25 May 2020, Bazar ertəsi

Məhəccərin dirəyinə vurulan radio birdəfəlik sussa da  babamın hər səhər ilk işi bu sirli qutunu qurcalamaq idi. Yorulmadan, həvəslə  bizi inandırmağa  çalışırdı ki, nə vaxtsa ailəmizin “yaxın dostu”, evdə hamıdan çox dinlənilən,sözü ötkəm olan o idi,elə babamın özündən də. Kimin haqqı idi saatbaşı eşidilən o “güvənilən adama”- “Xəbərlər” in sahibinə inanmamaq...

Ötən əsrin 90-cı illərində nəinki dünyada, paytaxtda,elə doğma Naxçıvanda da olan-bitən hadisələrə tamarzı qalırdı insanlar. “Vətəndən vətənə yolları bağladılar, barı quş qanadında olsa belə bir xəbər gələrdi”, -deyirdilər kəndin başbilənləri. İzlədiyim bu mənzərələr uşaq yaddaşımda  belə iz buraxırdı: “Demək insanlar xəbərə də ac qala bilirlər, vətəndən   məlumatsız, soraqsız qalmaq elə yetim qalmaqmış”.

 Naxçıvandan uzaqda olanlar isə doğma diyarın taleyi üçün narahat idilər. 90-cı illəri xatırlayarkən yadıma Bakıda yaşayan  qohumların sözləri düşür:

“Burdan gedən bir kimsəni  Naxçıvanla bağlı nəsə bir  xəbər deməsi üçün Bakının o biri başına aparıb çıxarırdılar, görsünlər hələ Naxçıvandan  nə deyirlər...”

İllər sonra Ümummilli liderimiz Heydər Əliyev Bakıda yeni teleqüllənin açılışında həmin günləri belə xatırlayırdı: "...Orada yaşayan insanların bəlkə su, çörək kimi televiziya verilişlərinə ehtiyacı vardı və günlərlə,aylarla televiziya Naxçıvana çatmayanda insanlar elə bil ki, dünyadan ayrılmış vəziyyətdə idilər”.

NUHÇIXAN-a qədər…

Sizə tək məsləhətim odur ki, xəyallarınızın arxasınca gedin və ən çox istədiyiniz şeyi edin. Mən jurnalistikanı seçdim, çünki tarixin yaradıldığı yerlərdə olmaq istəyirdim”- deyirdi bir amerikalı juranlist. 

Tarixin  həm yazılıb, həm yaradıldığı  dövrə şahidlik etmək isə bizdən əvvəl bu sahədə qələm çalan jurnalist ordusunun ömür payına yazılıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra “Jurnalist əməyini qeyri-adi əmək” adlandıran Ulu Öndər KİV-in inkişafı, söz, fikir azadlığının formalaşması üçün önəmli addımlar atdı.

Müstəqillik illərində Naxçıvan mediası bir əsrdə keçilə biləcək qədər böyük və uğurlu bir yol qət etdi. Artıq 88 yaşını geridə qoyan Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi  işin bayraqdarı oldu.Gücləndirilən maddi-texniki baza, yetişdirilən yeni jurnalist kadrlar muxtar respublikada fəaliyyət göstərən bütün KİV-in fəaliyyətlərini yenidən qurmasına təkan verdi.

Mətnin əvvəlində ona görə mənə doğma olan bir xatirəni paylaşdım ki, o illərdə mənim kimi baş verənlərə şahidlik edən, ağ-qara ekranın qarşısında saatlarla əyləşib onun “işıqlanacağını” gözləyənlərə xəyal, yuxu  kimi  görünənlər  gerçək oldu. Mavi ekranın qarşısından ekran arxasına keçmək isə bir dünya dolusu XOŞBƏXTLİK  idi mənim  üçün...

Naxçıvan informasiya blokadasını zamanla yardı. Naxçıvan Dövlət  Televiziyası və radiosu internet üzərindən yayınlanmağa başladı, Naxçıvantv.az saytı həyata vəsiqə qazandı. Bu, həm də bir ilk idi. Ölkənin və dünyanın hər bir bucağından Naxçıvana açılan  ilk pəncərə idi...

Və sonra... 2018-ci il aprelin 1-də ölkə mediasında öz sözünü  deyən NUHÇIXAN İnformasiya Agentliyi yarandı, artıq 2 ilini geridə qoyan NUHÇIXAN.

Xatırladım ki, Muxtar Respublikasının ilk rəsmi informasiya agentliyi olan "Nuhçıxan” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 fevral tarixli "Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən yaradılıb.  Yola çıxanda isə qarşıya qoyduğu məqsəd bir idi-Naxçıvan həqiqətlərini dünyaya çatdırmaq, dünyada, ölkəmizdə  baş verən önəmli və əhəmiyyətli hadisələri oxucusuna  operativ, düzgün,peşəkar şəkildə təqdim etmək.  3 dildə xəbər yayınlayan agentlik həm də İnstaqram sosial şəbəkəsi üzərindən fars əlifbası ilə paylaşımlar edir. Muxtar respublikada baş vermiş hadisələri, ölkə və dünya əhəmiyyətli yenilikləri,  atılan addımları,qəbul edilmiş qərarları izləyicisinə çatdırır. 

NUHÇIXAN paylaşıbsa doğrudur...

NUHÇIXAN-dəqiqdir. Oxucusuna çatdırdığı xəbərin doğruluğuna  təminat verir. Minlərlə insanın  inamını qazana bilib. Nəyinki, vətəndaşlar, bir sıra xəbər saytları belə NUHÇIXAN-a istinad edir. Ölkəmizin və dünyanın çətin dövr keçirdiyi bu günlərdə izləyiclər NUHÇIXAN-dan isti xəbərlər, sosial şəbəkə hesablarından paylaşımlar gözləyir. O artıq  oxucusunda  “NUHÇIXAN paylaşıbsa doğrudur”əminliyini yaradıb.

NUHÇIXAN qərəzsizdir. İstər xəbər olsun, istər agentlikdə yer alan hər hansı müəllif yazısında insanlara, hadisələrə qərəzli yanaşmır,necə deyərlər “düzü düz,əyrini əyri” göstərməyi bacarır.

NUHÇIXAN tərəfsizdir. Paylaşılan bütün informasiya daşıyıcılarında–yazıda, şəkildə, videomaterialda xalqın və dövlətin mənafeyini müdafiə edir. Şərdən, böhtandan  uzaqdır. Paylaşılan xəbərlərin əsas meyarı vicdandır.

NUHÇIXAN obyektivdir, vicdanlıdır. Təbii ki, bu siyahını  daha da uzatmaq olar. Doğru xəbərin ünvanı olmasaydı yəqin ki, bu qədər sevilməzdi, oxunmazdı NUHÇIXAN.

Yola saldığı iki il ərzində NUHÇIXAN İnformasiya Agentliyinin əməkdaşları tərəfindən 28000-dən artıq xəbər paylaşılıb. İl ərzində İnstaqram sosial şəbəkəsi üzərindən 1400 xəbər, 2000 video, muxtar respublikanın tarixi, mədəniyyəti, incəsənəti, inkişafı ilə bağlı 15000-dən artıq foto paylaşılıb. Agentliyin feyzbuk qruplarında izləyici sayı 100000-dən, “Youtube” kanalında abunə sayı 24000-dən artıqdır.

NUHÇIXAN Naxçıvan televiziyasının “Xəbərlər” redaksiyası, “Şərq qapısı” qəzeti, muxtar respublikanın rayon qəzetləri ilə yanaşı ölkənin bir sıra mühüm xəbər agentlikləri ilə də əməkdaşlıq edir. Muxtar Respublikada fəaliyyət göstərən bütün nazirliklərin,komitələrin,təşkilatların mətbuat xidmətləri NUHÇIXAN-la birgə addımlayır.

Etiraf edək ki, bəzi saytlarda gün boyu  istəyərək,  ya da istəməyərək oxuduğumuz xəbərlər sadəcə “zaman oğruları”dır. Onlar heç bir fakta, həqiqətə söykənməyən, gerçəklikdən uzaq  mövzuların yersiz müzakirəsini uzatmaqla, insanların şəxsiyyət və ləyaqətinə  toxunan informasiyalar yaymaqla “bəyən”mələrininsayını güdürlər.

NUHÇIXAN bu mənada  həm də bir örnəkdir. Paytaxtdan uzaq, kiçik bir  heyətlə yola çıxan agentliyi ölkənin ən çox istinad edilən,izlənilən agetliklərindən birinə çevirən -faktın doğruluğu, güvənilir qaynaqdan alınmasıdır. Bu, həm də oxucuya böyük hörmət, diqqətdir.  “NUHÇIXAN xəbər verir ki” başlığı ilə paylaşılan hər xəbər oxucunun inam, etibar yüküdür.

 NUHÇIXAN muxtar respublikanın güzgüsüdür, Naxçıvan həqiqətlərini dünyaya çatdıran carçıdır, o həm də bir brenddir: Nuhun adını daşıyan Naxçıvan brendi.

Yol uzun, mənzil uzaq, yükü də xəbər yüküdü. Yola saldığımız bu iki ildə xəbəri bizdən alan,hər səhər günə NUHÇIXAN-la başlayan,əməkdaşlıq edən,inanan,etimad göstərən hər kəsə təşəkkür edirik.

Yolumuz açıq olsun...

Fizzə Bağırova

NUHÇIXAN-nın baş redaktoru

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR