin tikintisinə başlanması rayonda sənaye potensialının daha da genişləndirilməsinə təkan verəcəkdir.
Ümumiyyətlə, Şərur ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyin nəticəsində inkişafının yeniləşən mərhələsini yaşayır.
Dekabrın 12-də ölkəmizin hər yerində olduğu kimi, Şərur rayon sakinləri də ulu öndərin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək Onun əziz xatirəsini yad edib, hörmət və ­ehtiramlarını bildiriblər.

Babək rayonu

Ümummilli liderin hələ Sovetlər Birliyi dönəmində cəsarət və qətiyyətlə həyata keçirdiyi tədbirlərdən biri də Babək rayonunun yaradılması ilə bağlı oldu. 1978-ci ildə mərkəzin iradəsinin əksinə olaraq yeni bir rayon təşkil edib, ona xalq qəhrəmanının adını vermək yalnız Heydər Əliyev dühasına, şəxsiyyətinə nəsib ola bilərdi.

Bu gün 75 mindən çox əhalisi olan Babək rayonu 35 kənd və 1 qəsəbədən ibarətdir. Ötən dövr ərzində dahi şəxsiy­yətin müəyyən etdiyi sabitlik və inkişaf yoluna göstərilən dərin sədaqətin nəticəsində rayonun yaşayış məntəqələri başdan-başa yenidən qurulub, infra­struktur yenilənib.
Ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi sayəsində ötən illərlə müqayisədə Babək rayonunda sənaye məhsulunun həcmində bir neçə dəfə artım olub. Rayon ərazisində iri daş məhsulları, kərpic, beton məmulatları və mineral su istehsalı müəssisələri ilə yanaşı, kiçik sahibkarlıq subyektləri də yaradılıb. Nehrəmdə gəc istehsalı, digər kəndlərdəki emal sahələrini və Cəhri, Sirab, Hacıvardakı un dəyirmanlarını nəzərə alsaq, burada çox sayda babəklinin işlə təmin olunduğunu görmək olar.
Babək rayonunda aparılan abadlıq-quruculuq işləri hər il davamlı xarakter alır. 2019-cu ildə isə rayonda Ali Məclis Sədrinin iştirakı ilə müasir ağacyetişdirmə sahəsi – “İqlim otağı” fəaliyyətə başlayıb, Elektrik Şəbəkəsi üçün tikilən inzibati bina istifadəyə verilib. Bununla yanaşı, cari ilin payız aylarında tarixi yaşayış məntəqəsi olan qədim Kültəpə müasirliyə qovuşub. Quruculuq ərməğanının növbəti ünvanı isə kiçik yaşayış məntəqəsi Gülşənabad olub. Rayonda Baytarlıq İdarəsinin və Süni Mayalanma Mərkəzinin tikintisi də uğurla davam etdirilib. İndi fəxrlə demək olar ki, Babək bu gün muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Bütün bunlar isə Heydər Əliyev ideyalarının uğurlu davamının əməli bəhrələridir.
Dekabrın 12-də Babək rayonunda dahi şəxsiyyətin anım günü ilə əlaqədar olaraq keçirilən mərasimdə rayon sakin­ləri xalqımızın böyük oğlunun əzəmətlə ucalan abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar.

Ordubad rayonu

Görkəmli dövlət xadimi Heydər Əliyev xalqımızı can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Ümummilli ­liderimizin 1993-cü ilin iyun ayında Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə xalqımızın itiril­miş inamı özünə qaytarılmış, ictimai-siyasi sabitliyin əsası qoyulmuşdur.
Ulu öndər tərəfindən müəyyənləşdirilən sosial­-iqtisadi strategiya, quruculuq xətti bu gün Naxçıvan Muxtar Respublikasında da Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə layiqincə davam etdirilir. Bunu Ordubad rayonunun timsalında da aydın görmək olar. Belə ki, bu rayon son 24 ildə neçə onilliklərə bərabər inkişaf yolu keçərək müasirliyə qovuşmuş, həyatın bütün sahələrində böyük uğurlar qazanılmışdır. Əldə olunan uğurların təməlində isə ulu öndər Heydər Əliyev yoluna böyük inam, bu dahi şəxsiyyətin ideyalarına sədaqət dayanır.
Təkcə yola salmaqda olduğumuz 2019-cu ilə nəzər yetirdikdə nə qədər böyük uğurlar qazanıldığını görə bilərik. Bu il yanvar ayında rayonun ən iri kənd yaşayış məntəqəsi olan Dəstə kəndində kompleks quruculuq işləri görülmüşdür. May ayında isə Ordubad şəhərində rayon İcra Hakimiyyətinin və şəhər İcra Nümayəndəliyinin binaları əsaslı yenidənqurma və təmirdən sonra istifadəyə verilmişdir. Azadkənddə yeni su təchizatı sisteminin qurulması layihəsinin icrası başa çatdırılmış, Dəstə­başı-Vənənd avtomobil yolu əsaslı təmir edilmiş, dekabr ayında isə Dırnıs kəndində Allah­şükür məscidi istifadəyə verilmişdir. Bundan başqa, Ordubad şəhərində içməli su və kanalizasiya xətlərinin, 28 mənzilli yaşayış binasının inşası, Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması, Ordu­bad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Millətinin gələcəyi üçün gördüyü işlərə, insanların rifahı naminə misilsiz xidmətlərinə, bugünkü əmin-amanlığa, firavanlığa görə xalqımızın böyük oğlu Heydər Əliyev ölkəmizin hər yerində olduğu kimi, “Azərbaycanın incisi” adlandırdığı Ordubadda da rayon sakinləri tərəfindən həmişə minnətdarlıqla xatırlanır. Ordubadlılar inanırlar ki, ulu öndər Heydər Əliyev siyasəti bundan sonra da yaşayacaq.
Dekabrın 12-də Ordubad rayonunda da dahi rəhbərin, əbədiyaşar liderin anım mərasimi keçirilib. Ordubadlılar şəhərin mərkəzindəki ulu öndər ­Heydər Əliyevin büstü önünə gələrək görkəmli dövlət xadiminə sevgi və ehtiramlarını bildirib, büstün önünə gül dəstələri qoyublar.

Culfa rayonu

Culfa rayonunda da ümummilli ­liderin xatirəsi böyük ehtiramla yad olunub. İdarə, müəssisə, təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri ulu öndərin Culfa şəhərindəki büstünü ziyarət edib, tər gül dəstələri qoyublar.
Görkəmli dövlət xadiminin müdrikliklə davam etdirilən quruculuq siyasətinin bu rayonda da xeyli bəhrələri var. Məhz bu bəhrələr hesabına Culfa da müasir rayona çevrilib. Bir-birindən yaraşıqlı inzibati və ictimai yaşayış binaları, parklar, abad prospekt və küçələr, həm şəhərdaxili, həm də rayonun kəndləri arasında salınmış asfalt yollar sakinlərin istifadəsinə verilib. Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da mühüm sahələrdən olan aqrar bölmənin inkişafı diqqət mərkəzində saxlanılıb, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşıb. Culfada da son illərdə əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, ulu öndərimiz tərəfindən əsası qoyulan işlər muxtar respublikamızda uğurla davam etdirilir.
Cari il də culfalılar üçün quruculuq tədbirləri ilə yaddaqalan olub. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirlərinin aparılması davamlı xarakter alıb. Hazırda rayon mərkəzindəki Heydər Əliyev prospekti yenidən qurulur, Rabitə Evi, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin inzibati binası, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımalar İdarəsinin Vaqon Təmiri sexi, Təhsil şöbəsi üçün binalar inşa olunur, kənddaxili yollara qara örtük salınır, Ərəfsə kəndində Daş körpü tarix və mədəniyyət abidəsi bərpa olunub, Darıdağ arsenli su müalicə və istirahət kompleksində tikinti işləri davam edir.
Təbii ki, görülən işlər Culfa rayonunun sakinləri tərəfindən ümummilli liderin parlaq ideyalarının davamı kimi minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi daim ehtiramla yad edilir.

Kəngərli rayonu

Dekabrın 12-də Kəngərli rayon sakinləri ümummilli ­liderin rayon mərkəzindəki abidəsi önünə tər gül dəstələri qoyub, müstəqil Azərbaycanın qurucusunun ­xatirəsini dərin ehtiramla yad ediblər. İdarə, müəssisə və təşkilatların, məktəblərin kollektivləri, ictimaiy­yətin nümayəndələri ulu öndərin əziz xatirəsinə sonsuz məhəbbətlərini ­ifadə ediblər.
Heydər Əliyev ideyalarının muxtar respublikamızda uğurla həyata keçirilməsi bütün bölgələrimiz kimi, Kəngərli rayonunu da gözəlliklər diyarına çevirib. Bu il yaradılmasının 15 illiyi tamam olan rayonda ötən illər ərzində mühüm infrastruktur layihələri həyata keçirilib. Rayonda yeni istehsal müəssisələrinin işə salınması ilə geniş iqtisadi potensialın əsası qoyulub, əhalinin məşğulluğunun və güzəranının yaxşılaşdırılması üçün etibarlı təminat yaradılıb.
Bəli, bu gün Kəngərli rayonu hərtərəfli inkişaf və tərəqqiyə qovuşub. Əsaslı və kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, rayon mərkəzi sayılan Qıvraq qəsəbəsi tamamilə öz simasını dəyişib.
Rayonun davamlı sosial-­iqtisadi inkişafı, o cümlədən tikinti-quruculuq tədbirləri cari ildə də davam etdirilib. 2019-cu ildə Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başlayıb, Qıvraq qəsəbəsində bir yaşayış binasının tikintisi başa çatdırılıb, hərbi hissədə isə zabit-gizir ailələrinin ixtiyarına yeni yaşayış binası verilib. Hazırda rayonda qurucu­luq tədbirləri davam etdirilir.
Yaradılmış münbit şərait aqrar bölgə olan Kəngərlidə kənd təsərrüfatının da sürətli inkişafına təkan verib. Rayonda əkin sahələrinin əhatəsi genişləndirilir, yeni suvarma sistemləri yaradılır, məhsuldarlıq ildən-ilə artır.
Bəli, günü-gündən gözəlləşən və müasirliyə qovuşan Kəngərli rayonu hazırda özünün yüksəliş və intibah dövrünü yaşayır. Bu inkişaf, müasirlik və yeniləşmə Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsinin nəticələridir.

Şahbuz rayonu

Şahbuz rayonunun sakinləri, idarə, müəssisə və təşkilat kollektivləri, hərbi hissə, həmçinin ictimaiyyət nümayəndələri hər il olduğu kimi, bu il də ­görkəmli dövlət xadimi Heydər Əliyevin rayon İcra Hakimiyyətinin binası qarşısındakı büstü önünə təzə-tər qərənfillər düzərək onun əziz xatirəsini hörmətlə yad ediblər.
Ulu öndərin diqqət və qayğısı ilə regionların inkişafına göstərilən dəstək Şahbuzun da tərəqqisinə yol açdı. Ötən illər ərzində rayonda tikinti-quruculuq siyasəti dövlət qayğısı ilə davamlı şəkildə həyata keçirilib.
Müasirliyə qovuşan rayonda bu il də tikinti-quruculuq işləri geniş vüsət alıb. 2019-cu ilin ötən dövrünə nəzər salanda yenə də ulu öndər Heydər Əliyev siyasətinin bəhrələrini aydın görmək olur.
Muxtariyyətimizin 95 illik yubileyi ilində rayonda yeni Aviakassa binası, Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib. Şahbuz Rayon Mədəniyyət Sarayı, Dövlət Arxivi üçün nümunəvi şərait yaradılıb. Quruculuq işləri rayonun Türkeş kəndini də yeni inkişaf mərhələsinə ­qovuşdurub.
Rayonun Sələsüz, Yuxarı Qışlaq, Aşağı Qışlaq, Mahmudoba və Kolanı kəndlərində mərasim evi inşa olunub. Kükü, Badamlı kəndlərində isə mərasim evlərinin tikintisi davam etdirilir. Bütün bunlar muxtar respublikada Heydər Əliyev ideyalarının sədaqətlə və yaradıcı şəkildə davam etdirilməsinin nəticəsidir. Bu uğurlar həm də onu sübut edir ki, ümummilli liderin ölməz xatirəsi və böyük əməlləri daim yaşayacaq.

Sədərək rayonu

Ümummilli lider Heydər Əliyevin anım günü Sədərək rayonunda da dahi şəxsiyyətin Heydərabad qəsəbəsindəki büstü ziyarət edilmiş, önünə tər güllər düzülmüşdür.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan ümummilli lider böyük siyasət üçün yaranan nadir şəxsiyyət idi. Ölkəmiz bu gün ulu öndərin uğurlu siyasətinin davam etdirilməsi sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar ümummilli lider Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
Naxçıvan Muxtar Respublikasının sərhəd bölgəsi olan Sədərək rayonunun yaradılması, inkişafı və tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sədərək rayon kimi muxtar respublikanın inzibati ərazi bölgüsünə 1990-cı il avqustun 28-də daxil edilmişdir. Rayon mərkəzi olan Heydərabad qəsəbəsinin əsası hələ ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 90-cı illərində Sədərək mənfur ermənilər tərəfindən mütəmadi hücumlara məruz qalmışdır. Dahi şəxsiyyətin böyük nüfuzu, uzaqgörən siyasəti nəticəsində düşmən hücumlarının qarşısı qətiyyətlə alınmış, rayonun müdafiəsi üçün mühüm addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə rayonun sosial­-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Rayon mərkəzi olan Heydər­abad qəsəbəsinin siması büsbütün dəyişmişdir. Qəsəbədə 7 mərtəbəli 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.
Təbii ki, sədərəklilər bu gün ümummilli liderin bu rayonun yaradılması, müdafiə və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla yad edirlər.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR