30 Mart 2020, Bazar ertəsi

“Muxtar respublikada gənclərin sağlam, vətənpərvərlik ruhunda yetişmələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı üçün hərtərəfli şərait yaradılıb”. Bu fikirlər Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.

 Tədbirdə çıxış edən Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə tərəqqi və inkişaf müşahidə edilməyə başlamışdır. Ulu öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I Forumu keçirilmişdir. Bir il sonra - 1997-ci il 1 fevral tarixdə ümummilli lider ilk Forumun iştirakçılarının bir qrupu ilə görüşmüş, ötən dövr ərzində ölkədə gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanması, onların hər bir sahədə fəal iştirakının təmin edilməsi, mövcud problemlərin həlli istiqamətində qazanılan uğurlardan danışılmışdır. Görkəmli dövlət xadiminin elə həmin gün imzaladığı Sərəncam ilə 2 fevral ölkəmizdə Gənclər Günü elan edilmişdir. Nazir bildirib ki, bu gün dövlətin apardığı gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib. 

Diqqətə çatdırılıb ki, muxtar respublikamızda gənclərin sağlam, vətənpərvər ruhda formalaşması, yüksək səviyyədə təhsil almaları, onların intellektual səviyyələrinin yüksəldilməsi, cəmiyyətin müxtəlif sahələrində fəal iştiraklarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. 

Gənclər və İdman naziri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanı gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilib, müxtəlif sahələr üzrə fərqlənən istedadlı yeniyetmə və gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Nazirlik muxtar respublikada gənclər və idman siyasətini həyata keçirən dövlət orqanı kimi 626 tədbir keçirib ki, həmin tədbirlərdə 16580 gənc iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən ətraflı bəhs edib. Qeyd olunub ki, bu gün Azərbaycan gənci çiçəklənən, inkişaf edən bir ölkədə yaşayır. Naxçıvan gəncləri də daim diqqət və qayğı ilə əhatə olunub. Muxtar respublikada Gənclər Mərkəzi, elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər çoxsaylı obyektlər tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Sevindirici haldır ki, Naxçıvan gənci bu gün düşünür, tədqiq edir, ölkəmizin və dünyanın ən yaxşı universitetlərində bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında muxtar respublikamızı uğurla təmsil edərək qalib olur. 

Tədbirdə çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlıqlarını bildiriblər. Sonra ictimai həyatda və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər təşkilatçılar tərəfindən hədiyyələr ilə mükafatlandırılıblar. Həmin gənclər göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. 

 2 fevral – Gənclər Günü münasibətilə təşkil olunan tədbir Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu və gənc skripkaçının ifasında musiqi nömrələri ilə davam edib.

 

Ceyhun MƏMMƏDOV

  

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR