02 Aprel 2020, Cümə axşamı

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu məqsədlə yeni istehsal və xidmət müəssisələri yaradılır, mövcud müəssisələrin fəaliyyəti genişləndirilir, özəl sektorun inkişafına geniş meydan verilir. Həyata keçirilən dövlət proqramlarının uğurlu icrası mühüm nəticələrin əldə edilməsinə gətirib çıxarıb. 

 İnsanların maddi rifah halının yüksəlməsinə təminat verən bu tədbirlər, bütövlükdə, Azərbaycanın sosial siyasətinin əsasını təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi bu sahədəki dövlət siyasətinin davamı kimi qeyd etdiklərimizin əyani sübutudur. Bu istiqamətdə görülən işlər muxtar respublikamızda da davamlı xarakter alıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açıb. Proqramın icrası nəzərdə tutulan dövr ərzində həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada 6364 yeni iş yeri açılıb, əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılıb, müəssisələrdə mövcud olan vakansiyalar üzrə 5537 işaxtaran işlə təmin edilib, 627 nəfər ictimai işlərə göndərilib, 7595 nəfər əmək bazarının tələbinə uyğun olaraq işaxtaranlar üçün təşkil olunan peşə kurslarına cəlb olunub. Sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu da diqqətdə saxlanılıb. Belə ki, 158 kvota yerinə sağlamlıq imkanları məhdud 171 şəxs münasib işlərə göndərilib, məhdud fiziki imkanlı 161 nəfər peşə kurslarına cəlb olunub. Yeni iş yerlərinin yaradılması üçün sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilib, bu məqsədlə 82 milyon 286 min manat güzəştli şərtlərlə kreditlər verilib. Bütün bunların nəticəsidir ki, qeyd olunan dövrdə əhalinin gəlirləri 3,5 faiz artıb.


Göründüyü kimi, həyata keçirilən məşğulluq strategiyası əhalinin yaşayış səviyyəsinin dəfələrlə artması ilə müşahidə olunaraq insan amilinə qayğını özündə təcəssüm etdirir. Buna görə də bu istiqamətdə işlərin davam etdirilməsi zəruri xarakter daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu işlərin sistemli və davamlı xarakter almasına zəmin yaradıb. Hazırda proqramın icrası uğurla davam etdirilir.
Dövlət proqramının icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üçün mütəmadi təhlillər aparılır, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə müəssisələrdə sorğular keçirilir. Bununla yanaşı, kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur. Nəticəsi isə göz qabağındadır. Təkcə ötən ilin statistikasına nəzər yetirmək kifayət edir. Bu dövrdə 3427 işaxtaran qeydə alınıb, onların 3040-ı müxtəlif sahələrdə işlə təmin olunub. Bundan əlavə, göstərilən müddətdə 402 nəfər peşə hazırlığı kurslarına göndərilib, onların 125-i müxtəlif peşələrə yiyələndikdən sonra işə qəbul edilib. Ümumiyyətlə, son 10 ildə Naxçıvan Muxtar Respublikasında 35 min 791 yeni iş yeri yaradılıb, əməkhaqqı 1,8 dəfə artıb, iqtisadi fəal və məşğul əhalinin sayı hər iki halda 20,2 faiz çoxalıb.
Məşğulluq strategiyasında aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması da əsas məsələlərdən biri kimi diqqətdə saxlanılır. Bu məqsədlə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilib. Muxtar respublikada yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrdə əməkqabiliyyətli ailə üzvlərinin fəal əməyə və özünü­məşğulluq proqramına cəlb olunması ehtiyac meyarının davamlı artmasına baxmayaraq, sosial yardım alan əhalinin sayının ilbəil azalmasına səbəb olub.
Bu məqamda özünüməşğulluq layihəsinin tətbiqini də xüsusi vurğulamalıyıq. Bu pro­qrama əsasən əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Bu dövlət siyasəti sosial ədalət prinsipinin qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Yenə də, sadəcə, ötən ilin göstəricilərinə diqqət yetirmək kifayətdir: 2019-cu ildə bu istiqamətdə muxtar respublika üzrə, ümumilikdə, 140 ailə müəyyənləşdirilib. Həmin ailələrdən 96-na yanında balası olan iribuynuzlu, 18 ailəyə 10 baş olmaqla, yanıbalalı xırdabuynuzlu heyvan verilib. Bundan başqa, 26 ailə mini-yerşumlayan aqreqat, odunkəsən avadanlığı, yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması üçün avadanlıqlar, pinəçi ləvazimatları, 10 yeşik arı ailəsi, musiqi, dərzi və dülgər avadanlıqları, inkubator aparatları, bərbər-manikürçü avadanlıqları, şirniyyat hazırlanması üçün ləvazimatlar, tənəkəçi-rəngsaz alətləri, fotoaparat və printer, otbiçən avadanlığı ilə təmin olunub.
Nəticə isə belədir: Özünüməşğulluq proqramı mərhələli şəkildə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımından asılılığını aradan qaldırır və beləliklə, ailə təsərrüfatları formalaşır. Məsələn, 2019-cu ildə özünüməşğulluq proqramı çərçivəsində müqavilə əsasında istifadəyə verilən aktivlər müddəti bitdiyi üçün 95 ailənin mülkiyyətinə keçirilib. Onu da qeyd etmək lazımdır ki, proqrama cəlb olunan vətəndaşlara verilən aktivlərdə və təsərrüfatlarda daimi olaraq artım müşahidə olunur. Bu da onların sosial rifah halının yaxşılaşdırılmasına, məşğulluqlarının təmin olunmasına və fəaliyyətlərini inkişaf etdirmələrinə köməklik göstərir. Bir sözlə, dövlət proqramının icrası nəticəsində 2019-cu ildə əvvəlki illə müqayisədə özünüməşğulluq sahələri genişlənib, yeni ailə təsərrüfatları yaranıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradıb. Ardınca Ali Məclis Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamında verilmiş tapşırıqların icrasının davamlılığını təmin etmək məqsədilə 2019-cu il 18 yanvar tarixli Sərəncamla təsdiqlənən “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın uğurlu icrası nəticəsində, ötən il muxtar respublikada qeydə alınmış ailə təsərrüfatlarının sayı 44 mini ötüb.
Öz fəaliyyətlərini genişləndirən ailə təsərrüfatları isə müəyyən zaman keçdikdən sonra kiçik və ya orta sahibkarlıq subyektinə çevrilirlər. Nəticə olaraq həm Naxçıvan brendi altında məhsul istehsalında çeşid, məhsul bolluğu yaranır, həm də əhalinin həyat səviyyəsi yüksəlir, işsizlik problemi aradan qalxır. Bir sözlə, insan amilinə göstərilən bu qayğı Naxçıvanda sosial-iqtisadi inkişafın artan tempini təmin edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətlərinin dəstəklənməsinin uğurlu nəticələrin qazanılmasına və əhalinin məşğulluğunun təmin olunmasına, ən əsası isə istehsal olunan məhsulların keyfiyyətinin və çeşidinin artırılmasına səbəb olduğunu nəzərə alaraq fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qarşıdakı dövrdə də ailə təsərrüfatlarının fəaliyyətinə mühüm əhəmiyyət verilməsini, istehsal olunan məhsulların satışına və ixracına köməklik göstərilməsinin davam etdirilməsini tapşırıb.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq hərbi xidmətdən tərxis edilmiş şəxslərin də məşğulluqlarının təmin olunması diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkilatçılığı ilə ordudan tərxis olunan gənclərlə mütəmadi görüşlər keçirilir, onlar vakant iş yerləri ilə tanış edilir, maraqlarına uyğun müvafiq peşə və ixtisaslara yiyələnmək üçün peşə hazırlığı kurslarına cəlb olunurlar. Başqa sözlə, hərbi xidmətini başa vurmuş gənclər bu vasitə ilə əmək bazarına inteqrasiya olunaraq qısa müddətdə öz məşğulluğunu təmin etmiş olurlar.


Qadınların cəmiyyətin bütün sahələrində təmsil olunması ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətinin uğurlu nəticəsidir. Həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qadınların fəallığının artırılmasına hərtərəfli şərait yaradılıb. Təsadüfi deyil ki, bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin mühüm bir hissəsini də qadınlar təşkil edir.
Qadınlarımız, bu gün sahibkar kimi də öz sözlərini deyirlər. Son məlumatlara görə, muxtar respublikada 6 min 667 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bununla yanaşı, ailə təsərrüfatları kimi dövlət qeydiyyatına alınan 940 təsərrüfatdan 67-si qadınlar tərəfindən idarə olunur. Muxtar respublikada qadın sahibkar­lığının inkişafı ilə əlaqədar həyata keçirilən genişmiqyaslı tədbirlərin davamı olaraq ötən il “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi icra olunub. Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhərlərində icra olunan layihədə biznes qurmaq istəyən xanımlara maliyyə və metodik dəstək göstərilib. Qrant layihənin sonunda 63 qadına 43 min 700 manat məbləğində sərmayə kapitalı verilib. Bunun 80 faizi qadınlara ailə təsərrüfatlarını genişləndirmək və ya qurmaq, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik peşələri ilə məşğul olmaları və ya bu sahələri inkişaf etdirmələri üçün verilib.
Naxçıvanda əhalinin digər kateqoriyalarından olan hissəsi ilə yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin də məşğulluğu diqqət mərkəzində saxlanılır. Bütün bunlar məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə daha intensiv inteqrasiyasına zəmin yaradır, onların yaşamaq və əməyə olan həvəsini artırır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Ötən il əmək bazarının tələblərinə uyğun təşkil olunan müvafiq peşə kurslarına sağlamlıq imkanları məhdud 13 nəfər cəlb edilib, bu kateqoriyadan 9 şəxs münasib işlə təmin olunub. Sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 32 nəfər sosial xarakterli haqqıödənilən ictimai işlərə cəlb edilib. Qadınların əl işlərindən ibarət hər il keçirilən sərgilərdə bu kateqoriyadan olan şəxslərin də iştirak etməsi məşğulluq strategiyası sahəsində əldə edilən uğurlardandır.
Bu il fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışına bir daha nəzər salaq: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin olunması sahəsində işlər davam etdirilməli, peşə hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır”.

Hər bir cəmiyyətin inkişafı onun insanlarının maddi rifah halının mövcud vəziyyəti ilə paralellik təşkil edir. Dövləti irəli aparan onun vətəndaşlarıdır. Orada ki insan amili yüksək pillədə qərarlaşıb, vətəndaşlara layiqli diqqət və qayğı göstərilir, o yer dünya xalqları içərisində yüksək və dayanıqlı inkişafı ilə diqqət çəkəcəkdir. Bunun bariz nümunəsi blokada məngənəsində belə, dayanıqlı inkişafı ilə öz sözünü deyən Naxçıvan Muxtar Respublikasıdır. Digər sahələrlə yanaşı, məşğulluq problemlərinin həllinə yönəldilmiş tədbirlərin genişmiqyaslı və davamlı xarakter alması gələcəkdə daha böyük nailiyyətlərə əminlik yaradır.


- Gülcamal TAHİROVA
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR