05 Aprel 2020, Bazar

   

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda tədbir keçirilib.

 Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək  tədbir iştirakçılarını və muxtar respublika qadınlarını bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Komitə sədri vurğulayıb ki, Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsipləri ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu strateji xətt Azərbaycan xalqının fundamental dəyərlər sisteminə söykənir. Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində, eləcə də bütün sahələrdə təmsil olunmaları istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirib.

 Bu gün ölkəmizdə qadın hüquqları sahəsində möhkəm milli hüquqi baza formalaşdırılıb. Dövlətçilik sisteminin elə bir sahəsi yoxdur ki, qadınlar orada təmsil olunmasın, uğur qazanmasın. Bütün bunlar bilavasitə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasətinin, qadın amilinə verilən müstəsna dəyərin nəticəsidir.  

Dövlət-qadın siyasətinin muxtar respublikamızda da uğurla həyata keçirilməsindən danışan komiyə sədri qeyd edib ki, Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyəti ildən-ilə artır. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 11-i, Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan isə 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsilçiliyi də sürətlə artmaqdadır. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 24 min 840-ı, yaxud 44 faizi qadındır.                                                                                                                     Diqqətə çatdırılıb ki, muxtar respublikada Ombudsman, nazir, komitə sədri, icra başçılarının müavinləri, rektor, hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Təhsil, mədəniyyət, səhiyyə və sosial xidmət müəssisələrində 111 qadın rəhbər vəzifələrdə çalışır. Muxtar respublikada qadınlarımızın idmana cəlb edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, 9 mindən artıq qadın idmanın müxtəlif növləri ilə məşğul olur ki, bu da idmanla məşğul olanların 25 faizi deməkdir. Naxçıvan qadınları Azərbaycan elminə də mühüm töhfələr verir. Muxtar respublikada ümumi elmi dərəcəsi olan şəxslərin 35 faizini qadınlar təşkil edir. 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 48 faizi, yəni 819-u qızlar olub.

Komitə sədri qadınların sağlamlıqlarının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsi, qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri, sahibkarlıq  fəaliyyəti göstərmələri istiqamətində görülən işlərdən və qazanılan uğurlardan da bəhs edib.

Qeyd olunub ki, muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, muxtar respublika qadınlarının 166-sı Azərbaycan Respublikasının, 172-si isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülüb, 148 qadın orden, medal və nişanlarla təltif olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri çıxışının sonunda yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə muxtar respublika qadınları adından Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.

Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov muxtar respublika qadınlarının bayramını təbrik edərək vurğulayıb ki, Azərbaycan qadını tarix boyu cəmiyyətin aparıcı qüvvəsi kimi milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın inkişafına oz dəyərli töhfələrini verməklə beynəlxalq qadın hərəkatının fəal iştirakçısına çevrilıblər. Hələ VIII əsr bundan əvvəl böyük memarımız Əcəmi Naxçıvani möhtəşəm Möminə Xatın türbəsini bina etməklə Şərqdə qadın-ana adının nə qədər uca tutulduğunu bütün dünyaya nümayiş etdirib. Müstəqillik illərində muxtar respublikada aparılan gender siyasətinin uğurlarından danışan icra başçısı əminliyini bildirib ki, dövlət qayğısını daim üzərində hiss edən qadınlarımız bundan sonra da muxtar respublikamızın inkişafı naminə səylə çalışacaq, gənc nəslin Azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiqlik ruhunda tərbiyə olunmasında səmərəli fəaliyyətlərini davam etdirəcəklər.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Azərbaycan qadını öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə xalqımızın milli mənəvi dəyərlərinin formalaşmasında müstəsna rol oynayıb. “Kitabi-Dədə Qorqud” dastanlarının qadın surətləri bu gündə oz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəviyyatı ilə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri verilib. Orta əsrlərdən başlayaraq xalqımızın mədəniyyətinin və  elminin inkişafında Azərbaycan qadınının fəaliyyəti daim zənginliklərlə ifadə olunub.                                Vurğulanıb ki, muxtar respublikada mədəniyyət sahəsində 2500-ə yaxın qadın çalışır, onların əməyinə daim yüksək qiymət verilib. Belə ki, 14 nəfər Azərbaycan Respublikasının, 29 nəfəri isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına laiq görülüblər.

Mədəniyyət naziri çıxışının sonunda muxtar respublika qadınlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, qadınlarımıza göstərilən diqqət və qayğıya görə mədəniyyət sahəsində çalışan qadınlar adından Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.

Naxçıvan Dövlət Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Günnar Fərəcova isə gənclər adından bayram təbriklərini çatdırıb.

Bayram tədbirində  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada ictimai-siyasi fəaliyyəti ilə seçilən 50 qadına müxtəlif nominasiyalar üzrə diplomlar təqdim olunub.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin, mahnı və rəqs ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanlarının təqdim etdikləri mahnı və rəqslər, bədii-musiqili  kompozisiya xoş bayram ovqatı yaradıb. Tədbirdə iştirak edən bütün qadınlara bayram hədiyyəsi verilib.

Sonda muxtar respublika qadınlarının fəaliyyətini əks etdirən sərgiyə baxış olub. 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabının və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 ailə təsərrüfatı məhsulunun nümayiş olunduğu sərgi maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

 Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR