13 Avqust 2020, Cümə axşamı

Bu festival həm də Naxçıvanda idman turizminin inkişafına yeni imkanlar açır

Hazırda dünya turizm trendlərindən biri də idman turizmidir. XX əsrin sonlarından başlayaraq inkişaf etmiş ölkələrin turizm bazarında mühüm istiqamət kimi qəbul edilən idman turizmi bu gün özünün yeni inkişaf dövrünə qədəm qoyub. Təcrübə də göstərir ki, son illərdə insanlar daha aktiv istirahəti seçirlər. Bu isə idmanın ayrı-ayrı növlərinin kütləvi təbliğinə imkan verir. Burada təkcə hər hansı bir idman növü üzrə yarışlardan söhbət getmir. Heç şübhəsiz ki, idman yarışları mühüm təbliğat vasitəsidir, lakin bununla bərabər, aktiv həyat tərzi keçirənləri əsas düşündürən odur ki, turist səyahətlərində bu aktivliyi təmin edə bilsinlər. Bu fəallıq da, əsasən, idman və əyləncəni bir arada təşkil etməkdən ibarətdir. Müxtəlif idman festivalları, veloturlar, dağ xizəkçiliyi, skandinav yürüşləri, marafonlar, sərbəst üzgüçülük, alpinizm və digərləri idman turizmində ən öndə gələnlərdir.

Qəzetimizin əvvəlki saylarında bir neçə dəfə bu mövzuya toxunaraq qeyd etmişik ki, Naxçıvanda idman turizminin inkişafı üçün geniş imkanlar vardır. Çünki muxtar respublikada qapalı idman infrastrukturları ilə yanaşı, müxtəlif yarışların keçirilməsi üçün tələb olunan əlverişli coğrafi ərazilər də mövcuddur. Nəzərə alaq ki, Naxçıvan Muxtar Respublikasının ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların cənuba doğru uzanan orta və alçaq dağlıq yaradan qolları tutur. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsiləsidir. Bu silsilənin ən hündür zirvəsi olan Qapıcıq dağı isə (3906 metr) Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisindəki ən yüksək zirvəsidir. Bundan əlavə, hündürlüyü 3000 metrdən çox olan Yağlıdərə, Qazangöl, Sarıdərə, Dəvəboynu dağları, dəniz səviyyəsindən yüksəkliyi 2000 metrdən çox olan onlarla aşırımlar, eləcə də alçaq və orta yüksəklikli çoxsaylı dağ və təpələr Naxçıvanın əsrarəngiz relyefini formalaşdırır. Bu coğrafi potensial ekstremal turizmin inkişafında əhəmiyyətli rol oynayır. Həm müxtəlif yüksəkliklərdəki dağlıq, həm də düzənlik əraziləri, demək olar ki, əksər idman növləri ilə məşğul olmaq üçün əlverişli sayılır.
Bunu da qeyd edək ki, son illərdə muxtar respublikada turizmin, xüsusilə idman turizminin inkişafı üçün bir sıra mühüm addımlar atılıb. Şahbuz rayonunun Ağbulaq kəndində yaradılmaqda olan Xizək Mərkəzi xizəksevərlər üçün töhfə olmaqla yanaşı, həm də dağ-xizək turizminin inkişafına şərait yaradacaq. Qeyd edək ki, Əlincəqala və Haçadağa kütləvi yürüşlərin təşkil olunması muxtar respublikada idman turizminin inkişafında atılan uğurlu addımlardandır. Bununla yanaşı, Şahbuz rayonunun Batabat yaylağında mövcud infrastrukturun yaradılması bura üz tutan insanlara piyada yürüşləri üçün gözəl imkanlar təqdim edir.
Ümumilikdə, son illərdə muxtar respublikada idmanın inkişafı istiqamətində böyük işlər görülüb. Bütün bölgələrimizdə yeni idman qurğuları yaradılıb, mövcud olanlar yenidən qurulub, uşaq, yeniyetmə və gənclərin idmana cəlbi sahəsində mühüm addımlar atılıb. Muxtar respublikada hər il beynəlxalq idman yarışlarının keçirilməsi, idmanın müxtəlif sahələri üzrə qazanılmış uğurlar Naxçıvanda bu sahənin ildən-ilə daha da inkişafına səbəb olub. Təsadüfi deyil ki, hər il ənənəvi olaraq keçirilən idman müşavirələrində də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada idmanın kütləviləşməsinə nail olunmasını xüsusi vurğulayır. Bu istiqamətdə görülən işlərdən biri də bu il ilk dəfə Naxçıvanda idman festivalının təşkil olunmasıdır.
Bu gün keçirilən idman festivalı muxtar respublika tarixində bir ilkdir və bu maraqlı tədbir təkcə idmançılar deyil, hər kəs tərəfindən təqdir olunur. Festivalın təşkili bir çox əhəmiyyətli tərəfləri ilə diqqət çəkir.
Birincisi, festivalın təşkili onun göstəricisidir ki, Naxçıvanda böyük idman potensialı var. Bu potensial həm yaradılmış idman infra­strukturu, həm də ötən dövrdə yetişən idmançılar ordusunu özündə cəmləşdirir. Məhz bu iki amil muxtar respublikada idman festivalını təşkil etmək üçün zəruri baza hesab olunur. Bundan əlavə, son illərdə Naxçıvanın mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini də nəzərə alsaq, verilən qərarın təqdirəlayiq hadisə olduğunu bir daha görərik.
İkincisi, ayrı-ayrı idman yarışlarından fərqli olaraq keçirilən festival bütün idmançıları bir araya toplayır ki, bu da tədbirin rəngarəngliyi və idmanın cəmiyyətə bütöv təqdimatı baxımından məxsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, burada festival iştirakçılarının tanınmış idmançılarla ünsiyyəti üçün əlverişli şərait yaranır.
Üçüncüsü isə odur ki, muxtar respublikada keçirilən idman festivalı təbliğat xarakteri daşıyır. Bu tədbir ən azından region ölkələrinə Azərbaycanla bağlı bir ismarıcdır ki, onun bu diyarında idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün lazımi şərait var və Naxçıvan özünün idman imicini turizmlə birgə təqdim etmək imkanına malikdir.
Təbii ki, idman təkcə yarışlarda qazanmaq deyil, həm də sağlam həyat tərzini yaşatmaqdır. Bunun üçünsə, idmanın kütləviləşməsi əsas şərtdir. Muxtar respublikada ilk idman festivalının keçirilməsi də idmanın kütləviləşməsinə təsir göstərən mühüm çağırışdır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR