30 Mart 2020, Bazar ertəsi

Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərə çox az bir zaman qalır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla həmsöhbət olaraq ona bir neçə sualla müraciət etdik:

– Məhərrəm müəllim, artıq seçkiyə sayılı günlər qalıb. Seçki komissiyaları və ümumiyyətlə, seçki məntəqələri seçkiləri keçirməyə tam hazırdırmı və onların seçki ləvazimatları ilə təminatı barədə nə deyə bilərsiniz?
– Bəli, 9 fevralda, eyni zamanda həm Azərbaycan Respublikasının Milli Məclisinə, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Seçkilər gününün təyin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları rəsmi dərc olunduqdan sonra seçkilərə hazırlıq prosesinə başlanılıb. Bu müddətdə seçki komissiyalarının hamısı tələb olunan bütün normativ aktlar, sənədlər, sənəd nümunələri və əşyalarla təmin olunublar. Həmçinin onların təlimatlandırılması işi də mütəmadi şəkildə həyata keçirilir, seminar-treninqlər təşkil olunur və bu proses, yəni seçki komissiyalarının təminatı və təlimatlandırılması seçkilər gününədək davam etdiriləcəkdir.
– Deputatlığa namizədlərin irəli sürülməsində və seçkiqabağı təşviqat dövründə onlar üçün seçki dairələrində hansı şərait yaradılıb? Qısa da olsa, həm Milli Məclisə, həm də Ali Məclisə qeydə alınmış namizədlər barədə nə deyə bilərsiniz?

– Həmin namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi açıq və şəffaf şəkildə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib. Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə 25 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 9 nəfəri Yeni Azərbaycan Partiyasının, 2 nəfəri Böyük Quruluş Partiyasının, 1 nəfəri Azərbaycan Sosial Rifah Partiyasının, 1 nəfəri Vahid Azərbaycan Partiyasının nümayəndələri, 12 nəfəri isə bitərəfdir. Namizədlərdən 3 nəfəri qadındır. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə deputatlığa namizədlərin seçkiqabağı təşviqatı yanvarın 17-dən etibarən başlanılıb. Bütün şəhər və rayon mərkəzlərində kütləvi tədbirlərin keçirilməsi üçün açıq və qapalı yerlər müəyyən olunub, müvafiq yerlərdə təşviqat materiallarının asılması üçün təşviqat lövhələri yerləşdirilib.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 87-si Yeni Azərbaycan Partiyasının, 1 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi, 52 nəfəri isə bitərəfdir. Namizədlərdən 18-i qadındır. Ali Məclisə seçkilər üzrə isə seçkiqabağı təşviqat yanvarın 28-dən etibarən başlanılıb və həm Milli Məclisə, həm də Ali Məclisə seçkilərlə bağlı təşviqat fevralın 8-i saat 800-a kimi davam edəcəkdir. Həmin saatdan sonra bütün təşviqat materialları yığışdırılacaq.
– Seçki günü, yəni 9 fevralda səs vermək istəyən seçicilərimiz seçki məntəqələrinə saat neçədə gəlməlidir, başqa sözlə desək, seçkilər nə vaxt başlayıb, nə vaxt bitəcək və onlar özləri ilə hansı sənədləri gətirməlidirlər?
– Səsvermə səhər saat 800-da başlayacaq və 1900-a qədər davam edəcəkdir. Bu saatlarda seçicilər istənilən vaxt gəlib səs verə bilərlər. Onlar səsverməyə gələrkən mütləq özləri ilə şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd gətirməlidirlər. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə səs verirlər. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular müvafiq olaraq zabitin şəxsi vəsiqəsi və ya hərbi bilet ilə səs verəcəklər. Barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər, həmçinin azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəzaçəkən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin və məhkumun şəxsiyyətini təsdiq edən sənədlə səs verə biləcəklər.
– Bəs əgər seçici şəxsiyyətini təsdiq edən sənədi özü ilə gətirməyibsə?
– Bu zaman məntəqə seçki komissiyasının seçicini qarşılayan və barmağının mürəkkəblə işarələnməsini yoxlayan üzvü həmin seçiciyə bu halda səs verməsinin qeyri-mümkünlüyünü bildirəcək və tələb olunan şəxsiyyəti təsdiqləyən sənədlə gəlməsini izah edəcəkdir.
– Fiziki qüsurlarına görə seçicinin seçki bülletenini almaqda və doldurmaqda çətinliyi olarsa?
– Bu, müstəsna haldır. Belə olduqda köməyə ehtiyacı olan seçici seçki komissiyalarının üzvləri, müşahidəçilər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri istisna olmaqla kömək üçün istənilən hər hansı bir şəxsə müraciət edə bilər. Seçiciyə seçki bülletenini almaqda və doldurmaqda kömək edən şəxs öz inisialını və soyadını göstərməklə, seçici siyahısının “Seçicinin seçki bülletenini alması haqqında imza” qrafasında imza etməlidir. Bundan sonra seçici dərhal səsvermə kabinəsinə daxil olur. Əgər seçki bülletenini doldurmaqda da köməyə ehtiyac olarsa, o zaman kömək edən şəxs seçici ilə birlikdə səsvermə kabinəsinə daxil olub ona kömək edə bilər. Seçki bülleteni seçki qutusuna daxil olduqdan sonra həm seçici, həm də ona kömək etmiş şəxs seçki məntəqəsini tərk edirlər.
– Səhhətinə və ya digər üzrlü səbəblərə görə seçki məntəqəsinə səsverməyə gələ bilməyən seçicilər necə səs verəcəklər?
– Həmin seçicilər daşınan seçki qutuları ilə səs verə biləcəklər. Bu şəxslər səsvermə gününə ən azı 24 saat qalmış, yəni fevralın 8-i, səhər saat 800-a qədər bu barədə müvafiq məntəqə seçki komissiyasına yazılı və ya şifahi müraciət etməlidirlər. Belə seçicilərin siyahıları müraciətlər əsasında məntəqə seçki komissiyaları tərəfindən hazırlanır və səsvermə günü məntəqə seçki komissiyasının bu iş üçün məsul olan üzvləri seçicinin ünvanına gedərək səsverməni təmin edirlər.
– Daşınan seçki qutuları ilə səs verən seçicilərin də barmaqları gözə görünməyən mürəkkəblə işarələnir?
– Xeyr, daşınan seçki qutusu ilə səs verən seçicilərin barmaqları mürəkkəblə işarələnmir.
– Seçki günü seçki məntəqələrində kimlər ola bilər?
– Həmin gün seçki məntəqəsində məntəqə seçki komissiyasının üzvləri, dairə seçki komissiyasının və Mərkəzi Seçki Komissiyasının üzvləri, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların bloklarının müvafiq qaydada qeydə alınmış səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, akkreditasiyadan keçmiş beynəlxalq müşahidəçilər və yerli müşahidəçilər ola bilərlər. Zəruri hallarda isə səsvermə zamanı məntəqə seçki komissiyası sədrinin dəvəti ilə yalnız ictimai asayişi bərpa etmək məqsədilə xidməti geyim formasında polis işçiləri və ya texniki problemlərin həlli üçün müvafiq mütəxəssislər, zəruri yardıma ehtiyac olan hallarda isə təcili tibbi yardım, yaxud Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələ bilərlər. Onlar vəzifələrini icra edəndən dərhal sonra məntəqəni tərk etməlidirlər.
– Hərbi qulluqçular və cəzaçəkmə müəssisələrində cəzaçəkən seçicilərimiz necə səs verəcək?
– Hərbi hissələrin, istintaq təcrid­xanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin, yəni hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəzaçəkən məhbusların və digər seçicilərin siyahıları hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir. Hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Belə hallarda seçki məntəqələri müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır. Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Muxtar respublikada bu kateqoriyadan olan seçicilərin səs vermələri üçün 24 seçki məntəqəsi təşkil olunur.
– Seçkilərdə müşahidəçilərin iştirakı ilə bağlı nə deyə bilərsiniz?
– Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır. Bu baxımdan aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşları, o cümlədən Seçki Məcəlləsinin 44-cü maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər. Yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar. Müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər. Lakin bu zaman müşahidəçilər seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərməməli, müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktları nəzərə almalı, müşahidəni açıq aparmalı və müşahidənin yekunları faktlara əsaslanmalıdır. Bu prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilir və bunlara mütləq əməl olunmalıdır.
– Ümumiyyətlə, müşahidəçilərə hansı hərəkətlərin edilməsi qadağan olunur?
– Müşahidəçilərə seçicilərə seçki bülletenləri vermək, seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək, seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək, seçicinin xahişi ilə seçki bülletenini doldurmaq, seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək, seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək, seçicilər arasında təşviqat aparmaq, bu və ya digər namizədin, siyasi partiyanın, müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək, öz statusu ilə bağlı suallar istisna olmaqla, seçicilərin suallarına cavab vermək qadağandır.
– Seçici seçki məntəqəsinə gələrkən ilk hərəkəti nə olmalıdır?
– Seçici, ilk növbədə, məntəqə seçki komissiyasının qarşısında asılmış seçici siyahısında öz adının olub-olmadığını yəqinləşdirməlidir. Əgər adının seçici siyahısında olduğunu müəyyən edərsə, seçki məntəqəsinə daxil olur. Seçicini qarşılayan və barmağının gözə görünməyən mürəkkəblə işarələnməsini yoxlayan məntəqə seçki komissiyasının üzvünə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini göstərir və barmağının işarələnib-işarələnməməsini yoxlamasına şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə seçicinin barmağı gözə görünməyən mürəkkəblə işarələnmir.
Həm Milli Məclisə, həm də Ali Məclisə seçkilər üzrə məntəqə seçki komissiyaları eyni səsvermə otağında fəaliyyət göstərəcəkdir. Yəni seçici səsvermə otağına daxil olduqda onu qarşılayan məntəqə seçki komissiyasının üzvü tərəfindən yönləndiriləcək. Belə ki, seçici əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə seçki bülletenini alacaq, səsvermə kabinəsinə daxil olub səs verdikdən sonra həmin bülleteni qatlayaraq “Milli Məclisə seçkilər” yazılmış seçki qutusuna atacaq. Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə fəaliyyət göstərən seçki məntəqəsinin üzvlərinə yaxınlaşaraq bülleten götürəcək və yenə də səsvermə kabinəsinə daxil olub səs verəcək. Həmin bülleteni üzərində “Ali Məclisə seçkilər” yazılmış seçki qutusuna atacaq, yalnız bundan sonra məntəqəni tərk edəcəkdir. Seçici öz istəyi ilə hər iki komissiyanın bülletenini götürüb seçki kabinəsinə daxil ola bilər.
– Seçici adını seçici siyahısında tapa bilməsə, nə etməlidir?
– Seçici öz adını seçici siyahısında tapa bilməsə, məntəqə seçki komissiyası tərəfindən həmin seçicinin şəxsiyyət vəsiqəsi əsasında seçki məntəqəsinin əhatə etdiyi ərazidə qeydiyyatı yəqin edildikdən sonra adı əlavə seçici siyahısında qeyd olunmaqla səsverməsi ümumi əsaslarla təmin edilir.
– Barmağının gözə görünməyən mürəkkəblə işarələnməsindən imtina edən seçicilər səsvermədə iştirak edə bilərlərmi?
– Xeyr, səsvermə hüququnun həyata keçirilməsi üçün seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi zəruridir. Buna etiraz edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Əgər seçici fikrini dəyişməzsə, ondan seçki məntəqəsini tərk etməsi xahiş olunur və seçici siyahısında “işarələnmədən imtina etdi” qeydi aparılır.
– Bir səsvermə kabinəsində eyni zamanda neçə seçici səs verə bilər?
– Əvvəl qeyd etdiyim istisna hal nəzərə alınmaqla, bir səsvermə kabinəsində yalnız bir nəfər səs verə bilər.
– Seçici bülleteni hansı qaydada doldurmalıdır?
– Bu haqda həm seçki məntəqəsinin otağında, həm də seçki bülleteninin üzərində izah yerləşdirilir. Yəni seçici seçki bülleteninə hər hansı bir işarə qoymazdan əvvəl bunlarla tanış ola bilər. Yadda saxlamaq lazımdır ki, seçki bülletenində adları göstərilən namizədlərdən yalnız biri deputat seçilməlidir. Buna görə də seçici lehinə səs vermək istədiyi namizədin adının qarşısında yerləşən boş kvadratda hər hansı bir işarə, məsələn, “X” işarəsi qoyur. Heç bir işarə qoyulmayan, yaxud birdən artıq kvadratda işarə qoyulan seçki bülleteni etibarsız sayılacaqdır.
– Seçici səsvermə bülletenini doldurarkən səhvə yol verərsə, ona yeni bülleten verilə bilərmi?
– Bəli, bu zaman seçici ona yeni bülleten verilməsini xahiş edə bilər. O, korlanmış bülleteni məntəqə seçki komissiyasının üzvünə qaytarmalıdır. Buna məsul olan məntəqə üzvü korlanmış seçki bülletenini seçicidən alır, onu yarıdan kəsməklə ləğv edir və korlanmış seçki bülletenləri üçün nəzərdə tutulmuş zərfə qoyur. Bundan sonra seçiciyə yeni seçki bülleteni verilərək bu barədə seçici siyahısında müvafiq qeyd aparılır. Məntəqə seçki komissiyasında hər bir korlanmış seçki bülleteni ilə əlaqədar ayrıca akt tərtib olunur.
– Seçici verdiyi səsinin etibarlı olması üçün həm də diqqət etməlidir ki, ona verilən bülleten qanunla müəyyənləşdirilmiş formada olsun. Belə bülletenin meyarları nələrdir?
– Bəli, bu çox əhəmiyyətli məsələdir. Seçici diqqət etməlidir ki, bülleten Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi nümunəyə müvafiq olsun. Həmçinin bülletenin yuxarı sağ küncündə məntəqə seçki komissiyasının möhürü və bülletenin nömrələnmiş yuxarı sol küncü kəsilmiş olmalıdır. Bülleten qeyd edilən meyarların hər üçünə cavab verdikdə müəyyənləşdirilmiş formalı hesab olunur.
– Səsvermə başa çatdıqdan sonra ən həlledici mərhələlərdən biri – səslərin hesablanmasıdır. Seçki komissiyalarının üzvləri buna tam hazırdırlarmı?
– Əlbəttə, bütün seçkilərdə olduğu kimi, bu seçkidə də seçki prosesinə start veriləndən bəri diqqətdə saxlanılan mühüm məsələlərdən biri də budur. Muxtar respublikada bu günədək keçirilmiş seçkilərdə seçki komissiyalarının kifayət qədər seçki təcrübələri formalaşıb. Buna baxmayaraq, dairə və məntəqə seçki komissiyaları səslərin hesablanması və yekun protokolların doldurulması qaydaları ilə əlaqədar bütün təlimat, izah və qaydalarla təmin olunublar. Həmçinin dairə seçki komissiyalarının təsdiq etdikləri qrafikə uyğun olaraq onlar mütəmadi seminar-treninqlərə cəlb edilir və bu tədbirlərdə seçki günü səsvermənin keçirilməsi, səslərin hesablanması məsələləri ilə əlaqədar qanunvericiliyin tələbləri bütün detalları ilə onlara izah olunur.
– Bu seçkilərdə də seçki məntəqələrində veb-kameralar olacaqmı?
– Bəli, muxtar respublika üzrə hər seçki dairəsindən 5 məntəqə olmaqla, 35 seçki məntəqəsində veb-kameralar quraşdırılıbdır. Bunlar seçki günü aktiv olacaqdır və bütün prosesi dünyanın hər yerindən onlayn izləmək mümkün olacaqdır.
– Sonda seçicilərimiz üçün nə deyə bilərsiz?
– Bu günədək muxtar respublikada keçirilmiş bütün seçkilər Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə, həmçinin beynəlxalq standartlara uyğun olub. Muxtar respublikada fəaliyyət göstərən seçki komissiyalarının seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi ilə əlaqədar seçki təcrübəsi hər seçkidə daha da təkmilləşir. Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin də şəffaf və ədalətli, demokratiyanın prinsip və şərtlərinə uyğun keçirilməsi üçün səylə çalışacağıq.

Müsahibəni apardı:
Muxtar MƏMMƏDOV

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR