15 Avqust 2020, Şənbə

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıya qoyulmuş vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə edib.

Vurğulanıb ki, son illər bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, uğurlu sosial-iqtisadi layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizin regionları arasında liderlik mövqeyi qazanıb. Sosial həyatın bütün sahələrində analoqu olmayan nailiyyətlərin əldə olunmasında başlıca səbəb ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi, Vətən sevgisi və yurd sahibliyinə misilsiz bağlılığın nəticəsidir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq və sosial-iqtisadi inkişaf proqramlarını qısaca olaraq belə xarakterizə etmək olar: Ulu öndər Heydər Əliyev yoluna dərin sədaqətdən doğan yüksək vətənpərvərlik və idarəçilik modeli.
Diqqətə çatdırılıb ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə də ulu öndər Heydər Əliyevin siyasi xəttinin Azərbaycanın inkişaf, sabitlik və rifah yolu olduğu sübut edildi. Seçkilərdə Naxçıvan əhalisi növbəti dəfə düzgün seçim edərək cənab Vasif Talıbova sonsuz inam və bağlılığını bir daha göstərdi. Böyük üstünlüklə qazanılan qələbə qədirbilən xalqımızın öz rəhbərinə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanır.
Nazir bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında deputatların açıq səsvermə yolu ilə yekdilliklə cənab Vasif Talıbovu yenidən Ali Məclisin Sədri seçmələri isə təkcə deputatlıq səlahiyyətlərini icra etmək, seçici etimadını doğrultmaq deyil, eyni zamanda muxtar respublika sakinlərinin dərin inam və sevgisindən yoğrulan siyasi iradənin ifadəsidir.
Ali Məclisin Sədri sessiyadakı çıxışında ulu öndər siyasi kursunu dəstəkləyən bütün seçicilərə minnətdarlığını bildirərək muxtar respublikanın inkişafının və əhalinin yaşayış səviyyəsinin daha da yüksəldilməsi istiqamətində dövlət orqanlarının qarşısında duran mühüm vəzifələri diqqətə çatdırıb. Muxtar respublikada ictimai-siyasi sabitliyin təmin olunmasını və cinayət hadisələrinin sayının kəskin azalmasının ən mühüm nailiyyətlərdən biri kimi qiymətləndirib, cinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsini, nizam-intizamın daha da möhkəmləndirilməsini, maarifləndirmənin ön planda saxlanılmasını hüquq-mühafizə orqanlarının qarşısında konkret tapşırıq kimi qoyub.
Həmin sessiyada qarşıya qoyulan vəzifələr Daxili İşlər Nazirliyinin növbəti 5 illik fəaliyyətində əsas proqram sənəd kimi qəbul edilərək daxili işlər orqanlarının aidiyyəti strukturları tərəfindən qüsursuz icra olunması istiqamətində müvafiq tapşırıqlar verilib.
Nazir vurğulayıb ki, son bir neçə il ərzində qarşıya qoyulmuş tələb və tapşırıqlar daxili işlər orqanları tərəfindən qüsursuz yerinə yetirilməklə Naxçıvanın “Cinayətsiz region” statusu qorunub saxlanılıb, cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə müəyyən edilib, vəzifələr layiqincə yerinə yetirilib. Verilmiş tapşırıqların icrası istiqamətində əldə olunmuş müsbət nailiyyətlər bundan sonra da qorunub saxlanılmaqla xidməti ərazidə cinayətkarlığın dinamikasına və xidməti fəaliyyətə neqativ təsir göstərən amillər vaxtında aşkar edilib tam aradan qaldırılmalı, əhali ilə aparılan hüquqi maarifləndirmə tədbirləri davam etdirilməklə cəmiyyət arasında nizam-intizama nail olunmalı, insan hüquqlarına və azadlıqlarına hörmət fəaliyyətimizin əsas istiqamətləri kimi qəbul edilməlidir. Bu müstəvidə şəxsi heyət arasında nizam-intizam daha da möhkəmləndirilməli, sağlam və peşəkar polis əməkdaşlarının formalaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilməlidir. Bunlarla yanaşı, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu fiziki şəxslərin və cavabdehlərin axtarışının təşkili sahəsində işlər davam etdirilməli, axtarış işinin faizi əvvəlki ildə olduğu kimi yüz faiz təmin edilməlidir.
Nazir Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları adından cənab Vasif Talıbovu yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi münasibətilə təbriklərini ifadə edib, növbəti beşillik fəaliyyətində uğurlar arzulayıb. Cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində qarşıya qoyulan vəzifələrin, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqların bundan sonra da tam həcmdə yerinə yetiriləcəyini, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasının təmin ediləcəyini bildirib.
Məruzə ətrafında çıxışlar olub.

 Muxtar MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR