Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
Yarandığı gündən nazirlik öz işini müasir dövrün tələblərinə uyğun qurmağa çalışmışdır. Ötən dövrdə nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə məqsədyönlü işlər görülmüş, fəaliyyət istiqamətlərinə uyğun sahələr üzrə normativ-hüquqi aktlar, yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət planları, təlimlərin, məşqlərin keçirilməsi üzrə təlimatlar, xidmətlərin əsasnamələri işlənib hazırlanmışdır.
Bu gün nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biri ixtisaslı kadrların hazırlanmasıdır. Son illər fövqəladə halların xəbərdar edilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının mühüm istiqamətləri üzrə fəaliyyət göstərən sahələr üzrə xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. 2006-2012-ci illər ərzində 105 nəfər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ukrayna Respublikasının Xarkov şəhərindəki və Belarus Respublikasının Minsk şəhərindəki akademiyalara, Bakı Yanğın Texniki Kollecinə təhsil almağa göndərilmişdir. Onlardan 66 nəfər təhsillərini başa vuraraq bu gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində və nazirliyin müvafiq qurumlarında öz xidmətlərini davam etdirirlər.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına müasir iş şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər 2012-ci ildə də davam etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yeni inzibati binası istifadəyə verilmişdir. Həmçinin bu il Babək və Şərur rayonlarında Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin inzibati binalarının və Mülki Müdafiə Alayında vertolyot meydançasının tikintisinə də başlanılmışdır. Tikintisinə ötən il başlanılan Mülki Müdafiə Alayının avtomobil parkında, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması məqsədi ilə mülki müdafiə qoşunlarının maneələr zolağında, kimya, mühəndis-istehkam şəhərciklərində isə son tamamlama işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi öz işini müasir dövrün tələblərinə uyğun qurmağa çalışır. Bunun üçün, ilk növbədə, nazirliyin tabeliyindəki qurumların peşəkarlıq səviyyəsi artırılır, baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması və əhalinin xəbərdar edilməsi məqsədilə taktiki təlimlər, məşq və məşğələlər keçirilir. Bu il oktyabrın 30-da “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı əlaqədə fəaliyyəti, axtarış-xilasetmə işlərinin aparılması zamanı idarəetmənin təşkili” mövzusunda kompleks taktiki-xüsusi təlim keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməliyyat zalından idarə olunmuş təlimə nazirliyin Mülki Müdafiə Alayının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 210 nəfər şəxsi heyəti və 38 xüsusi təyinatlı texnikası cəlb edilmiş, nazirliyin tabeliyində olan qurumlarla video­əlaqə yaradılmış, müvafiq xilasetmə qurumlarının həyata keçirdikləri taktiki təlimlər birbaşa nümayiş etdirilmişdir. Taktiki-xüsusi təlimi izləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikanın coğrafi mövqeyi, strateji əhəmiyyətli və seysmik zonada yerləşməsi fövqəladə hadisələrin qarşısının əvvəlcədən alınması və onun nəticələrinin vaxtlı-vaxtında aradan qaldırılmasına xüsusi diqqət yetirilməsini zəruri edir. Ona görə də muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinə yüksək iş və xidməti şərait yaradılmış, nazirlik və onun strukturları üçün müasir binalar tikilmiş, maddi-texniki təchizat yüksək səviyyəyə çatdırılmışdır. Fövqəladə Hallar Nazirliyi yaradılmış şəraitdən səmərəli istifadə edərək öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmalıdır”.
2012-ci ildə muxtar respublikada fövqəladə halların qarşısının alınmasında, baş verən fövqəladə hadisələrin aradan qaldırılmasında və əhalinin bu istiqamətdə maarifləndirilməsində nazirliyin tabeliyindəki idarələr səmərəli fəaliyyət göstərmişdir. Ötən dövrdə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən 89 tikinti obyekti yoxlanmış, 551 dəfə yoxlama və maarifləndirmə tədbirləri keçirilərək işlərin tikinti norma və standartlarına uyğun yerinə yetirilməsinə nəzarət edilmişdir. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi yanğın təhlükəsinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, eləcə də əhalinin yanğın təhlükəsizliyinə qarşı maarifləndirilməsi sahəsində görülən işlərin həcmini getdikcə artırır. Həyata keçirilən profilaktik tədbirlər nəticəsində 2012-ci ildə bu cür fövqəladə hadisələrin sayı nəzərəçarpacaq dərəcədə azalmışdır. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və rayon (şəhər) şöbələri, icra hakimiyyətləri, yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə nəzarət edilmiş, yaşayış məntəqələrində və inzibati binalarda yanğınsöndürmə qurğularının vəziyyəti yoxlanılmış, yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısı alınmışdır. Müvafiq dövlət orqanlarının əməkdaşları ilə birlikdə reydlər keçirilərək 2011 ədəd əlavə çəkilmiş elektrik xəttinin və qeyri-standart elektrik qızdırıcılarının, 1785 ədəd qeyri-standart boru ilə çəkilmiş qaz xəttinin və qaz sobalarının istismarı dayandırılmış, yaşayış məntəqələrində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yoxlamalar keçirilərək “Şəxsi və dövlət yaşayış evlərində yanğın təhlükəsizliyi qaydaları” barədə tövsiyələr təqdim edilmiş, vətəndaşlar yanğına qarşı təlimatlandırılmışlar. Muxtar respublikada fəaliyyət göstərən 3 taxıl anbarı və 15 un dəyirmanında da yoxlamalar keçirilmiş, yanğın və texniki təhlükəsizlik qaydaları haqqında maarifləndirici söhbətlər aparılmışdır.
Əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və qarşısının alınması, muxtar respublika ərazisində radiasiya təhlükəsizliyinə, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələrin icrasının təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Nazirliyin səlahiyyət dairəsinə uyğun olaraq, istismara verilmiş 10 yeni obyekt, 92 texnoloji nəqliyyat vasitəsi qeydiyyatdan keçirilmiş, 134 təhlükə potensiallı qurğu və avadanlıqlar sertifikatlaşdırılmış, 52 maşın və mexanizm istifadədən əvvəl texniki təhlükəsizlik ekspertizasından keçirilmiş, 48 obyektdə texniki təhlükəsizliyin vəziyyəti yoxlanılmışdır. Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı ümumtəhsil müəssisələrində, mərkəzi icra hakimiyyəti orqanlarında, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə maarifləndirici tədbirlər keçirilmiş, 3408 nəfər mülki müdafiəyə və fövqəladə hallara hazır­lanmış, həmçinin ali təhsil müəssisələrində və mərkəzi icra hakimiyyəti orqanlarında konfranslar keçirilmişdir. Mülki müdafiə kursunda 38 tədris qrupu üzrə 828 nəfər dinləyici iştirak etmiş, əhalinin və işçilərin fövqəladə hallar barədə maarifləndirilməsi məqsədilə kütləvi informasiya vasitələrində müxtəlif mövzularda çıxışlar edilmişdir. Bu il ərzində nazirliyin struktur qurumları muxtar respublika ərazisində baş vermiş təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fəal iştirak etmiş, su hövzələrində batma təhlükəsi ilə üzləşən insanların xilas edilməsi, subasma ərazilərində suların çəkilməsi və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsində fəallıq göstərmişlər.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti bundan sonra da öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində quracaq, əhalinin təhlükəsizliyi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti