30 Mart 2020, Bazar ertəsi

Dünən ölkəmiz, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız əlamətdar bir tarixi gün yaşadı – Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən növbədənkənar seçkilər mütəşəkkilliyi ilə yadda qaldı. Böyük ictimai-siyasi əhəmiyyət daşıyan seçkilərin uğurla başa çatması bir daha onu göstərdi ki, vətəndaşlar ölkəmizin qüdrətli bir dövlətə çevrilməsindən, dünya ölkələri sırasında söz sahibi olmasından qürur hissi keçirir, onun sabahına cavabdehliyini əməli işləri ilə sübut etməyə çalışır, bunu özlərinin vətəndaşlıq borcu hesab edirlər.
Seçkilərdə bariz şəkildə müşahidə olunan bir məsələ isə ölkəmizdə, doğma muxtar respublikamızda bu prosesin azad, şəffaf, demokratik şəkildə keçirilməsi, bunun üçün hərtərəfli şəraitin yaradılması, zəngin seçki təcrübəsinin formalaşdırılması idi.
Qəzetimiz çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla əlaqə saxladıq. O bildirdi ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsində seçki keçirilib. Qeydə alınmış 271 min 771 seçicidən 190 min 668 nəfəri, yəni 70,2 faizi seçkilərdə iştirak edib. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə qeydə alınıb. Həmin seçki dairəsi üzrə 38 min 658 seçicidən 29 min 419 nəfəri, yəni seçicilərin 76,1 faizi səsvermədə iştirak edib.
Naxçıvan şəhərində, muxtar respublikanın bütün yaşayış məntəqələrində olarkən seçkilərin mütəşəkkil keçirilməsinin bir daha şahidi olduq. Əməkdaşlarımızın seçki məntəqələrindən hazırladıqları yazıları oxucularımıza təqdim edirik.

Naxçıvan şəhəri

 Seçkilərin gedişini müşahidə etmək, seçicilərin fikirlərini öyrənmək üçün Naxçıvan şəhərindəki məntəqələrdə olduq.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə təşkil edilən 4-17 saylı seçki məntəqəsinin sədri Sultan Zeynalovun verdiyi məlumata görə, bu məntəqədə 1405 seçici qeydiyyatdadır. Məntəqədə səsvermənin gedişini veb-kameralar vasitəsilə izləmək mümkündür. Öyrəndik ki, saat 1000-a olan məlumata görə, 248 seçici səsvermə hüququndan istifadə edib. Qeyd edək ki, həmin binada Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 29-2 saylı məntəqə də fəaliyyət göstərirdi.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə təşkil olunan 4-28 saylı seçki məntəqəsinin sədri Tural Haqverdiyevin verdiyi məlumata görə, məntəqədə 1459 seçici qeydiyyatdadır. Bunlardan 2-si ilk dəfə səs verənlərdir.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin inzibati binasında yerləşən 4-9, 27-3 saylı seçki məntəqələrində günün ilk saatlarından başlayaraq seçicilərin axınını müşahidə etdik. İki saat ərzində 220 seçici öz hüququndan istifadə edib. Vətəndaşlar məntəqəyə gələrək istədikləri namizədlərə səs verirdilər. Seçki prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilirdi. Burada səs verən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanovla həmsöhbət oluruq:
– Növbəti seçkilər ölkəmizin, eləcə də muxtar respublikamızın həyatında mühüm ictimai-siyasi hadisədir. Buna görə də seçkilərdə hamının iştirakı vacibdir. Muxtar respublikamız hərtərəfli inkişaf yolundadır. Biz hamımız bu inkişafın davamlı olmasında maraqlıyıq. Doğma diyarımız sosial-iqtisadi inkişaf baxımından ötən parlament seçkilərindən bəri çox dəyişib. Muxtar respublikamızda son illər ərzində elə sürətlə, həm də genişmiqyaslı abadlıq-quruculuq tədbirləri həyata keçirilib ki, bu yurda qədəm qoyanlar heyrətlərini gizlədə bilmirlər.
Səhər saatlarından şəhər sakinlərinin dəstə-dəstə seçki məntəqələrinə gəlməsi həm də doğma diyarımızın bugünkü inkişafının təntənəsidir. Ona görə də ən layiqli namizədə səs verdim. Bu seçkilərin də dövlətimizə, Vətənimizə xeyirli, uğurlu olacağına inanıram.

Müşahidə apardığımız növbəti ünvan isə Naxçıvan şəhər 6 saylı uşaq bağçasında yerləşən 27-1, 4-11 saylı məntəqələr oldu. Məntəqə sədrlərindən aldığımız məlumata görə, burada, ümumilikdə, 867 seçici var. Seçkiyə start verildiyi qısa zaman ərzində 250-dən çox seçici səsvermə hüququndan istifadə ­etmişdi.
Şəhərimizdə yerləşən 4-10, 27-2 saylı seçki məntəqələrində də səhər saatlarından qələbəlik müşahidə olunurdu. Seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi cəlb etdi. ­Səsvermə prosesindən sonra seçicilərdən birinə yaxınlaşırıq. O, Naxçıvan şəhər sakinidir. Nərmin Maqsudova deyir ki, ilk dəfə seçkilərdə iştirak etmək, ölkəmizin, muxtar respublikamızın gələcəyinə cavabdeh olan layiqli namizədlərə səs vermək mənim üçün böyük şərəf oldu. Mən də öz hüququmdan istifadə etdim. Burada bizim səs verməyimiz üçün hərtərəfli şərait yaradılmışdı.
Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin binasında 4-22 və 30-3 saylı seçki məntəqələri yerləşirdi. Həmin məntəqələrdə seçki komissiyasının sədrləri Asif Məmmədov və Həmidə Zeynalova ilə həmsöhbət olduq. Öyrəndik ki, hər iki məntəqə üzrə, ümumilikdə, 1275 seçici qeydə alınıb. Onlardan 11 nəfəri ilk dəfə səs verirdi. Seçicilərdən Validə Məmmədova təqaüdçüdür. O, seçkilərlə bağlı təəssüratlarını bizimlə bölüşdü: – Yaşım 60-ı ötüb. Müstəqillik qazandığımız gündən bu yana keçirilən seçkilərin hamısında iştirak etmişəm. Bundan əvvəlki seçkilərdə xəstə olduğum üçün məntəqəyə gedə bilmədim. Seçki komissiyasına əvvəlcədən məktub göndərdim. Seçki qutusunun evə gətirilməsini istədim. İstəyim yerinə yetirildi. Artıq sağlamlığıma qovuşmuşam və böyük qürur hissi ilə buraya gəlmişəm. Bu gün bizdə seçki mədəniyyətinin yüksəldilməsi məni bir vətəndaş kimi çox sevindirir. Gördüyünüz kimi, seçki prosesi yüksək səviyyədə davam edir. İnsanlar bilirlər ki, bundan sonrakı inkişafımız üçün kimə səs vermək lazımdır. Bizim üçün yaradılan şəraitdən çox ­razıyıq.

Naxçıvan Tibb Kollecinin binasında yerləşən 4-12 saylı seçki məntəqəsində olarkən seçkilərin gedişi ilə bağlı məntəqə seçki komissiyasının sədri Emil Bayramov bildirdi ki, bu məntəqə üzrə 1284 seçici qeydiyyatdadır. Seçicilərin fəallığı səhər çağından hiss olunur. Məntəqədə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir.
Həmin məntəqədə seçicilərdən birinə yaxınlaşdıq. Əli Əliyev deyir ki, bura gələrkən əvvəlcə seçici siyahısından adını rahatlıqla tapıb. Sonra məntəqəyə daxil olaraq azad şəkildə səsvermə hüququndan istifadə edib: – Mən məntəqə seçki komissiyasının üzvlərinin vətəndaşlara hər cür kömək etdiklərinin şahidi oldum. Bu, çox müsbət haldır.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin binasında yerləşən 4-7 saylı seçki məntəqəsinin sədri Könül Əsgərova seçki prosesinin qanunvericiliyə uyğun keçirildiyini və seçicilərin səsvermədə fəal iştirak etdiyini bildirdi. Öyrəndik ki, bu məntəqə üzrə 1039 seçici qeydə alınıb.
Seçicilərdən 84 yaşlı İsmayıl Bağırovla söhbət etdik. Dedi ki, özü və ailə üzvləri seçkilərdə daim aktiv iştirak edirlər. Bu gün keçirilən seçkidə də seçicilər üçün yaradılan şərait yüksək səviyyədədir. Hər kəs öz seçdiyi namizədə səs verə bilər. Bu gün biz bir daha sabitliyə, əmin-amanlığa, ­ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafına səs verdik.
Seçici Əli Kərimov bildirdi ki, ilk dəfə seçkilərdə iştirak etdiyi üçün sevinc hissi keçirir: – Bir gənc kimi gələcəyimizi, xalqımızın rifahını, Vətənimizin sabahını düşünərək layiqli namizədə səs verdim. Yaradılmış şərait bütün seçicilərə sərbəst, azad seçim etmək imkanı verir.
4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən aldığımız məlumata görə, dairə üzrə məntəqələrin sayı 37, seçicilərin sayı isə 44 min 555 nəfərdir. Bunlardan 67-si ilk dəfə səs verən vətəndaşdır. Məntəqələrin 5-də veb-kameralar ­quraşdırılıb.
Qeyd edək ki, məntəqədə səsvermə prosesində şəffaflıq üçün tələb olunan bütün şərait yaradılmışdı, eyni zamanda müşahidəçilərin seçkiləri sərbəst izləməsi üçün yerlər ayrılmışdı. Onlardan bir neçəsinin fikrini öyrəndik.
Philip James – ATƏT-in Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçisi: – Azərbaycana ilk dəfədir, səfər edirik. Biz böyük bir heyətlə gəlmişik. Məqsədimiz seçki prosesini izləmək, müşahidə etmək və sonda ümumi nəticələrə baxış keçirməkdir. Qısa zaman ərzində bir sıra seçki məntəqəsində olduq. Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi. Seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməməsinin şahidi olduq. Əlbəttə ki, seçkilər haqqında ümumi qərar sonda deyiləcək.
İnqo Büttner – ATƏT-in uzunmüddətli müşahidəçisi: – Naxçıvanda olduğumuz müddətdə buradakı bəzi seçki məntəqələrində müşahidələr aparmışıq, yaradılan şərait Seçki Məcəlləsinə uyğundur. Seçkiqabağı, eləcə də seçki günü görülən işlər barədə məlumatları Bakıdakı missiya mərkəzinə ötürəcəyik və yekun nəticə orada müəyyənləşəcək. Həmçinin bu il yanvarın 14-dən başlayaraq Naxçıvanda Mərkəzi Seçki Komissiyasının, medianın və digər təşkilatların nümayəndələri ilə görüşüb seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olmuşuq, görülən işlər nümunə səviyyəsindədir.
“Muxtar respublikada seçicilər yüksək fəallıq nümayiş etdirirlər. Onların fəallığı, siyasi proseslərdən məlumatlı olduqları, seçkiqabağı təbliğat və təşviqat işlərinin yüksək səviyyədə aparıldığını göstərir”. Bu fikirləri MDB-dən olan müşahidəçilər missiyasının nümayəndəsi Vladimir Muradov deyib. O qeyd edib ki, muxtar respublika yüksək seçki təcrübəsinə malikdir. Naxçıvanda bütün məntəqələrdə hər kəs məntəqəyə daxil olduğu andan öz iradəsinə uyğun hərəkət edir, seçdikləri namizədlərə səslərini verirlər: “Mən məntəqə seçki komissiyası üzvlərinin vətəndaşlara necə hörmətlə yanaşdığının, lazım gələndə qanunvericilik çərçivəsində onlara hər cür kömək etdiklərinin şahidi oldum. Bu, çox müsbət haldır. Görünən odur ki, muxtar respublikada parlament seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilib. Hər şey müvafiq qanunların tələblərinə uyğun aparılır. Müşahidəm ərzində heç bir qanun pozuntusu ilə rastlaşmadım. Biz səhər saatlarında, seçki başlamamışdan əvvəl seçki qutularının möhürlənməsini və məntəqələrin seçkilərə açılmasını müşahidə etdik. Havanın soyuq olmasına baxmayaraq, proses başlandığı andan gördük ki, dairə və məntəqə seçki komissiyalarının bütün üzvləri Azərbaycan Seçki Məcəlləsinin müddəalarını, tələblərini lazımınca yerinə yetirmək üçün səylərini əsirgəmirlər”.
Elena Rezepova – Beynəlxalq müşahidəçi: – Azərbaycanda seçkilərə hazırlıq və seçki prosesi yüksək səviyyədə təşkil olunub. Mənim seçkilərdə müşahidəçi kimi çox böyük təcrübəm var. Buna əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda seçkilərə hazırlıq və seçki prosesi yüksək səviyyədə təşkil olunub.
Milli Məclisə seçkiləri müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasında olan beynəlxalq müşahidəçi Elena Rezepova onu da qeyd etdi ki, Naxçıvanda olarkən bir çox məntəqələrə baş çəkmişik, burada seçicilərin fəallığı müşahidə olunur. Onlar öz iradələrini azad və ­demokratik şəkildə ifadə edə bilirlər. Müşahidəçilərin də fəaliyyəti üçün yüksək səviyyədə şərait yaradıldığını bildirən Elena Rezepova söylədi ki, olduqları bütün məntəqələrdə onları gülərüz və səmimiyyətlə qarşılayıblar.

 Şərur rayonu

 

Şərur rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərə 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur Seçki dairələri üzrə, ümumilikdə, 88 seçki məntəqəsi yaradılmışdı. Həmin məntəqələrin 80-i Şərur rayonundadır. Hər iki dairə üzrə seçkilərə əvvəlcədən yüksək hazırlıq işləri görülmüşdü. Seçki günü Şərur rayonundakı məntəqələrdə olduq.
Şərur Dəmiryol Stansiyasının inzibati binasında yerləşən 2-50, 10-4 saylı Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə məntəqələrdə veb-kameraların quraşdırılması seçkilərin gedişini internet vasitəsilə izləmək imkanı yaradır. Məntəqələrdə, ümumilikdə, 1109 nəfər seçici siyahıya alınıb. Onların 5 nəfəri səsvermədə ilk dəfə iştirak edəndir.
Mərkəzi kitabxananın binasında təşkil olunmuş 2-3 saylı məntəqədə səs vermiş əmək veteranı Valeh Zeynalov:
– Bu gün muxtar respublikamızda gedən abadlıq, quruculuq işləri bütün sakinlərin ürəyincədir. Bu tədbirlərdən rayonumuza da pay düşüb. Bu şəraitdən bəhrələnən şərurlu seçicilər də sərbəst şəkildə seçki məntəqəsinə gəlib yüksək fəal­lıqla səs verirlər. Məqsəd insan amilinə xidmət edən inkişaf, tərəqqinin bundan sonra da davamlı olması, xalqımızın güzəranının daha da yaxşılaşmasıdır. O ki qaldı mənim seçimimə, təbii ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamçılarını millət vəkili kimi görmək istəyirəm.

İbadulla kəndindəki tam orta məktəbin binasında 2-20, 13-2 saylı, həkim ambulatoriyasında 2-19, 13-1 saylı seçki məntəqələrində də seçicilər öz istədikləri namizədə sərbəst şəkildə səs verirdilər. Burada seçki prosesi yüksək səviyyədə aparılırdı və demokratik şərait açıq-aşkar hiss edilirdi. Seçici Ələkbər İsmayılov dedi:
– Bu gün xalqımız üçün ən əlamətdar günlərdən biridir. Vətəndaşlarımız layiqli namizədləri Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçirlər. Özüm, eləcə də ailə üzvlərim seçkilərdə daim aktiv iştirak etmişik. Bugünkü seçkidə də yaradılan şərait yüksək səviyyədədir. Hər kəs öz seçdiyi namizədə səs verir. Biz bir daha sabitliyə, əmin-amanlığa, ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafına, işıqlı gələcəyinə səs verdik.
Digər seçki məntəqələrində də seçicilər yüksək əhval-ruhiyyə ilə məntəqəyə gəlir, səsvermədə mütəşəkkil iştirak edirdilər. Seçki məntəqələrində səsverməyə gəlmək imkanı olmayan və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət etmiş şəxslərin səs vermələri üçün də lazımi şərait yaradılmışdı, onlar üçün daşınan qutular təşkil olunmuşdu. Belə ki, rayonun ən yaşlı sakinləri – Qorçulu kəndində yaşayan, yaşı 100-ü ötmüş Fərman Sadiqov və Tənənəm kənd sakini Qəndab Maxsudova da məntəqəyə gəlmək imkanları məhdud olduqları üçün yaradılan bu şəraitdən istifadə edərək komissiya üzvlərinin iştirakı ilə səs veriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdəki fəallığı Şərur rayonunda olduğumuz bütün seçki məntəqələrində müşahidə etdik.

Babək rayonu

Fevralın 9-da keçirilən seçkilərdə Babək rayon sakinləri də fəallıqları ilə seçilirdilər. Səhər saatlarından etibarən səsverməyə gələn rayon sakinləri seçici siyahısında öz adlarını dəqiqləşdirdikdən sonra məntəqəyə daxil olur, seçki bülleteni alır, layiq bildikləri namizədə səs verirdilər. 

 

Biz də seçkilərin gedişini izləmək üçün əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə təşkil olunmuş 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin məntəqələrində olduq. Dairə seçki komissiyasının sədri Zahid Ələkbərov məlumat verdi ki, dairə üzrə 49 məntəqə yaradılıb. Onlardan 21-i Babək, 20-si Kəngərli rayonlarında, 8-i isə Naxçıvan şəhərində yerləşir. Dairə üzrə 43 min 38 seçicinin səs verəcəyi müəyyənləşib. Onlardan 266-sı ilk dəfə olaraq bu konstitusion hüquqdan istifadə edəcəklər. Komissiya sədri onu da əlavə etdi ki, seçki kampaniyasına hazırlıqla əlaqədar olaraq əvvəlcədən bütün məntəqələrə daşınan və daşınmaz qutular qoyulub. Bundan başqa, dairənin 5 seçki məntəqəsində seçkilərdəki şəffaflığı izləmək üçün veb-kameralar quraşdırılıb.
Babək qəsəbəsində yerləşən 3-41 saylı seçki məntəqəsinin qarşısındayıq. Saat 800-da məntəqə sədri Əli Hacıyev seçkilərin başlandığını elan edir və məntəqənin qapıları seçicilərin üzünə açılır. Öyrənirik ki, məntəqə üzrə 1194 seçici var və onlardan 19-u ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ qazananlardır. Səsverməyə gəlmiş Babək qəsəbə sakini, 101 yaşlı Sadıx Nəcəfovla söhbətləşirik. Deyir ki, indiyədək müxtəlif seçkilərdə iştirak etmişəm. Bu dəfə də öz vətəndaşlıq borcumu yerinə yetirdim. İnanıram ki, bu seçkilərdə layiqli namizədlər seçiləcək.
3-45 saylı seçki məntəqəsi isə Babək qəsəbə 2 nömrəli tam orta məktəbin binasında yerləşirdi. Qeyd edim ki, məntəqə üzrə 6 nəfər ilk dəfə səs verəndir. Həmin gənc­lərdən biri Fizzə İsmayılova deyir: “İlk dəfədir ki, seçkidə iştirak edirəm. Səsvermə zamanı şahidi oldum ki, seçkilərin demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Mən də layiq bildiyim namizədə səs verdim. Qoy bu seçkilərin nəticələri ölkəmiz, muxtar respublikamız üçün xeyirli, uğurlu olsun”.
Daha sonra rayonun Xəlilli kəndində yerləşən 3-33 saylı seçki məntəqəsinə yollanırıq. Burada bizə məlumat verildi ki, məntəqə üzrə 457 seçici qeydiyyata alınıb. Onlardan da 6-sı ilk dəfə olaraq seçki kampaniyasında iştirak edir. Belə gənclərdən biri, ailə üzvləri ilə birgə səsverməyə gələn Naxçıvan Dövlət Universitetinin tələbəsi Vüsalə Nəcəfova ilə həmsöhbət olduq: “Deyə bilərəm ki, seçki azad və şəffaf keçirilir. Mən də bir gənc kimi inkişaf, sabitlik və tərəqqiyə səs verdiyimə inanıram”.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə Babək rayonunda 6 seçki dairəsi yaradılıb. 18 saylı Nehrəm, 19 saylı Babək qəsəbə, 20 saylı Yarımca, 21 saylı Məzrə, 22 saylı Şıxmahmud, 23 saylı Cəhri Seçki dairələri üzrə məntəqələrdə yüksək seçici fəallığı var idi. İlk olaraq yolumuzu Şıxmahmud kəndindən saldıq. Qeyd edək ki, 22 saylı Şıxmahmud Seçki Dairəsi üzrə 10 məntəqə yaradılıb. Seçki dairəsi üzrə 7408 seçici qeydiyyatdadır. Şıxmahmud kənd tam orta məktəbində yerləşən 22-1 saylı seçki məntəqəsində də seçicilər böyük fəallıq göstərirdilər.
Axşam saatlarında əldə etdiyimiz məlumatlara əsasən Babək rayonundakı seçicilərin əksəriyyəti artıq səsvermə hüququndan istifadə etmişdi. Seçki dairələrinə məntəqələrdən heç bir şikayət daxil olmamışdı.

Ordubad rayonu


Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Ordubad rayonunda da şəffaf və demokratik şəkildə keçirilib.  

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 7 saylı Ordubad-Culfa Seçki Dairə­sinin əhatə etdiyi ərazilər üzrə 35 min 209 seçici qeydə alınmışdı. Həmin seçicilərin səsverməsi üçün 52 seçki məntəqəsi yaradılmışdı ki, bunların da 45-i Ordubad rayonunda təşkil edilmişdi. Rayonda yaradılan seçki məntəqələrində 29 min 302 seçici qeydə alınmışdı. Həmin məntəqələrdə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər üçün Ordubad rayonu üzrə 41, 42, 43, 44, 45 saylı Seçki dairələrinin əhatə etdiyi məntəqələrin hər birində seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmış, bütün məntəqələr lazımi avadanlıqlarla təchiz edilmişdi.
7 saylı Ordubad-Culfa Seçki Dairəsinin Ordubad şəhərindəki şahmat məktəbində yerləşən 1 saylı seçki məntəqəsində olduq. Məntəqə üzvlərinin iştirakı ilə qutular möhürləndi və seçkiyə start verildi. 1289 seçicinin səs verəcəyi məntəqədə səhər saatlarından seçici fəallığı hiss olunurdu. Məntəqə seçki komissiyasının sədri Əkbər Babazadə söhbət zamanı bildirdi ki, səs verəcək bütün seçicilərin siyahısı dəqiqləşdirilib və onlara bildirişlər göndərilib. Üç nəfər seçici ilk dəfə səs verəcəkdir.
Həmin məntəqədə yenicə səs vermiş Kəmalə Əliyeva ilə həmsöhbət olduq. Öyrəndik ki, Kəmalə xanım Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin müəllimidir. Müsahibimizdən seçkilərin gedişi ilə bağlı fikirlərini bildirməsini xahiş etdikdə vurğuladı ki, müstəqil dövlətimizdə həyata keçirilən möhtəşəm quruculuq prosesləri, əhalinin gündən-günə yaxşılaşan həyat səviyyəsi və ən əsası da sabitlik və əmin-amanlıq ona öz fikirlərini seçki günündən hələ xeyli əvvəl qətiləşdirməyə imkan yaradıb. Xüsusən də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq prosesləri sözlə ifadə olunmayacaq qədər möhtəşəmdir. Bütün bunlara isə ulu öndər Heydər Əliyev siyasətinin muxtar respublikamızda uğurla icra edilməsi nəticəsində nail olunub. Kəmalə xanım da həmin siyasətin dəstəkçilərinə səs verdiyini bildirdi. Digər həmsöhbətimiz təqaüdçü Aydın Qənbərli də səsvermə üçün ideal şəraitin yaradıldığını bildirdi.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Ordubad şəhərindəki 7-2 saylı seçki məntəqəsində də müşahidə apardıq. Burada 1428 nəfər seçicinin sərbəst şəkildə səs verməsi üçün hər cür şərait təmin edilmişdi. Məntəqə seçki komissiyasının sədri Azər Məmmədovun sözlərinə görə, hər kəs seçkilərin şəffaf keçirilməsində maraqlıdır. Çünki bu gün səs verdiyimiz namizəd sabah Milli Məclisdə və başqa tribunalarda öz seçicilərini təmsil edəcək. Ona görə də hər bir seçici istədiyi namizədi seçmək üçün tələsir.
Adıçəkilən məntəqədə bitərəf müşahidəçi Mikayıl Babayevlə həmsöhbət olduq. O, seçki prosesində qanun pozuntusunun qeydə alınmadığını bildirdi.

Culfa rayonu


 

Culfa rayonunda da seçicilərin səsvermədə iştirakı üçün zəruri şərait yaradılmışdı. Bundan səmərəli istifadə edən seçicilər səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirirdilər.
Rayon üzrə 30 seçki məntəqəsi fəaliyyət göstərirdi ki, onun 7-si 7 saylı Ordubad-Culfa, 23-ü isə 6 saylı Culfa-Babək Seçki dairələrinin tərkibində idi. Rayon üzrə seçicilərin ümumi sayı 25 min 422 nəfər idi. Onların 54 nəfəri isə səsvermə hüququndan ilk dəfə istifadə edirdi.
6 saylı Culfa-Babək Seçki Dairəsinin Culfa şəhər 6-16 saylı məntəqə seçki komissiyasının sədri Səriyyə Salahova bildirdi ki, məntəqə üzrə 1460 seçici qeydə alınıb. Seçkiyə hazırlıq işləri əvvəlcədən yüksək səviyyədə həyata keçirilib. Səhərçağı olmasına baxmayaraq, seçki məntəqəsinin həyətinə xeyli sayda seçici gəlib. Burada veb-kamera da quraşdırılıb.
Müşahidə apardığımız növbəti ünvan 6-17 saylı seçki məntəqəsi oldu. Burada da veb-kamera quraşdırılmışdı. Məntəqə sədri Rauf Hüseynov bildirdi ki, seçkiyə start verildikdən qısa zaman sonra artıq 300-dən çox seçici səsvermə hüququndan istifadə edib. 1407 seçicinin qeydə alındığı məntəqədə seçici Rövşən Abbasovla həmsöhbət olduq. O vurğuladı ki, azad, demokratik bir ölkədə yaşadığımıza görə qürur duyuruq. Müstəqil Azərbaycan öz işıqlı günlərini yaşayır. Bizim üçün yaradılan şəraitdən çox razıyıq.
6-21 saylı seçki məntəqəsi rayonun Ərəzin kənd tam orta məktəbinin binasında yerləşir. Öyrəndik ki, bu məntəqə üzrə 1307 seçici səs verəcək. Qeyd edək ki, məntəqə üzrə 4 nəfər ilk dəfə səs verənlər idi. Həmin gənc­lərdən biri – Naxçıvan Dövlət Universitetinin tələbəsi Səmanə İmanovanın dediklərindən:
– İlk dəfədir ki, seçkidə iştirak edirəm. Ona görə də qürurluyam. Ölkəmizin inkişafı, sabitlik, əmin-amanlıq mənim kimi, digər gəncləri də gələcəyə daha inamla baxmağa sövq edir.
Rayonun Əbrəqunus kəndində yerləşən 6-22 saylı seçki məntəqəsində isə qeydiyyata alınan ümumi seçici sayı 1115 nəfər idi. Müşahidələrimiz nəticəsində bu seçki məntəqəsində də lazımi şəraitin yaradıldığının, seçicilərin fəallığının şahidi olduq.
Saat 1500-da 6 saylı Culfa-Babək Seçki Dairəsinin 6-26 saylı Saltaq seçki məntəqəsində idik. Bu məntəqədə seçicilərin sayı 1192 nəfər idi. Səsvermədə görüşdüyümüz seçicilərin hamısı seçkilərin gedişindən razılıqlarını bildirirdi.
7 saylı Ordubad-Culfa Seçki Dairəsinin 7-47 saylı Yaycı məntəqə seçki komissiyasının sədri Rizvan Quliyevdən öyrəndik ki, bu məntəqədə 1385 seçici qeydiyyatdadır. Seçicilərdən 6-sı ilk dəfə səsvermə hüququndan istifadə edir. Onlardan biri də Səbuhi Möhbalıyevdir. O, seçkilərlə bağlı təəssüratlarını belə bildirdi:
– Çox həyəcanlıyam. Bu gün hər kəs öz vətəndaşlıq borcunu böyük ruh yüksəkliyi ilə yerinə yetirir. Mən də ölkəmizin xoşbəxt gələcəyinə səs verdim və bundan böyük qürur hissi duyuram.
Həmin gün saat 1900-da rayonun bütün seçki məntəqələrində səsvermə mütəşəkkilliklə başa çatıb.

Kəngərli rayonu


 

Kəngərli rayonunda da seçkilərə ciddi hazırlıq işlərinin görülməsi seçki məntəqələrinin açıldığı səhər saatlarından bu ünvanlara fəal şəkildə gələn seçicilərin rahat və heç bir çətinlik çəkmədən səs verməsinə şərait yaratmışdı. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə bağlı 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi üzrə Kəngərli rayonunda 18 seçki məntəqəsi yaradılmışdı. Rayon üzrə 19 min 237 seçici qeydə alınmışdı.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 3-12 saylı seçki məntəqəsi rayonun Şahtaxtı kəndində, kənd mərkəzinin binasında fəaliyyət göstərirdi. 1175 seçicinin olduğu məntəqədə onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Seçicilərdən Cəbi Həsənov dedi: – Məntəqədə hər kəsin öz namizədinə səs verməsi üçün bütün şərait yaradılıb. Digər kənd sakinləri kimi, mən də sərbəst şəkildə öz namizədimə səs verdim.
1415 seçicinin qeydiyyatda olduğu Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin binasında yaradılan 3-6 saylı məntəqədə ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gənclərdən İlkanə Hüseynova söhbət zamanı bildirdi ki, onun kimi ilk dəfə səs verən gənc­lərin seçkilərdən öncə seçki proseduru ilə bağlı maarifləndirilməsi onların seçkilərdə fəal iştirakına zəmin yaradıb.
Rayonun Qıvraq qəsəbə tam orta məktəbində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə yaradılan 3-17 saylı məntəqə seçki komissiyasının sədri Nazim Əsgərov məlumat verdi ki, məntəqədə 1165 seçici qeydə alınıb. Günortaya kimi seçicilərin, demək olar ki, yarısı səsvermə hüququndan istifadə edib. Məntəqədə qayda pozuntusuna yol verilməyib.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərlə bağlı rayonda təşkil edilən 15 saylı Qarabağlar, 16 saylı Qıvraq, 17 saylı Çalxanqala Seçki dairələri üzrə 18 məntəqəyə rayon sakinləri böyük ruh yüksəkliyi ilə gəlir, layiqli namizədə səs verirdilər. Adıçəkilən dairələr üzrə 19 min 237 seçicinin qeydiyyatda olduğu məntəqələrin önündə səhər saatlarından qələbəlik idi. Seçkilər beynəlxalq tələblərə uyğun, azad və demokratik şəraitdə keçirilirdi. Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin binasında yaradılan 15-1 saylı məntəqədə 1471 seçici qeydiyyatda idi. Kənd sakinləri səhər saatlarından buraya gəlir, istədikləri namizədə səs verirdilər. 18 sakinin ilk dəfə səsvermə hüququndan istifadə etdiyi məntəqədə təqaüdçü Vəli Əsədov bizimlə söhbətində bildirdi ki, ötən dövrdə keçirilən bütün seçkilərdə iştirak edib. Eyni zamanda gənclərə də seçkilərdə fəal iştirak etməyi tövsiyə edib, seçkilərin hər bir Azərbaycan vətəndaşının həyatında mühüm hadisə olduğunu dedi. Əmindir ki, səs verdiyi namizəd seçicilərin ona göstərdiyi etimadı doğruldacaq.
Məntəqədə olarkən ilk dəfə səs vermək üçün gəlmiş Nihad Əliyevin də fikirlərini öyrəndik. Həmsöhbətimiz bildirdi ki, parlament seçkilərində ilk dəfə iştirak etdiyi üçün böyük qürur hissi keçirir. Çünki həyatında birinci dəfədir ki, ölkəmizin və muxtar respublikamızın ali qanunverici orqanlarına deputat seçilmək istəyən namizədlərə səs verir.
Rayonda olarkən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə yaradılan 17-5 saylı Çalxanqala, 17-6 saylı Xıncab, 17-7 saylı Təzəkənd, 16-6 saylı Böyükdüz, 17-1 saylı Yeni Kərki və başqa kənd­lərdəki məntəqələrdə də olduq. Bu məntəqələrdə də seçki prosesinin müasir tələblərə uyğun keçirilməsi üçün lazımi şərait yaradıldığından proses zamanı heç bir qanun pozuntusuna rast gəlinməmişdi.
Bir sözlə, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən növbəti seçkilərdə rayon sakinlərinin yüksək seçici fəallığı nümayiş etdirdiklərinin şahidi olduq.

Şahbuz rayonu


 

Budəfəki seçkilər muxtar respublikanın hər yerində olduğu kimi, Şahbuz rayonunda da yüksək seçici fəallığı ilə seçilirdi. Seçki prosesinin necə kecdiyini izləmək üçün müşahidələrimizə rayon ərazisindəki 1 saylı seçki məntəqəsindən başladıq.

Səhər saat 800-dan həmin məntəqədə qələbəlik idi. İlk səs verən seçicilərdən Sadıq Ələsgərov və Kamil Əliyevə yaxınlaşdıq. Kamil Əliyev bildirdi ki, ilk seçici olduğum üçün qürur duyuram.
Burada həmsöhbət olduğumuz gənc seçicilərdən Mehri Bayramova bildirdi ki, seçki prosesində iştirak etməyi özüm üçün vətəndaşlıq mövqeyi, mənəvi borc hesab edirəm. Bugünkü seçkilərdə fərəhlə iştirak etdim. Digər seçicilər də öz vətəndaşlıq borclarını yerinə yetirərək seçkilərdə fəal iştirak edirdilər.
Şahbuz rayonunda yaşı 100-dən yuxarı olan iki seçici var. Onlardan 110 yaşlı Ceyran Qafarova Şahbuz şəhər 1 saylı seçki məntəqəsində, 100 yaşlı Hüseyn Hümbətov isə Güney Qışlaqdakı 5-16 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər.
Müşahidələrimizi Şahbuz şəhərində yerləşən 5-6, Ayrınc kəndindəki 5-8, Qızıl Qışlaq kəndindəki 5-17, Güney Qışlaqdakı 5-16 saylı seçki məntəqələrində davam etdirdik. Məntəqələrin yerləşdiyi ərazilərə yaxınlaşarkən burada da seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri, seçici fəallığı diqqətimizi ­çəkirdi.
780 seçicinin qeydiyyata alındığı 5-2 saylı seçki məntəqəsində də olduq. Burada veb-kamera da quraşdırılmışdı. Seçki hüququndan istifadə edən yaşı 95-i haqlamış Əli Xəlilov bildirdi ki, komissiya üzvlərinin qanunauyğun fəaliyyəti vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələrinə və istədikləri namizədlərə səs vermələrinə şərait yaradıb.
Seçici Novruz Məmmədov isə dedi ki, mən də səsvermədə namizədlər arasında inandığım namizədə səs verdim.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə yaradılmış 5-22 saylı Ağbulaq və 5-21 saylı Gömür seçki məntəqələrində də seçici fəallığı yüksək idi.
5-21 saylı məntəqədə olarkən ən çox diqqətimizi çəkən məqam yaşlı bir qadın oldu. Öyrənirik ki, həmin qadın – Maral Taroyeva bu məntəqənin ən yaşlı seçicilərindəndir. O, dedi:
– Çox şadam, artıq bir neçə dəfədir ki, seçkilərdə iştirak edirəm. Səhhətim imkan verdi ki, bu dəfə də layiqli namizədimi dəstəkləmək üçün məntəqəyə gəlim. Yaşımın çox olmasına baxmayaraq, mən də seçkilərdə həvəslə iştirak etdim.
947 seçicisi olan Kükü kəndindəki 5-15 saylı seçki məntəqəsindən Sabir Quliyev və Aləm Bağırov isə səsvermədə iştirak etməklə öz vətəndaşlıq hüquqlarından istifadə etdiklərini bildirdilər və layiqli namizədlərə səs verdiklərini vurğuladılar.
Şahbuzun digər bir yaşayış məntəqəsi olan Kolanı kəndində də seçki günündə yüksək seçici fəallığı vardı. Burada həmsöhbət olduğumuz yaşlı seçicilərdən İdris Mustafayev və Xəqani Qurbanov demokratik və şəffaf seçkilərin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirdilər, layiqli namizədlərə səs verdiklərini dedilər.
Ölkəmizin ildən-ilə qüdrətlənməsinin, muxtar respublikamızın hərtərəfli inkişafının insanların budəfəki seçkilərə olan marağını artıran əsas amillərdən olduğu görünürdü. 9 fevral – Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər günündə həmsöhbət olduğumuz şahbuzlu seçicilərin də ümumi qənaəti belə idi.
Məlumat üçün qeyd edək ki, 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin tərkibində olan 46 seçki məntəqəsinin 37-si daimi fəaliyyət göstərir. Onlardan 25-i Şahbuz, 12-si isə Babək rayonundadır. 9 məntəqə seçki komissiyası isə seçki gününə 5 gün qalmış yaradılmışdı.

Sədərək rayonu

 

Seçkilər Sədərək rayonunda da mütəşəkkil, azad və şəffaf keçirildi. Apardığımız müşahidələrə əsasən əminliklə deyə bilərik ki, seçki məntəqələrində müasir şərait yaradılmışdı və seçicilər öz iradələrini lazımi səviyyədə nümayiş etdirirdilər.
Rayonda seçicilərin ümumi sayı 10 min 629 nəfərdir ki, bunlardan da 17-si ilk dəfə səs verənlər idi.
Heydərabad qəsəbə orta məktəbində yerləşən 1-1 saylı seçki məntəqəsində seçici mütəşəkkilliyinin şahidi olduq. Burada müşahidəçilərə də yaxşı şərait yaradılmışdı. Məntəqə seçki komissiyasının sədri Ramazan Cəfərov seçkinin gedişi barədə məlumat verərək dedi ki, məntəqəmizdə 1474 seçici var. Onlardan ikisi səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərdir.
Onlardan biri – İnci Qaybalıyeva ilə həmsöhbət olduq. İnci bildirdi ki, muxtar respublikamız inkişaf edir, yollar çəkilir, gözəl park və xiyabanlar salınır, kənd mərkəzləri, səhiyyə, təhsil ocaqları inşa edilir, hamısı da müasir səviyyədə. Bütün bunlar bizim gözümüzün qarşısında baş verir. Biz də, öz növbəmizdə, ölkəmizin demokratik və sürətli inkişafı üçün hüququmuzdan düzgün istifadə etməliyik. Mən də belə etdim. Rayonumuzun inkişafı üçün layiqli namizədə səs verdim.
Uşaq musiqi məktəbində yerləşən 1-5 saylı seçki məntəqəsinin sədri Şahin Zeynalov isə bildirdi ki, aparılan hazırlıq işləri yetərli olduğundan seçicilər heç bir çətinliklə qarşılaşmadan səsvermə hüququndan istifadə edirlər. Məntəqədə 1434 seçici var, səsvermə hüququndan ilk dəfə istifadə edən 1 nəfər qeydə alınıb.
Kənd ağsaqqalı Ələkbər Cabbarov bizimlə təəssüratlarını bölüşdü:
– Həyatın hər üzünü görmüşəm. İmperiyanın caynağından xilas olanadək çətin günlər yaşadıq. İndi isə vəziyyətimiz çox yaxşılaşıb. Əmin-amanlıq şəraitində rahat yaşayırıq. Bu yaşayışın davamı üçün əvvəlcədən müəyyənləşdirdiyim namizədə səs verdim.
Rayon Elektrik Şəbəkəsinin inzibati binasında yerləşən 1-7 saylı seçki məntəqəsində 1483 seçici siyahıya alınıb. Burada səs verən Qasımovlar ailəsi ilə tanış olduq. Ailə başçısı Bəxtiyar Qasımov bildirdi ki, həyat yoldaşım Səmayə, oğlum Nicat ilə birlikdə səsvermədə iştirak etdik. Muxtar respublikamızda abadlıq-quruculuq işləri aparılır, yeni iş yerləri açılır, bir sözlə, çox böyük inkişaf var. Kəndimizdə su, qaz, işıq daimidir. Əməkhaqları, pensiyalar artırılır, insana qayğı, diqqət vardır. Biz də bu siyasəti dəstəklədik.
Sədərək kənd 1 nömrəli tam orta məktəbdə yerləşən 1-4 saylı seçki məntəqəsinin sədri Kamran Qasımovdan aldığımız məlumata görə, bu məntəqədə 1441 seçici var. Onlardan 3-ü ilk dəfə seçki hüququndan istifadə edəcək. Məntəqə sədri ən yaşlı seçicinin 1924-cü il təvəllüdlü Səkinəxatın Nəsirova olduğunu bildirdi. Məntəqədə seçkilər müvafiq məcəllənin tələblərinə uyğun təşkil edilmişdi və ilk baxışdan vətəndaş fəallığı diqqəti çəkirdi.
Bu məntəqədə də səsverməyə gəlmiş daha bir ailə ilə həmsöhbət olduq. Ailə başçısı Nazim Bağırov seçki məntəqəsində yaradılan şərait­dən, şəffaflıqdan razılıqla danışdı.
Sədərək kənd 2 nömrəli tam orta məktəbdə yerləşən 1-3 saylı seçki məntəqəsinin sədri Qurban Qasımovdan aldığımız məlumata görə, məntəqədə 1446 seçici var.
Səsvermə hüququndan ilk dəfə istifadə edən Yasin Əliyev də bu seçki prosesində iştirak etməyindən həvəslə danışdı və qeyd etdi ki, bu gün müasir gənclik hərtərəfli qayğı ilə əhatə olunub. Gənclər də yaradılmış şəraitdən istifadə edərək ölkə­mizin və muxtar respublikamızın inkişafına töhfələrini verirlər. Bu proses isə biz gəncləri ölkəmizin gələcək dövlət quruculuğu işində daha mütəşəkkil olmağa sövq edir. Mən də respublikamızın inkişafına öz töhfəsini verəcək namizədi seçəcəm.
Qeyd edək ki, seçki prosesini yerli müşahidəçilərlə yanaşı, müxtəlif xarici ölkələr və beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər də izləyirdilər.
Seçki məntəqələrində səsverməyə gəlmək imkanı olmayan və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət etmiş şəxslərin səsvermə hüququndan istifadə etmələri üçün də şərait yaradılmışdı.
Bir sözlə, Sədərək rayonunda da seçkilərin tam şəffaf, obyektiv şəraitdə keçirildiyinin şahidi olduq.

Xəbərlər şöbəsi

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR