15 Avqust 2020, Şənbə

Ötən ay muxtar respublikamızda baş verən hadisələr belə deməyə əsas verir


Tarixin səhifələrinə hələ də bir-birinin əksi, lakin  muxtar respublika reallığında əksi olduğu qədər də mümkünlüyü təsdiq olunan blokada və inkişaf sözləri artıq doğma diyarımızın 30 illik bir zaman kəsiyini təşkil edir. O 30 il ki başlanğıcda sabaha, daha sonra yaxın gələcəyə, sonra isə perspektivə hesablanmış fəaliyyət proqramları, düşünülmüş siyasət, əzmkar­lıq, iradə, dözüm, ən əsası isə böyük vətənpərvərlik, yurdsevərlik  bir qərinəlik zamanı tarix edə bilib. Bu tarixin səhifələrinə yeniliklərin, innovasiyaların tətbiqi ilə muxtar respublikamızın hər ötən ilinin uğurları, nailiyyətləri həkk olunub. 2020-ci ili Naxçıvan Muxtar Respublikasında “İxrac ili” kimi tarixiləşdirən fevral ayının xronikasında da ümumi inkişafı şərtləndirən hadisələr sıralanır. 

Ölkəmizdə idarəçilik sistemində yeni islahatların tətbiqi ilə son iki ildə formalaşan publik hüquqi şəxs fenomeni dövlət büdcəsinin maliyyələşmə yükündən azad olmasını, maliyyə sərbəstliyini, dövlətin bir sıra sahələrin fəaliyyətinə daha realist nəzərlərlə yanaşması nöqteyi-nəzərindən təqdirəlayiq hal kimi dəyərləndirilir. Publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 

Müxtəlif sahələrdə islahatların həyata keçirilməsi, əhaliyə daha yaxşı xidmət göstərilməsi məqsədilə muxtar respublikamızda da bir sıra müəssisələr publik hüquqi şəxsə çevrilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi haqqında” 2020-ci il 1 fevral tarixli Sərəncamı ilə Radio-Televiziya Ötürücü Mərkəz, “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 5 fevral tarixli Sərəncamla isə Yoluxucu Xəstəliklər Mərkəzi, Ağciyər Xəstəlikləri Dispanseri və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi publik hüquqi şəxslərə çevrilmişlər. Publik hüquqi şəxs statusu həmin müəssisələrdə çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına da stimul olur. Adıçəkilən sərəncamla hər üç publik hüquqi şəxsin göstərdiyi ödənişli tibbi xidmətlərdən daxil olan vəsaitin 50 faizi işçilərin əməkhaqlarına əlavələrin verilməsinə yönəldiləcəkdir. Fevralın 5-də imzalanan “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” Sərəncamla isə burada çalışan işçilərin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılmışdır.
“Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzun­ömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən Vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır”. Bu dəyərli fikirləri fevral ayının 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbov söyləmişdir.
Ali Məclisin Sədri muxtar respublikada əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verildiyini vurğulamışdır.
Muxtar respublika rəhbəri müşavirədə idmanın daha da inkişaf etdirilməsi üçün peşəkar məşqçilərin hazır­lanması və idmançılara məşğələlərin keçirilməsi, muxtar respublikaya təcrübəli məşqçilərin dəvət olunması, “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi”ndə istifadəyə veriləcək Xizək Mərkəzində muxtar respublikada xizəksürmə idman növünün inkişafı üçün idmanın bu növünə marağın artırılması, gənclərlə fəal iş aparılması, məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyasının davam etdirilməsi, hamiliyə götürülən ixtisaslarda gənc­lərlə işin davam etdirilməsi, ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət edilməsi, Uşaq-gənc­lər şahmat və idman məktəblərinin fəaliyyətlərinin gücləndirilməsi, təhsil müəssisələrində idman yarışları və spartakiadaların təşkil edilməsi və digər məsələlər barədə aidiyyəti qurumlara tövsiyə və tapşırıqlarını vermişdir.
Müşavirədə digər məsələlərlə yanaşı, oktyabr ayında Naxçıvan şəhərində keçiriləcək 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işlərinin görülməsi, olimpiadada muxtar respublika şahmatçılarının iştirakının təmin edilməsi, uşaq və gənclərin idmana cəlbinin kütləviliyinin artırılması və “İdman festivalı”nın keçirilməsi ilə bağlı da tapşırıqlar verilmişdir.
Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, idmanla məşğul olaraq uğur qazananların da əməyi daim qiymətləndirilir. Müşavirədə Ali Məclisin Sədri tərəfindən 2019-cu ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 3 məşqçi-müəllimə mükafat təqdim edilməsi bu ənənənin davamıdır.
Ötən ayın xronikasında da qeyd olunduğu kimi, Prezident cənab İlham Əliyev Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə “V.Y.Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” 2020-ci il 13 yanvar tarixdə Sərəncam ­imzalamışdır.
Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul etmiş, “Şərəf” ordenini cənab Vasif Talıbova təqdim etmişdir.
Ali Məclisin Sədri fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirmiş, Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlətimizin başçısına məruzə etmiş, 2019-cu ildə Naxçıvanda müxtəlif sahələrdə qazanılan uğurlardan danışmış və bütün bu uğurların əldə olunmasında Prezident cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd etmişdir.
Prezident cənab İlham Əliyev Naxçıvanda 2019-cu ildə əldə olunmuş uğurlar münasibətilə cənab Vasif Talıbovu təbrik etmiş, Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi məsələlərinin daim onun diqqət mərkəzində olduğunu vurğulayaraq prezidentlik dövründə 14 dəfə Naxçıvana səfər etməsini bu diqqətin təzahürü kimi dəyərləndirmişdir.
Muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının uğurla icrası sosial-iqtisadi inkişafı təmin etmiş, makroiqtisadi göstəricilər bütün parametrlər üzrə artmış, yeni sənaye müəssisələri yaradılmış və yerli istehsalın həcmi çoxalmışdır. Elə bunun nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi istehsalçıların xarici bazarlara çıxışlarını və bu istiqamətdə təşviq tədbirlərinin artırılmasını zəruri etmişdir. Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmış, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
Görülən işlərin nəticəsi olaraq fevralın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsi haqqında” imzaladığı Sərəncam ixrac potensialının artırılması və ixraca dövlət dəstəyinin daha da gücləndirilməsinə xidmət edəcəkdir. Elə həmin gün – fevralın 6-da Ali Məclis Sədrinin sahibkarlarla görüşünü, bu görüşdə dəyərli çıxış, tövsiyə və tapşırıqlarını “İxrac ili” nin fəaliyyət proqramı kimi dəyərləndirmək olar.
İstehsal olunan məhsulların ixrac potensialını yaratmadan özəl bölmənin inkişafından danışmağın mümkün olmadığını vurğulayan muxtar respublika rəhbəri bu sahədə ­dövlətin üzərinə düşən vəzifələri yerinə yetirdiyini, sahibkarlara dəstək verdiyini, ixracın təşviqi sahəsində ardıcıl tədbirlər görüldüyünü, nəticənin isə uğurlu olduğunu bildirmişdir: “10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. 2019-cu ildə də muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 497 milyon ABŞ dollarından çox olmuş, ticarət əməliyyatlarının 85 faizdən çoxu ixracın payına düşmüşdür. Muxtar respublikada şəffaf vergi sisteminin formalaşdırılması iqtisadi inkişafı təmin etməklə yanaşı, həm də sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmışdır. Xüsusilə vergi inzibatçılığına yol verilməməsi, vergi nəzarətinin təkmilləşdirilməsi və uçotun düzgün aparılmasının nəticəsidir ki, 2019-cu ildə büdcə gəlirlərinin 84 faizə yaxını vergi daxilolmaları hesabına formalaşmışdır”.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirərək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafı üçün bütün tədbirlər görülmüşdür. Yaradılan imkanlardan səmərəli istifadəyə gəlincə isə Ali Məclisin Sədri aid dövlət qurumlarına yerli xammala əsaslanan və tələbatı ödəyən istehsal sahələrinin yaradılması istiqamətindəki səylərini artırmaları, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilməməsi haqqında tapşırıqlar vermiş, sahibkarlara onlar üçün yaradılmış işgüzar mühitdən səmərəli istifadəni tövsiyə etmişdir.
Ötən ayın xronikasında fevralın 9-u ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda əlamətdar tarixi hadisə ilə yadda qalmışdır. Həmin gün Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilər keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin gün ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs vermiş və seçki prosesinin gedişi ilə maraqlanmışdır.
Ölkəmizdə hər zaman qonşu dövlətlərlə dinclik və əmin-amanlıq şəraitində yaşamağa, onların tarixinə, mədəniyyətinə hörmətlə yanaşmağa üstünlük verilib. Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun İran İslam Respublikasının yaranmasının 41-ci ildönümü – İslam İnqilabı Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı, qardaş İran xalqını təbrik etməsi bunu bir daha təsdiqləmişdir.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “İran ilə Azərbaycan arasındakı əlaqələrin çox zəngin tarixi vardır. Biz Azərbaycan-İran əlaqələrinə xüsusi əhəmiyyət veririk. Ümid edirəm ki, gələcəkdə də bu əlaqələr inkişaf edəcəkdir” fikirlərini xatırladaraq demişdir ki, ulu öndərin yolunun uğurla davam etdirilməsi nəticəsində ölkәlәrimiz arasındakı dostluq və əməkdaşlıq ilbəil möhkəmləndirilir. Ölkə prezidentlərinin qarşılıqlı sәylәri, həyata keçirilən rəsmi səfərlər dövlətlərarası münasibətləri yeni inkişaf mərhələsinə yüksəldib. Bunun sayəsində ikitərəfli əlaqələrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əməkdaşlıq xüsusi yer tutur.
İdman sağlam gəncliyin yetişməsində birinci amil olduğu üçün muxtar respublikamızda bu sahəyə böyük diqqət və qayğı göstərilir. Bu qayğının davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Pro­qramı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 14 fevral tarixdə imzaladığı Sərəncam idmanın inkişafı üçün yeni innovasiyaların tətbiqini meydana çıxarır.
Dövlət proqramında yuxarıda qeyd olunan məqsədlərə nail olunması üçün müvafiq nazirlik və aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Muxtar respublikada əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsi məqsədilə hərtərəfli şərait yaradılmışdır. Lakin heyvanların, quşların və arı ailələrinin sayının artması, həmçinin muxtar respublikanın yerləşdiyi coğrafi mövqe baytarlıq xidmətinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsini və bu sahə üzrə dövlət proqramının qəbul olunmasını zərurətə çevirmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 fevral tarixdə Sərəncam imzalamışdır.
Dövlət proqramından gözlənilən nəticələri – heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılmasını, yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı tədbirləri, daxili bazarın keyfiyyətli ekoloji təmiz heyvandarlıq məhsulları ilə təmin olunmasını, heyvandarlıqda baytarlıq-sanitariya işinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, cins tərkibinin yaxşılaşdırılması hesabına intensiv yolla məhsul istehsalının artırılmasını və baytarlıq sahəsində mütəxəssislərin hazırlanmasını nəzərə almaqla böyük əminliklə demək olar ki, bu yeniliklər muxtar respublikada baytarlıq təbabətinin inkişafında mühüm mərhələ olacaqdır.
Fevral ayının birinci yarısında olduğu kimi, ikinci yarısında da Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən mühüm sərəncamlar imzalamışdır. Onlardan biri – “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında” 2020-ci il 19 fevral tarixli Sərəncam muxtar respublikamızın həyatında daha bir yeniliyin tətbiq olunması baxımından mühüm əhəmiyyətə malikdirsə, digəri – “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının verilməsi haqqında” 2020-ci il 21 fevral tarixində imzalanan Sərəncam təhsil və ictimai fəaliyyəti ilə fərqlənən Zahid Qənbərovun mükafatlandırılması isə diyarımızda əməyi ilə fərqlənən insanlara göstərilən qayğının davamı kimi xarakterizə olunur.
Ölkəmizdə Milli Məclisə, muxtar respublikamızda isə Ali Məclisə keçirilən növbədənkənar parlament seçkilərindən sonra, 2020-ci il 22 fevral tarixdə “Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının çağırılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı imzalanmış və fevralın 24-nə birinci sessiya çağırılmışdır. Beləliklə, həmin gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilmişdir. Ali Məclisin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.
Sonra sessiya öz işinə başlamış, gündəlikdə duran birinci – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsinə baxılmışdır. Seçkilərdə 7 saylı Yuxarı Aralıq Seçki Dairəsi üzrə 94, 6 faiz səs toplamış Vasif Yusif oğlu Talıbov hesablayıcı komissiyanın yekun protokoluna əsasən səsvermədə iştirak edən 45 deputatın hamısının lehinə səs verməsi ilə yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.
Beləliklə, ümummilli liderimiz Heydər Əliyevin yolunun 1995-ci ildən davam etdirilməsi nəticəsində bütün sahələrdə uğur və inkişaf əldə edilmiş, həmçinin yerli istehsalın həcmi artmış, yeni istehsal müəssisələri yaradılmış, iş yerləri açılmış, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılmış, ərzaq, enerji və müdafiə təhlükəsizliyi təmin olunmuş, daxili tələbatı idxal hesabına ödənən, böyük ixrac potensialı olan Naxçıvan Muxtar Respublikasının qarşısında daha böyük inkişaf və tərəqqiyə aparan yeni dövr başlanmışdır.
Ali Məclisin Sədri muxtar respublika Mərkəzi Seçki Komissiyasına, dairə və məntəqə seçki komissiyalarına, seçkilərin qanunvericiliyin tələbləri səviyyəsində ­keçirilməsini təmin edən bütün aidiyyəti orqanlara təşəkkür etmiş, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına muxtar respublika seçicilərinin etimadına layiq görüldüklərinə görə təbriklərini çatdırmışdır. Muxtar respublika rəhbəri qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalaraq Naxçıvan Muxtar Respublikasının inkişafının təmin edilməsinin, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasının, yeni istehsal sahələrinin və bununla bərabər iş yerləri yaradılmasının, sosial sahələrin inkişafına diqqətin artırılmasının zəruriliyini vurğulamışdır.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, qarşı­dakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulamışdır.
Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq və “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən ermənilər 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçirmişlər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı da ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır ­cinayətdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş Sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı Xocalı şəhərinə basqın etmişdir. Dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirilmiş, bir gündə 613 nəfər işgəncə ilə öldürülmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı barədə ­demişdir: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.
Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov abidə önünə tər güllər qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir. 

Beləliklə, ötən ay muxtar respublikamızın həyatındakı bir-birindən mühüm və əhəmiyyətli hadisələr, xüsusilə növbədənkənar parlament seçkilərinin müvəffəqiyyətlə başa çatması, cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yenidən Sədr seçilməsi deməyə əsas verir ki, Naxçıvan yeni bir dövrə qədəm qoymuşdur. Çünki Ali Məclis Sədrinin 25 illik fəaliyyəti ümummilli liderimizin yoluna, ideyalarına, siyasətinə əsaslanıb. Cənab Vasif Talıbovun altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında söylədiyi kimi: “Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir”.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR