10 Avqust 2020, Bazar ertəsi

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2019-cu ildə nəşr olunan kitabların təqdimatı keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr müavini Surə Seyid çıxış edərək bildirib ki, fond tərəfindən 2019-cu il ərzində bir sıra tədbirlər həyata keçirilib, ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş elmi konfranslar təşkil olunub, Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçilib. Naxçıvan Muxtar Respublikasının 95 illik yubiley tədbirləri keçirilib, “Muxtariyyətin 95 ili” filmi, “Naxçıvan Muxtar Respublikası-95” adlı statistik toplu hazırlanıb, “Naxçıvan bu gün” kitabı da yeni təqdimatda işıq üzü görüb. “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama əsasən silsilə tədbirlərlə yanaşı, yubilyarın əsərlərindən ibarət “Natamam ömrün yüzillik təntənəsi” adlı kitab, “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr toplusu nəşr olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən Bilik Fondunun təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlər sırasında buklet və disklər, “Naxçıvan Duzdağı” kitabı hazırlanıb, duzdag.nakhchivan.az internet portalı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə yubiley tədbirləri çərçivəsində “Naxçıvan Dövlət Tarix Muzeyi-95” tanıtım kitabı nəşr edilib.
Diqqətə çatdırılıb ki, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvanın ilk qəza rəisi Akim Şahin Gireyin fondu yaradılıb, həmçinin onunla bağlı sənədli televiziya filmi hazırlanıb. Ali Məclis Sədrinin “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncamına uyğun olaraq bir sıra elmi-kütləvi tədbirlər keçirilib. AMEA Naxçıvan Bölməsi tərəfindən alimin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsərinin II cildi tərcümə olunaraq Bilik Fondu tərəfindən nəşr edilib, “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu çap olunub.
Qeyd edilib ki, Bilik Fondu tərəfindən görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığının tədqiqi də davam etdirilib, “İbrahim Safi: albom-kataloq”u hazırlanıb. Bilik Fondu müvafiq sərəncama uyğun olaraq Rəssamlar Birliyi ilə birgə təşkil etdiyi muxtariyyətin 95 illiyinə həsr olunmuş Festival-Müsabiqədə sərgilənən əsərlərdən ibarət “Yurdumun rəngləri” adlı albom-kataloq nəşr ­olunub.
Muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində Naxçıvan tarixinin dərsdənkənar məşğələ olaraq tədrisi ilə əlaqədar Təhsil Nazirliyi Bilik Fondunun dəstəyi ilə üç bölmədən ibarət olan “Naxçıvan tarixi” adlı dərs vəsaiti nəşr etdirib. Fond tərəfindən nəşr olunan “Milli dəyərlərimiz rəsmi sənədlərdə” adlı topluda muxtar respublikada milli dəyərlərimizin yaşadılması ilə bağlı sərəncamlar və həyata keçirilən tədbirlər işıqlandırılıb. Bilik fondu tərəfindən yazıçı Rövşən Novruzoğlunun “Əshabi-Kəhf”ə məktub: Sürgündə qalan əhli-əyalım var” adlı kitabının nəşrə hazırlanmasını və təqdimat mərasiminin keçirilməsini, “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı beynəlxalq konfransın materialları” jurnalının çap edilməsini nümunə göstərmək olar. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlərdən ibarət sərgilər təşkil olunub, kitabların müzakirələri aparılıb. Bilik Fondu tərəfindən 2019-cu ildə “Pedaqoji fikir tarixindən” və Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” kitabları nəşr edilərək təqdimat mərasimləri keçirilib. Həmin nəşrlər “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilib.
AMEA Naxçıvan Bölməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, Ali Məclis Sədrinin dəstəyi ilə hər il müxtəlif xarakterli nəşrlər işıq üzü görür. 2019-cu ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, 30-a yaxın müxtəlif əsərlər nəşr olunub. Ötən il çap edilən həmin kitablar bir daha göstərir ki, bu gün qədim köklərə malik Naxçıvanla bağlı müxtəlif istiqamətlərdə elmi tədqiqatlar aparılması davamlı xarakter alıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Asim Əliyev çıxışında qeyd edib ki, Ali Məclisin Sədri yanında Bilik Fondunun fəaliyyəti muxtar respublikamızın hərtərəfli inkişafına, elm, təhsil və mədəniyyət sahələrində böyük irəliləyişlərə gətirib çıxarır. Çap edilən nəşrlər tədris prosesinə cəlb olunması ilə gələcək nəslin milli özünüdərk, vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində mühüm rol oynamaqdadır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2019-cu ildə nəşr olunan kitablardan ibarət sərgiyə baxış olub.

 Nail ƏSGƏROV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR