05 Aprel 2020, Bazar

Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan son illər sosial-iqtisadi sahədə sürətlə inkişaf etmişdir. Naxçıvandakı genişmiqyaslı yenidənqurma işləri, inkişaf Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adları ilə bağlıdır. Qədim Azərbaycan torpağı Naxçıvanın hərtərəfli olaraq tarixin bütün dövrlərində daha uğurla inkişaf etdiyi göz önündədir.

Naxçıvan tarixin bütün dövrlərinə şahidlik edən mühüm mərkəzlərdəndir. Naxçıvan yerləşdiyi coğrafi mövqeyə görə tarix boyunca Şərq ilə Qərb, Şimal ilə Cənub arasında mühüm keçid və əlaqə mərkəzi olmuşdur.
Böyük türk yurdu olan Naxçıvan tarixinin Skitlər və Xəzərlər dövrünə qədər uzandığı qeyd olunur. Bu bölgə coğrafi mövqeyinə görə Qafqaz və Anadolu-İran xəttindəki Sasani, Bizans, Skit, Xəzər kimi dövlətlərin mücadilələrinə şahidlik etmişdir.
Müsəlmanların bu əraziləri fəth etməsinin ardından ərəb valiləri, Səlcuqlar, Atabəy Eldəniz dövləti, Xarəzmşahlar, Elxanilər, Teymurilər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və Qacarların idarəçiliyində qalmışdır. Osmanlı-Səfəvi müharibələri zamanı Cənubi Qafqazın bəzi bölgələri kimi, Naxçıvan da daim təzyiqlər altında olmuşdur.
1918-1921-ci illərdə Naxçıvan çox çətinliklərlə üzləşmiş, dəfələrlə erməni təcavüzündən qorunmaq üçün Türk ordusunun köməyi ilə düşmənə qəhrəmanlıqla müqavimət göstərmişdir. Türkiyə ilə Sovetlər Birliyi arasında 16 mart 1921-ci il tarixdə imzalanan Moskva müqaviləsi ilə Naxçıvan muxtar statusa malik olması və başqa bir dövlətin tərkibinə verilməməsi şərtilə Azərbaycanın tərkibində qalmışdır. Bu məsələ Türkiyə, Sovetlər Birliyi, Azərbaycan, Ermənistan və Gürcüstan arasında 13 oktyabr 1921-ci ildə imzalanan Qars müqaviləsində də təsdiq edilmişdir.
Sovetlər Birliyi tərəfindən Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur bölgəsinin Ermənistana verilməsindən sonra Naxçıvanın Azərbaycanın digər bölgələri ilə quru əlaqəsi kəsildi. Bu zaman ermənilər Naxçıvanı da ilhaq etmək üçün səy göstərdilər, lakin Naxçıvanın Moskva və Qars müqavilələrindəki müddəaya uyğun olaraq Azərbaycanın tərkibində muxtar respublika kimi mövcudluğu qorunub saxlanıldı. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra da Naxçıvan Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi muxtar respublika statusunu qorudu.
Ankarada Türkiyə Böyük Millət Məclisi hökuməti, Türkiyə Cümhuriyyətini qurmadan Naxçıvan Muxtar Respublikasının təməllərini də atmışdır. Çünki Osmanlı İmperiyasının 15-ci korpus komandiri olan Kazım Qarabəkir Paşa Naxçıvanı 1918-ci ildə Ermənistanın işğalından xilas etmişdi. Naxçıvanı “Şərqin qapısı” adlandıran da Kazım Qarabəkir Paşa olmuşdur.
Orta Asiyadakı qardaşlarımızla Azərbaycan üzərindən əlaqələrin qurulmasında Naxçıvanın “giriş qapısı” olduğunu bilən Atatürk, Naxçıvanın muxtariyyət statusuna və Azərbaycana bağlı qalmasına xüsusi önəm vermişdir. Məlumdur ki, o, Naxçıvanı “Türk qapısı” adlandırmış və Naxçıvanla sərhəd olmaq üçün İrandan torpaq da almışdır.
Sovetlər Birliyinin dağılması ilə 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Naxçıvanla Türkiyə arasındakı “dəmir pərdə” də aradan qaldırıldı. Artıq aramızdan, sadəcə, Araz çayı axır. 1992-ci ildə tikilən Dilucu körpüsü vasitəsilə iki ölkə arasında əlaqələr bərpa edilmiş, “bir millətin iki dövləti” bir ailə olaraq yenidən birləşmişdir. Bizim “Həsrət körpüsü”, qardaşlarımızın isə “Ümid körpüsü” adlandırdıqları körpünün açılış mərasimi 1992-ci ilin 28 mayında olmuş, Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev mərasimdə iştirak etmişlər. Bu körpü iki ölkə arasında birəsrlik həsrəti aradan qaldırmaqla bərabər, eyni zamanda Naxçıvanın son illərdəki iqtisadi inkişafını da sürətləndirdi. Bu gün Naxçıvanın sosial sahədə əldə etdiyi nailiyyətləri isə sadalamaqla bitməz.
Mustafa Kamal Atatürkün “Türk qapısı”, Kazım Qarabəkir Paşanın “Şərqin qapısı” adlandırdığı Naxçıvan Muxtar Respublikasının türk respublikaları arasında Türkiyə ilə çox yaxın əlaqəsinin olması ölkəmiz üçün xüsusi bir məna və əhəmiyyət kəsb edir.
Moskva müqaviləsindən əvvəl danışıqlar üçün Rusiyaya gedən heyətin tərkibində iştirak edən Yusif Kamal bəy Ankaranı tərk etməzdən bir gün əvvəl, dekabrın 13-də Mustafa Kamal Paşa ilə görüşmüş və demişdir: “Paşa, ruslar Naxçıvanı israrla istəsələr nə etməliyik?”, “Naxçıvan türk qapısıdır. Bu məsələni xüsusi nəzərə alaraq əlinizdən gələni edin”, – deyə Mustafa Kamal cavab vermişdir. Razılaşma ilə Naxçıvanın Azərbaycana bağlılığı Mustafa Kamal Paşa tərəfindən müsbət qarşılanmışdır. Ankaraya qayıdan Yusif Kamal bəy: “Möhtərəm Paşa! Naxçıvanı qorumaqla bağlı əlimizdən gələni etdik”, – deyəndə Paşa cavab vermişdir: “Yusif Kamal bəy! Qapımız varlığını qoruyur, bizim üçün vacib olan budur”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvan dünya əhəmiyyətli tarixi-memarlıq abidələrinə sahibdir. Bu abidələr Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən abidələrdir... Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında xüsusi rol oynayan Naxçıvan tarixin canlı şahididir ”.
Qədim tarixə malik olan diyar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə öz simasını daha da dəyişmiş, burada bütün sahələrdə geniş quruculuq işləri aparılmış, yeni yollar salınmış, kəndlə şəhər arasındakı fərq aradan qaldırılmış, müasir standartlara cavab verən məktəblər, səhiyyə müəssisələri inşa olunmuş, ən son avadanlıqlarla təmin edilərək əhalinin istifadəsinə verilmişdir. Tarixi abidələr bərpa olunmuş, yeni istehsal müəssisələri yaradılmış, insanların maddi rifah halı yaxşılaşdırılmış, dövlət qulluqçularının maaşları iki dəfə artırılmışdır.
Milli-mənəvi dəyərlərə böyük önəm verilən Naxçıvan Muxtar Respublikasında bu diyarın özünəməxsus adət-ənənələri, yerli məhsulları, mətbəxi, mədəniyyəti və tarixi ilə bağlı beynəlxalq festivallar, simpoziumlar keçirilir. Heydər Əliyev Sarayı, Heydər Əliyev Muzeyi, Bayraq Meydanı və Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Möminə xatın türbəsi, qoç heykəllərin olduğu Açıq Səma Altında Muzey, Xan sarayı, Hüseyn Cavid məqbərəsi, Dövlət Tarix Muzeyi, Qızlar bulağı, Heydər məscidi, İsmayıl xan hamamı, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, dəmiryol vağzalı, Saat Meydanı, Xalq qəhrəmanları Babəkin, Koroğlunun heykəlləri, Dədə Qorqudun abidəsi, xüsusilə də Duzdağ Fizioterapiya Mərkəzi və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi Naxçıvanın gəzib­-görməli yerlərindəndir.
Naxçıvan tarixi qorunub saxlanılan, hər sahədə dəyərli ziyalıların və idarəçilik təcrübəsinə malik insanların yetişdiyi bir diyardır.
Can Azərbaycanın bir hissəsi olan Türk Yurdu Naxçıvana səmimi salamlar.

Ziya Zakir Acar
Yesiligdir.com
28 yanvar 2020-ci il

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR