Muxtar respublikamız 2012-ci ili uğurla başa vurur

XXI əsrin on ikinci ili ilə vidalaşmaq ərəfəsindəyik. 366 günlük daha bir zaman kəsiyi də tarixə qovuşmaqdadır. Qovuşmaqla da bizdən ayrılır. Tarix üçün çox da böyük müddət olmayan bir ilin necə gəlib keçdiyinin fərqinə vara bilməsək də, diyarımızın salnaməsinə həkk olunan saysız-hesabsız unudulmaz məqamlar, genişmiqyaslı quruculuq ərməğanları, unuda bilməyəcəyimiz xoş xatirələr bizimlə qalır.
İki gündən sonra yurdumuza qədəm qoyacaq 2013-cü ildə 2012-ci ili necə xatırlayacağıq? Geriyə dönüb bu ilə baxanda qəlbimizdə hansı hisslər baş qaldıracaq? Təbii ki, hamı bu suala eyni cavabı verə bilməz. Çünki vidalaşdığımız il hər birimizin həyatına ayrı-ayrı izlər salıb, həyatımızı daha firavan edib. Bu izlər yaşadıqca 2012-ci il də ömür kitablarımızda yaşayacaq, tariximizdə yaşayacaq, tariximizi yaşadacaq. Bizdən sonrakı nəsillər də tariximizin bu səhifəsini ən qiymətli salnamə kimi dəyərləndirəcəklər. Söhbətimin əvvəlinə qayıdaraq düşünürəm ki, sözün həqiqi mənasında, 366 günün necə başa çatdığını bilmədik.

Bunun səbəbini geniş izah etməyə bir o qədər də ehtiyac yoxdur. Çünki “Milli dəyərlər ili” həyatımıza təsirsiz ötüşmədi, saysız-hesabsız yeniliklərlə dolu oldu. Xalqımızın minilliklər boyu yaratdığı dəyərləri yaşatmaq, gələcək nəsillərə olduğu kimi təhvil vermək üçün möhtəşəm tədbirlər həyata keçirildi. Bununla yanaşı, neçə illərdir ki, muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq işləri öz axarı ilə davam etdirildi. Belə tədbirlər diyarımızın tarixinə bir sıra yeniliklər yazdı. Bu yeniliklərə blokada şəraitində nail olmağın çətinliklərini təsəvvür etmək çətin deyil. Ancaq muxtar respublika sakinləri 2012-ci ildə də bir daha gördülər və yəqin etdilər ki, bu qədim diyarda insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı və diqqət günümüzün reallığına çevrilib. Bu reallığı hər addımda, ilin ilk günündən sonuncu gününə qədər gördük. Qurub-yaratmaq istəyimizi gücləndirən başlıca amil də məhz bu reallığı yaşamağımızdır. Kimlərəsə bu, təəccüblü görünə bilər. Əsl həqiqətdə də belədir. Muxtar respublikaya ölkəmizin digər bölgələrindən, xarici ölkələrdən gələn qonaqlar qədim diyarın belə intibaha qovuşmasına inana bilmirlər. Lakin fakt faktlığında qalır və necə deyərlər, görünən dağa bələdçi lazım deyil.
Gülzarlıqlar, yaşıllıqlar, gözəlliklər diyarına çevrilən muxtar respublikada bərqərar olmuş ictimai-siyasi sabitlik insanların həyata baxışlarını kökündən dəyişdirib. Onlar sosial-iqtisadi inkişafda başlıca amillər olan tikinti-quruculuq prosesləri, aqrar sahədə aparılan islahatların nəticələri, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, həyatımızın bütün sahələrində – təhsil, mədəniyyət, səhiyyə, rabitə, nəqliyyat və digər sahələrdə qazanılan uğurları yüksək dəyərləndirirlər. İnsanların bu proseslərdə fəallığını isə yurdumuzu daha gözəl, daha füsunkar, iqtisadiyyatını güclənən bir diyar kimi görmək istəyinin ifadəsi kimi qiymətləndirmək olar. Bu, doğma Vətənə, onun daha işıqlı sabahına bağlılığın, yurdsevərliyin ən gözəl təcəssümüdür.
2013-cü ilin ilk gününə çox az qalıb. Necə qarşılayırıq növbəti ili? Dükan-bazarlarımızda bolluq, çöhrələrdə təbəssüm, qəlblərimizdə sevinc, diləklərimizdə yurdumuzda belə günlərin əbədi olmaq istəyi ilə. Bu əbədiliyə bütün varlığımızla inanırıq. Çünki min illərdir hər açılan sabah həyatın davamı olub. Bu həyat, bu yaşam möhkəm özüllər üzərində qurulubsa, onun gələcəyi gözlənildiyindən də yaxşı olacaq. Bu mənada 2012-ci ilin uğurları 2013-cü ilin daha yüksəliş ili olacağına gözəl zəmin yaradıb. Hər şeydən əvvəl muxtar respublikamızda 2013-cü il “Heydər Əliyev ili” elan edilib. Bu gün qədim diyarda nail olduqlarımızın təməlində məhz bu amil dayanır: ulu öndərin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi, görkəmli dövlət xadiminin yoluna sədaqət və ehtiram. Qarşılayacağımız ildə də xalqımızın böyük oğlunun ideyaları muxtar respublikamızda bizə yol göstərən mayak olacaq. Bu yol isə əbədi yoldur. İndiyədək gəldiyimiz və bundan sonra da gedəcəyimiz yolda hamınıza uğurlar arzulayırıq.


 Muxtar MƏMMƏDOV