05 Aprel 2020, Bazar

Sərhəd qoşunlarının peşəkar milli zabit kadrları ilə formalaşmasında, onlara yüksək xidmət və məişət şəraitinin yaradılmasında, hərbi potensialın artırılmasında misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev bu sahənin inkişafının vacibliyini vurğulayaraq deyirdi: “Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir”.

Bu gün muxtar respublikamızda Sərhəd qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb. Muxtar respublikanın sərhədlərinin mühafizəsi və bu sahədə həyata keçirilən quruculuq işləri nəticəsində sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu gün muxtar respublikanın sərhəd zastavaları müasir sərhəd strukturlarına malikdir. Ötən ay “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi də bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir.

Biz də yaradılan şərait, sərhədçilərimizin xidməti fəaliyyəti ilə tanış olmaq, onların sevinclərini bölüşmək üçün həmin zastavaya yola düşürük.

Yolumuz uzun olduğundan füsunkar təbiət mənzərələrini və uzaqdan başıqarlı Ağrı dağının əsrarəngiz görüntüsünü izləyə-izləyə düşünürdüm: Hər bir insanın ülvi məhəbbətlə köksündə gəzdirdiyi Vətən sevgisi var. Bəs səbəbsiz yaranan, qədəri ümmanlarla ölçülməyəcək olan bu sevginin səbəbi nədir? Dünyaya gözümüzü açdığımızda ilk anamızı görüb ona böyük sevgi ilə bağlandığımız kimi, bizi işıqlı, gözəl gələcəyə aparan ilk qədəmlərimizi Vətən torpağına basdıqda da qəlbimizdə bir misilsiz məhəbbət – torpaq, Vətən sevgisi yaranır. Zaman ötdükcə bu hiss azalmır, əksinə, o qədər artır ki, heç düşünmədən onun üçün canından keçməyə hazır olursan. “Vətən sərhəddən başlanır”, – deyirlər. Deməli, bu torpaqda boya-başa çatan hər bir azərbaycanlı Vətənin sərhədini təşkil edir. Onun havasını udan, suyunu içən, nemətlərindən istifadə edən hər bir insan düşmənə sinə gərən, sərhədin keşiyində duran igid şanlı əsgərdir, canlı sipərdir. Bu baxımdan sərhədçi peşəsi müqəddəs peşədir, – deyənlər heç də yanılmırlar. Ölkəmizin sərhədinin keşiyini çəkən hər bir əsgər diyarımızda əldə olunan bugünkü sabitliyin, əmin-amanlığın, inkişafın da qoruyucusudur.
Sürücünün “Artıq zastavaya çatırıq” sözləri məni fikirdən ayırır. Zastavanın ərazisinə daxil olarkən burada yaradılan şərait, xidmət və yaşayış kompleksi, yardımçı binalar, təlim şəhərciyi, müşahidə qülləsi köksümüzü qürur hissi ilə doldurur.

Qərargah binasında əsgərlər üçün 48 yerlik yataqxana, zabitlər üçün istirahət yerləri, sinif otağı, silah, rabitə və digər xidməti otaqlar, yeməkxana, mətbəx və ərzaq anbarı yerləşir. Ərazidə sərhədçi ailələri üçün 12 mənzilli 2 mərtəbəli xidməti yaşayış binası, hamam-camaşırxana, qazanxana, əşya, ərzaq və silah anbarları, avtomobillər üçün 2 saxlanc yeri, xidməti heyvanlar üçün yardımçı bina və helikopter meydançası inşa edilib. Yaşayış binalarındakı mənzillərin hər birinə mebel dəstləri, məişət əşyaları qoyulub və fərdi qızdırıcı ilə təmin edilib. Bundan əlavə, sərhəd zastavasının ərazisində videokamera nəzarət sistemi quraşdırılıb, sıra meydanı, idman və təlim şəhərciyi, atəş hazırlığı sahəsi, futbol və voleybol meydançaları yaradılıb. Uşaqlar üçün əyləncə qurğuları da quraşdırılıb, geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, 4 kilometr məsafədən qaz, 1450 metr isə su xətti çəkilib.
Sərhəd zastavasında yaradılan şəraitlə tanış olduqdan sonra əminliklə deyə bilərik ki, burada xidmət aparan hər bir sərhədçi istənilən şəraitdə sərhədlərimizin mühafizəsi işini layiqincə yerinə yetirəcəkdir.
Bu barədə əsgərlərlə həmsöhbət oluruq.
Şamaxı rayonundan olan əsgər Mahmud Feyzullayev qeyd edir ki, 13 aydır, bu qədim diyarda Vətənə xidmət edirəm. İlk vaxtlar çətinliklərim olsa da, komandirlərimizdən sərhədçi peşəsinin sirlərini dərindən öyrənə bildim. Vətənə xidmət etdiyim üçün qürur duyuram. Peşəmizin məsuliyyəti bizi heç bir zaman tərk etmir. Ölkənin təhlükəsizliyinə, onun milli maraqlarına zidd ola biləcək hər hansı bir iş sərhədi pozmaqla ola bilər. Ona görə də dövlətimizin təhlükəsizliyi, xalqımızın rahat və firavan həyatı üçün daim ayıq-sayıq şəkildə sərhədlərimizin keşiyini çəkirik. Burada yaradılan şərait bizim üçün əlavə məsuliyyət deməkdir. Bunu dərk edərək işimizə daha səylə, ciddi yanaşırıq.
Kənan Ağaverdiyev Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb və artıq 16 aydır ki, müqəddəs Vətən borcunu Naxçıvanda yerinə yetirir. O deyir ki, sərhədçi olmaq mənim ən böyük arzularımdan idi. Çünki Vətən sərhədləri toxunulmazdır. Onu qorumaq isə şərəfli işdir. Komandirlərimizin qeyd etdiyi kimi, həqiqətən, sərhədçi fiziki cəhətdən tam hazırlıqlı, dünyagörüşlü, insanlarla yaxşı ünsiyyət qura bilmək bacarığına malik olmalı, bu istiqamətdə yetişməlidir.
Müsahibim bildirir ki, burada xidmətə başladığımız gün komandirlərimiz bizə ilk olaraq “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını öyrədib. Peşəkar zabitlərimiz bizə dərslər, təlimlər zamanı bu sözlərin adi bir cümlə olmadığını daha dərindən aşılayırlar. Anlayırıq ki, uğurlarımızın səbəbi məhz birliyimizdir. Biz bu gün yumruqtək birləşib öz sərhədlərimizin keşiyində ayıq-sayıq dayanır, xidmətimizi qüsursuz yerinə yetirməyə çalışırıq. Yeganə məqsədimiz budur: Vətənimizdə yaşayan hər bir insan rahat və firavan yaşasın. Mən fəxr edirəm ki, sərhədlərimizin keşiyində dururam.
Sərhədçi ailələri üçün yeni istifadəyə verilən xidməti yaşayış kompleksinə də baş çəkirik. Burada 12 mənzil yerləşir və onların hər biri lazımi kommunal-məişət şəraitinə malikdir. Qonağı olduğumuz ailənin xanımı Nərgiz Hüseynli deyir ki, həyat yoldaşımın peşəsi ilə qürur duyuram. Sərhədçi ailəsi olmaq da elə bu peşə qədər müqəddəsdir. Həyat yoldaşım muxtar respublikada yerləşən müxtəlif zastavalarda xidmət edib. Biz sərhədçi ailələrinə yaşadığımız hər yerdə daim qayğı göstərilib, sosial-məişət şəraitimiz diqqət mərkəzində saxlanılıb. Bizim üçün bu cür gözəl şəraiti yaradanlara minnətdaram.
Söhbətimizə qoşulan baş çavuş Hacı Hüseynli isə qeyd etdi ki, Vətənimizin sərhədlərini mühafizə edən sərhədçi ailələri üçün yaradılan şərait, zabit-gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bir sözlə, dövlətin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğı göz önündədir. Bütün bunlar hər birimizdə qürur hissi ilə bərabər, əminlik də yaradır. Bu diqqət və qayğının müqabilində təbii ki, yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da sərhədlərin etibarlı mühafizəsini təmin edəcək, verilən tapşırıqların icrasını layiqincə yerinə yetirəcək, bizə olan etimadı doğruldacağıq.

Apardığımız söhbətlərdən də məlum olur ki, bu gün hər bir sərhədçi öz peşəsinin məsuliyyətini dərindən dərk edərək Vətənimizin sərhədlərinin keşiyində ayıq-sayıq dayanır, səmada dalğalanan müstəqillik rəmzimiz olan bayrağımızın və “Azərbaycan” adlı müqəddəsliyin daim var olması üçün çalışır. “Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi”, – söyləyən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müstəqil dövlətin əsas dayağının onun silahlı qüvvələri olduğunu daim vurğulayır. Əlbəttə ki, əsgərlərdən tutmuş zabit heyətinədək hər bir Azərbaycan övladı burada xidmət keçməkdən yalnız fərəh və qürur hissi duyur.

 Pərviz HACILI

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR