07 Aprel 2020, Çərşənbə axşamı

Orda bir yurd yeri vardı: doğma diyarımızın ayrılmaz guşəsi olan Qarabağda. Yaz, yay aylarında yaşıllığa bürünürdü. Elə bir yaşıllığa ki, uzaqdan baxanda meşəyə bənzədirdin. Möhrədən işlənmiş kipcərək evləri yaşıllıq gözəgörünməz etmişdi. Payızda qızılı rəngdən don geyirdi. Elə ki, qış qapının ağzını aldı, donunu dəyişirdi.

          Bu yurdun ərənləri qurşaq tutar, at minər, cıdıra çıxardılar. Xanım-xatın gözəlləri oğlanlardan geri qalmazdılar.

        Dişgöynədən bulaqları vardı. Minbir zümzümə ilə axırdılar. Meyvə və üzüm bağlarının məhsullarını şirinlikdən yemək olmurdu.

          Bu kiçik yurd yerinin özünəməxsus xüsusiyyətləri vardı. Bir evə ki  xeyir iş düşdü,  ta toy qurtarana qədər hamı bir nəfər kimi o evə yığışardı. Toylarında səhərəcən çal-çağır kəsilməzdi. Qara zurnanın səsi dağları tərpədərdi, qonşu ellərə gedib çıxardı.

          Yurd yerinin adamları bir evə düşən yası hamının hüznü sayırdılar, 40 gün, 40 gecə yas saxlanırdı.

          Bütün bunların hamısının başında ağsaqqallar və ağbirçəklər dururdu. Onların sözləri bu yurd yerinin yazılmamış qanunları idi. Kimsə bu qanunlardan kənara çıxmaq barədə düşünə belə bilməzdi.

          Beləcə, günlər aylara, aylar illərə qovuşur, bir nəsil digərini əvəz edirdi. Dünənki uşaqlar bu gün kəndin gəncliyi, sabah ağsaqqalı idi. Dəyişməyən qayda-qanunları idi. Bu qanunlar onların süfrələrinin ruzi-bərəkəti idi. Və bu ruzi-bərəkət getdikcə də artırdı.

          …Bir gün acı ruzigar o yurdun da qapısını döydü – Xocalının. O gün Xocalının işıqları söndü …Yaman söndü. Erməni vəhşiləri söndürdü...

...İllərdir ki, doğma ocağından, doğma həsrətindən, doğma vəfasızlığından için-için göynəyən, ağrıyan yaralarından qan sızan səsini bütün varlığımla eşidirəm. Gücüm çatmır səsinə səs verəm, sənə qovuşam. O qorxunc, müdhiş gecəni xatırlayıram: Ondan əvvəlki bəxtiyar, şad günlərin, çal-çağırlı dəmlərin gəlir gözlərim önünə. Nəfəsim darıxır, kükrəyib daşmaq istəyirəm, bir nəfəsə sənə doğru qaçmaq, ağuşuna atılmaq keçir qəlbimdən. Səsim içimdə boğulur, özüm-özümü ittiham edirəm: O vaxt niyə səni qoruyammadıq, niyə sənə həyan olmadıq?

          ...Sən görürdünmü o qara buludları? Axı, o qara buludlar nə vaxt idi ki, sənə sarı yol gəlirdilər. Gəlirdilər ki, öz qara, məkrli niyyətlərinə çatsınlar. Sənə çatana qədər qara buludları qovmaq olmazdımı səma üzərindən? O qara buludlar səni arxasızmı görmüşdü? Suallar heç nəyi həll etmir...

...O gün hava da boğulmuşdu, elə bil bozluq yağırdı torpağa.  Uzaqlardan  keşməkeşli tarixi olan oğuz yurdunun üstünə gizli-gizli dərd gəlirdi. Oğrun- oğrun qara kabus kimi gəlirdi...

Gəlirdi ki, tarixi bir də geri çevirsin, başımıza gəlmişləri bir də gətirsin. Gəlirdi ki, tariximizə növbəti qara günü  – Xocalı faciəsini yazsın.

Gəlirdi... Bütövlük mücəssəməsi Xətai övladlarının sinəsinə od qoymağa, yurdu viran etməyə gəlirdi.

... O gün bir saatın, bir günün içində gəlməmişdi... Qara yanvardan ulu tarix üçün çox kiçik zaman kəsiyi olan 2 il bir ay keçirdi hələ... Qara yanvarın yaraları təzə-təzə qaysaq bağlayırdı onda...

Xəyalımda sənə tuşlanan silahlara, göylərə ucalan, ərşə qalxan insan hay-harayları ilə cavab verməyin gəlir gözlərim önünə. O hay-haraylar, insan qəlbini didib parçalayan ah-nalələr ərşə çatsa da, başçılarımıza çatmadı. Çünki vəzifə stolu, vəzifə hərisliyi onların gözlərini tutmuşdu – xalqın taleyindən yuxarıda dururdu vəzifədə qalmaq istəyi. Bunun üçünsə özlərindən böyüklərin qabağında ikiqat əyilməli idilər. Ulu Cavidin dühasından yaranaraq qələmindən süzülən misralar düşür yadıma:

          İdrakı sönük başçıların qəfləti ancaq,

          Etmiş, edəcək millət həp əldə oyuncaq.

Buludlar gəlməyində idi...

Gəlməyini eşidirdik...

Gəlməyini bilirdik...

Ancaq inanmırdıq üstümüzə oğrun-oğrun gəlməyini.

...Bu cür kişilik xalqımızın özünün yaşı qədər yol gəlib, torpaqlarımız istila olunub – dözüb. Müharibə apara-apara arxadan vurulub, dözüb. Arxadan vuran özünün çörəyi ilə böyüyən olub!!!

Millətin böyüklüyü elə onda olub ki, çörəyi ilə böyüyüb namərd olanı əfv edə bilib. Millətin başının bəla çəkməsi  bəlkə elə onun böyüklüyündədir. Böyüklük həmişə böyük olaraq qalır. Böyüklük həqiqətdir. Həqiqət incələr, ancaq qırılmaz. Həqiqətin böyüklüyü onun qırılmazlığındadır... Həqiqət ona görə qırılmazdır ki, o haqqdır, böyükdür.

...O gündən 28 il keçir. Namərdlik, bir də hakimiyyətsizlik qurbanı olan 613 soydaşımızın ruhu 28 ildir ki, başımız üstündədir. Ruhları şad olsun!

... Rəqəmlərə nəzər salanda ən soyuqqanlı insan belə dəhşətə gəlməyə bilməz: 487 nəfər ömürlük şikəst olub, 1275 nəfər qoca, uşaq, qadın əsir götürülüb. Şəhid olmuş 613 nəfərin 106 nəfəri qadın, 63 nəfəri uşaq imiş, 6 ailə bütövlükdə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq valideynlərindən birini itirib...

          Fikirləşirəm: Görəsən nə vaxtsa “Qalib gələcəkmi cahanda kamal?”

... Həyat öz axarı ilə davam edir...

Yadıma azadlıq aşiqi Yulius Fuçikin bir sözü düşür:

 – İnsanlar, ayıq olun!

Minilliklər boyu həyat həqiqətlərini əks etdirən bu sözlərdə olan dərin fəlsəfi mənanı açmaq üçün böyük zəka sahibi olmaq lazım deyil-tarixi həqiqətlər o tarixi yaşayan və yaşamayan insanların gözü qabağındadır... İdrak sahibi üçün qaranlıq qalmayan həqiqətlər...

... Xocalısız günümüzdən illər keçir. Hələ ki, Xocalısız günlərimizi yaşayırıq – o günlərin ağrılarını, əzablarını içimizdə çəkə-çəkə. O ağrılarsa insan ağlına sığışmayan ağrılardır. O ağrılar tarixdə baş verən ən böyük vəhşiliklərdən doğub. Bu, XX əsrin ən böyük cinayətidir, ən böyük faciəsidir ki, biz yaşamışıq və yaşayırıq. Bu faciə bütün bəşər cəmiyyətinin yaddaşında elə beləcə də qalacaq.

          ...O illərdə, o günlərdə baş verənlər kiçik siyasi hadisələr deyildi. Bu, böyük tarixi keçmişi, zəngin adət-ənənələri hər qarış  torpağında qanla yazılmış qəhrəmanlıq izləri olan bir xalqa qarşı soyqırım aktı idi – Xocalı da aktın qurbanlarından biri. Fevralın 25-dən 26-na keçən gecə burada baş verən dəhşətlər insan qanına susamış, özgənin halal torpaqlarını özününkü etmək xülyası ilə tarixdə ad çıxarmış erməni qəsbkarları üçün adi bir hal idi. Dəfələrlə bu ssenari ilə çıxış etmişdilər, dişləri şirəyə batmışdı. Bu da əsli-kökü bəlli olmayan bir millətin tülkü xislətli xarakterindən irəli gələn xüsusiyyət kimi diqqəti cəlb edir: hücuma gecə ikən keçmək. Elə onların son illərdə xalqımıza qarşı yönəldilmiş “Səlib yürüşləri”ni xatırlayaq, Sədərəyə  gecə ikən hücum etdilər. Sumqayıt hadisələri gecə ikən baş verdi, Xocalı da eləcə...

          O müdhiş gecə xalqımızın böyüklüyünü, düşmənə qarşı əyilməzliyini bir daha üzə çıxardı. Xocalılılar sübut etdilər ki, yağıya boyun əyməkdənsə, şərəfli ölüm yaxşıdır.

          Bu fakt isə insanın qanını dondurur damarlarında: rəhbərlik üç gün bu faciəni Azərbaycan xalqından gizlətdi...

          İllər ötür o qanlı gündən. Bu illərdə çox həqiqətlər üzə çıxıb. Çox sirlər, müəmmalar aşkarlanıb, aparılan uğurlu, məqsədyönlü siyasət hesabına o günün hadisələrinə siyasi və hüquqi qiymət verilib. 26 fevral Xocalı Soyqırımı Günü kimi qəbul edilib. Xocalı isə yolumuzu gözləyir...

Başını uca tut, Azərbaycan!

Başını uca tut, şəhidlər yurdu!

Muxtar MƏMMƏDOV

 

 

 

 

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR