05 Aprel 2020, Bazar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fevralın 5-də keçirilən iclasında AMEA-nın Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

 Iclasda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hesabat məruzəsi ilə çıxış edib. O, bölmənin ötən il Azərbaycan Respublikası Prezidenti, Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, AMEA-nın prezidenti, ümumi yığıncağı və Rəyasət Heyətinin sərəncam, qərar, tapşırıq və tövsiyələri, eləcə də dövlət proqramları və strategiyalarından irəli gələn məsələlərin həllinə yönəlmiş bir sıra mühüm tədbirlər həyata keçirdiyini nəzərə çatdırıb.

Bildirilib ki, hesabat ilində bölmədə altı elmi istiqamətdə altı problemi əhatə edən yeddi mövzuya daxil olan 37 iş 99 mərhələdə yerinə yetirilib, 96 mərhələ üzrə tədqiqatlar tamamlanıb və səkkiz mühüm elmi nəticə əldə olunub. Ötən il bölmə əməkdaşlarının 4-ü xaricdə olmaqla 18 monoqrafiyası, 9 kitabı, 1 kitabçası, 3 metodik vəsaiti, 75-i xaricdə olmaqla 551 elmi məqaləsi, 58-i xaricdə olmaqla 223 konfrans materialı, biri xaricdə olmaqla 7 tezisi nəşr edilib, alimlər tərəfindən dörd buklet tərtib edilib. Məqalələrin 93-ü xaricdə olmaqla 445-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda, 37 elmi məqalə “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda işıq üzü görüb. Bunlardan 10-nu “Clarivate Analytics” (Thomson Reuters) siyahısına daxildir. Alimlərin əsərlərinə 340 dəfə istinad edilib.

Akademik İsmayıl Hacıyev alimlərin Türkiyə, Şimali Makedoniya, Qazaxıstan, İran, Rusiya, ABŞ, Avstraliya, Fransa, Gürcüstan və digər ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, 2019-cu ildə Naxçıvan Bölməsi üzrə 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb, 2-si beynəlxalq və 1-i respublika səviyyəli olmaqla 3 qrant layihəsinin icrası isə davam etdirilir.

Məruzəçi bölmənin elmi müəssisələrində keçirilən konfrans və sessiyalar, bölmənin elektron portalına yerləşdirilən materiallar, əldə olunan büdcədənkənar vəsaitlər, kadr hazırlığı, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən də ətraflı məlumat verib.

Sonra məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb. AMEA-nın Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edilib, qurumun gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib.

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR