05 Aprel 2020, Bazar

İran İslam Respublikası 1979-cu il fevralın 11-də yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında milli bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.
Ötən əsrin 90-cı illərində ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan-İran əlaqələri bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə İran İslam Respublikasına səfərlər etmiş, 1992-ci il avqustun 24-də “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmış, Azərbaycan-İran münasibətlərinin əsası qoyulmuşdur.

Bu gün münasibətlərin genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əlaqələrin uğurlu inkişafını şərtləndirir. Naxçıvan Muxtar Respublikasının Culfa və Şahtaxtı sərhəd-keçid komplekslərinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi və iş saatının artırılması iqtisadi-ticarət əlaqələrinin ilbəil genişlənməsinə səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 noyabr tarixli Qərarına əsasən muxtar respublikaya səfər edən İran vətəndaşları üçün rəsmiləşdirilən 15 günlük giriş icazələri və birdəfəlik giriş vizaları ləğv olunmuşdur. 1 dekabr 2019-cu il tarixdən etibarən İran İslam Respublikası vətəndaşları heç bir viza və ya giriş icazəsi tələbi olmadan muxtar respublika ərazisinə 15 gün müddətinə səfər edə bilirlər.
2019-cu ilin iyul ayında Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilmiş, nəticədə, sərnişinlərin mənzilbaşına çatdırılması 12 saatdan 8 saata endirilmişdir. Gömrük nəzarəti sisteminin sadələşdirilməsi ilə sərnişin avtobuslarının hər iki ölkənin gömrük postlarından sürətli keçidi təmin edilmişdir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında sənaye, kənd təsərrüfatı, enerji, səhiyyə, ticarət, nəqliyyat, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığın inkişafı məmnunluq doğurur. Turizm sahəsində əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, qarşılıqlı mədəni tədbirlərin təşkili isə dostluq münasibətlərini möhkəmləndirir. İdman sahəsində mövcud əlaqələr də gücləndirilir, müxtəlif idman növləri üzrə yarışlarda komandaların iştirakı təmin edilir. İran İslam Respublikası ilə qurulan iqtisadi münasibətlər sahibkarlıq subyektlərinin qarşılıqlı əlaqəsində də özünü göstərməkdədir. Muxtar respublika sahibkarları dəvət əsasında İran İslam Respublikasında keçirilən sərgilərdə təmsil olunaraq istehsal etdikləri məhsulları nümayiş etdirirlər.
Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı ikitərəfli münasibətlərdə təhsil sahəsindəki əməkdaşlıq xüsusi yer tutur. Naxçıvan Dövlət Universiteti ilə Təbriz Universiteti, Təbriz Tibb Elmləri, Azad İslam Universitetinin Mərənd filialı, Cihad, Pəyami-Nur, Urmiya, Tehran və Zəncan universitetləri arasında əlaqələr qurulmuşdur. Hazırda Naxçıvan Dövlət Universitetində 140-dan çox iranlı tələbə təhsil alır.
Bu gün ölkələrimiz arasındakı dostluğa və qardaşlığa əsaslanan münasibətlər davamlı inkişaf mərhələsinə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün belə sürətlə inkişaf etməsi bizi çox sevindirir”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR