23 Sentyabr 2020, Çərşənbə

Şahmat möcüzəli bir oyundur. Bu idman növü hələ uşaqlıqdan insanda qalib gəlmək əzmi formalaşdırır, onun zehni inkişafında mühüm rol oynayır. Deyirlər, şahmat formaca oyun, məzmunca incəsənət, bu oyuna yiyələnmə çətinliyinə görə elmdir. Buna görə də şahmatı təkcə idman növü kimi deyil, eyni zamanda insan məntiqini zənginləşdirən elm kimi də qəbul etmək lazımdır. Ümumiyyətlə, şahmatın insana aşıladığı müsbət xüsusiyyətlər çoxdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışlarının birində bu məsələni xüsusi vurğulayaraq demişdir: “Uşaqların zehni inkişafında şahmatın xüsusi rolu var. Bu oyun onlara birinci olmağı, qalib gəlməyi təlqin edir. Bu, oğlanlar üçün daha çox vacibdir. Ona görə ki, onlar gələcəkdə torpaqlarımızın müdafiəçiləri olacaqlar. Şahmat gənclərdə özünəinam, liderlik keyfiyyətləri aşılayır. Odur ki, muxtar respublikada bu işə xüsusi diqqət yetirilir”.

2002-ci ildə Naxçıvan Muxtar Respublikasında Şahmat Federasiyasının yaradılması və Naxçıvan şəhərində şahmat məktəbi üçün yeni binanın tikilib istifadəyə verilməsi bu sahənin inkişafına mühüm təsir göstərdi. Düz bir il sonra Naxçıvan şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatının keçirilməsi bütün dünyada böyük əks-səda doğurdu. O zaman muxtar respublikada sabitlik, yarışlar üçün ideal şərait yaradılmasaydı, dünyanın 36 ölkəsindən gələn şahmatçılar qəbul edilə, yarışın yüksək səviyyədə keçirilməsi təmin oluna bilməzdi. Məhz bu tədbirlər “bəşər tarixinin ən qocaman kəşfi” adlandırılan şahmat idman növünə muxtar respublikada uşaq, yeniyetmə və gənclərdə marağı daha da artırdı. Həmin yarışın uğurlu təşkili Naxçıvanda möhtəşəm idman tədbirlərinin, beynəlxalq şahmat festivallarının yüksək səviyyədə keçirilməsinə səbəb oldu, bu istiqamətdə davamlı xarakter alan tədbirlər şahmatın daha da inkişafına böyük təkan verdi. 2009-cu ildə isə Naxçıvan şəhərində ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ən müasir avadanlıqlarla təchiz edilmiş Şahmat Mərkəzinin istifadəyə verilməsi naxçıvanlı şahmatçıların böyük sevincinə səbəb oldu. Bu istiqamətdə həyata keçirilən quruculuq tədbirləri təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmadı, muxtar respublikanın bütün rayonlarında şahmat məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verildi.

Hazırda şahmat məktəblərində, ümumilikdə, 250-dən artıq qrup fəaliyyət göstərir və bu qruplarda 3000-dən artıq gənc şahmatla məşğul olur. Son illərdə muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şahmat siniflərinin yaradılması, həftədə 2 saat olmaqla, şahmat dərslərinin tədrisinə başlanılması gənclərin bu idman növünə marağını xeyli artırıb. Mütəmadi olaraq Şahmat Mərkəzində müəllim və şagirdlər üçün bütün ümumtəhsil məktəblərinin və şahmat məktəblərinin qoşulduğu interaktiv dərslər keçilir.
2018-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasında aparılan kadr islahatı Naxçıvan şahmatının tarixində yeni və davamlı inkişaf mərhələsinin əsasını qoydu. Federasiya 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələri əsas tutaraq bir sıra tədbirlər reallaşdırmağa başlayıb. Bu tədbirlər sırasında hər ay muxtar respublikanın bir rayonunda valideynlər, şahmatçılar və müəllimlərlə görüşlərin keçirilməsini, problemlərin müzakirəsi və təkliflərin dinlənilməsini, müvafiq köməkliklərin göstərilməsini, beləliklə də, mövcud çatışmazlıqların aradan qaldırılmasını, xüsusilə qeyd etməliyik. İlk görüş Şərur rayonunda təşkil olundu və öz bəhrəsini verdi. Belə ki, şahmatçılarımız Astara şəhərində keçirilən Azərbaycan çempionatının seçmə mərhələsində uğurla çıxış edərək final mərhələsinə 11 vəsiqə qazandılar. Sonra ardıcıl olaraq bütün rayonlarda görüşlər keçirildi və həmin görüşlərin birində Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov bir məsələni xüsusilə vurğulayaraq dedi ki, şahmat məktəblərində heç kəsə məhdudiyyət qoyulmamalı, məktəblilərin öz aralarında oyun oynamaları üçün əlavə sinif otaqları hazırlanmalıdır. Cəmiyyətə şahmatı doğmalaşdırmaq lazımdır. Federasiya olaraq biz də keçirilən yarışları, belə tədbirlərin mətbuatda, sosial şəbəkələrdə işıqlandırılmasına nail olmaqla, şahmatı cəmiyyətə sevdirir, doğmalaşdırırıq.

Bəli, bu gün bütün şahmat məktəblərinin qapısı hər kəsin üzünə açıqdır. Təqdirolunası haldır ki, muxtar respublikada əhalinin bütün təbəqələri şahmata maraq göstərir, dövlət idarələrinin əməkdaşları arasında yarışlar keçirilir. Məhdud fiziki imkanlı gənclər də kənarda qalmır, onlar arasında da şahmat yarışları təşkil edilir. Bir sözlə, Naxçıvanda şahmata maraqlı insanların bu idman növü ilə məşğul olması üçün heç bir məhdudiyyət yoxdur.
Şahmat məşqlərində uşaqların istedadının üzə çıxarılması əsas şərtdir. Bunun üçün peşəkar müəllimlərin olması vacibdir. Məşqçi-müəllimlər və hakimlər üçün seminarların təşkil edilməsi, şahmat müəllimlərinin sertifikasiyaya cəlb olunması bu sahədə hərtərəfli kadrların yetişməsinə şərait yaradıb. Azərbaycan dilində nümunəvi dərs vəsaitlərindən və ədəbiyyatlardan istifadənin təmin edilməsi, şahmatla bağlı maarifləndirmə-təbliğat işlərinin aparılması da mühüm tədbirlər sırasındadır. Qeyd edək ki, 2019-cu il sentyabr ayının 25-də Naxçıvan Şahmat Mərkəzində “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabının təqdimatı olmuş, şahmat müəllimləri ilə görüş keçirilmiş, yeni kitabdan hər bir müəllimə hədiyyə edilmişdir.
Federasiyanın yeni saytının yaradılması ilə onlayn yarışların keçirilməsi, beynəlxalq şahmat təşkilatları ilə əlaqələrin qurulmasına nail olunması Naxçıvanda şahmatın inkişafına öz töhfəsini verir. Məhz bunun nəticəsidir ki, Naxçıvan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında uğurla çıxış edirlər. Bu gün Naxçıvan dünyada şahmatın mərkəzi olmaq yolunda uğurlu addımlarla irəliləyir. Mütəxəssislərin fikrincə, hər hansı bir ölkədə beynəlxalq yarışlar keçirilərkən 3 əsas meyar nəzərə alınır. İlk növbədə, həmin ölkədə idmanın inkişafı, ikincisi, bu sahədə maddi-texniki bazanın vəziyyəti, üçüncüsü isə təşkilatçılıq. Sevindirici haldır ki, bütün bunlar muxtar respublikada yüksək səviyyədədir.
Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı da öz möhtəşəmliyi ilə yadda qalıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülay yerli mətbuata verdiyi müsahibəsində bildirdi ki, Naxçıvandakı şahmat məktəbləri bütün dünyaya nümunə göstərilə biləcək səviyyədədir. Türkiyədə də şahmat inkişaf etdirilib, ancaq təhsildən fürsət qalanda şahmata və yaxud başqa fəaliyyətlərə vaxt ayrılır. Azərbaycanda, o cümlədən muxtar respublikada isə şahmat artıq təhsilin bir hissəsinə çevrilib. Dünyada məşhur şahmatçı kimi tanınan amerikalı qrossmeyster, festivalın qalibi Timur Qarayev Naxçıvanda Beynəlxalq Şahmat Festivalının təşkilatçılıq baxımından möhtəşəm olduğunu dedi. Əlavə etdi ki, burada dünyanın bir çox tanınmış şahmatçıları mübarizə aparır və onlarla eyni turnirdə oynamaq onun üçün qürurvericidir.
Onu da xüsusi vurğulamalıyam ki, budəfəki festivala təkcə Azərbaycan mediası deyil, dünya mediası da reaksiyasız qalmadı. “Bütün dünyanın gözü Naxçıvanda” sərlövhəsi ilə Türkiyənin, Rusiyanın, Ukraynanın xəbər saytlarında rus və ingilis dillərində yazılar yerləşdirildi. İnsta­gramda chess_hype, world.of.chess və başqa məşhur səhifələrdə festivaldan şəkillər paylaşıldı. Beynəlxalq festivalda 14 ölkədən 356 şahmatçının iştirak etməsi, şahmatçılar arasında 20 beynəlxalq qrossmeysterin, 15 beynəlxalq ustanın və 15 FİDE ustasının olması festivala və Naxçıvana göstərilən böyük maraqdan xəbər verirdi. Festivalda naxçıvanlı şahmatçılar uğurlu çıxışlar etdilər. Nəzərə alaq ki, yarışlarda beynəlxalq dərəcəli idmançılar iştirak edirdi. İdmançılarımızın çıxışları isə hər birimizdə gələcəkdə daha parlaq uğurların qazanılmasına böyük ümidlər yaradır. Festivalın iştirakçıları tərəfindən Naxçıvan Muxtar Respublika Stadionunda 96 naxçıvanlı məktəbli və azyaşlı şahmatçı üçün seansın keçirilməsi bu sahə ilə yeni məşğul olan şahmatçılara böyük ruh yüksəkliyi bəxş etdi.
Festivaldan ötən müddət ərzində naxçıvanlı şahmatçılar xeyli uğura imza atıblar. Bir neçəsinə nəzər yetirək: 2019-cu ilin 31 may-8 iyun tarixlərində Rumıniyanın Mamaia şəhərində keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 4 zəka sahibi də mübarizə apararaq uğurlu nəticələr əldə ediblər. Ötən il Türkiyənin Ankara, Sivas, Burdur, Çorum, Mersin və Antalya şəhərlərində keçirilən yarışlarda da şahmatçılarımız onları izləyənləri xeyli sevindiriblər. Həmin ilin 27 oktyabr-7 noyabr tarixlərində Türkiyənin 16 yaşadək şahmatçıları arasında dünya şahmat olimpiadası keçirildi. Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan komandasının rəhbəri kimi yarışın açılış mərasimində iştirak etdi, federasiyanın digər üzvləri isə müxtəlif vəzifələrə təyin olundular. Naxçıvan komandası ilk dəfə bu yarışda iştirak edərək 48 komanda arasında 29-cu oldu. Məlumat üçün deyim ki, on altı yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası 2020-ci ildə oktyabrın 2-dən 12-dək Naxçıvan şəhərində keçiriləcək. Bu da Naxçıvan şahmatı üçün böyük etimaddır.
Ümumiyyətlə, 2019-cu il Naxçıvan şahmatı üçün uğurlu il oldu. İlin sonunda federasiya tərəfindən il ərzində nəticəsi olan bütün şahmatçıların və qaliblərin təltif olunması bu sahə ilə məşğul olanlarda ruh yüksəkliyi yaratdı. Hələ qazanacağımız yüksək qələbələr qabaqdadır. İdman mütəxəssisləri də təsdiq edirlər ki, Naxçıvanı bundan sonra daha böyük nailiyyətlər gözləyir.

Əminliklə demək olar ki, bu gün Naxçıvanda yaradılan şahmat infra­strukturu, şahmatın inkişafı və tədrisi sahəsində görülən işlər nümunə gücündədir. Bu işləri beynəlxalq səviyyədə tanıtmalı və təbliğ etməli, şahmatın muxtar respublikada kütləviliyinə tam şəkildə nail olmalıyıq. Hamımız – valideynlər, müəllimlər bu işdə maraqlı olmalıdırlar. Evimizdə, ərtafımızda şahmat sahəsində böyük istedada sahib olan yeniyetmə və gənclərimiz çoxdur. Bir dəfə övladınızın yolunu şahmat məktəblərindən salın. Bu məktəblərdə hər cür şərait var. Bəlkə, çempion olmayacaq, amma şahmatla məşğul olsa, o, yaşıdlarından fərqlənəcəkdir. Çünki şahmat onunla məşğul olanlara ən çətin məsələləri həll etmək və yeni fikirlər yaratmaq imkanı verir. Şahmat taxtası üzərinə düzülən fiqurların gedişi insanı qələbəyə doğru aparır. Qoy muxtar respublikada qələbəyə doğru addımlayan gəncliyimiz yetişsin. Həm ən yaxşı şahmatçı, həm də ən yaxşı startapçılar…

Sara ƏZİMOVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR