27 May 2020, Çərşənbə

Buna ötən ayın xronikasında nəzər salaq

Müasir Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə gələcəyə praqmatik baxışla işlənib hazırlanan və həyata keçirilən konsepsiyanın bəhrəsidir. Muxtar respublikamızda 30 illik blokada şəraitində bugünkü inkişafa nail olunması da təbii ki, həmin konsepsiyanın sədaqətlə və düzgün şəkildə reallaşdırılmasının nəticəsidir. Geridə qalan illərin hər birində özünəməxsus inkişafla ilə tarixləşən, qədimliyi ilə müasirliyinin qovuşması sayəsində gözəlləşən, bütün sahələrdə dinamik göstəricilər əldə olunan Naxçıvan müstəqil Azərbaycanın ən böyük uğurudur. Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Naxçıvan strateji mövqedə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Bu mənada, muxtar respublikaya göstərilən diqqət və qayğı, burada aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri Azərbaycan dövlətinin milli maraqlarının tələbidir.

 

Muxtar respublikamızda ötən illərin hər birinin sosial-iqtisadi, mədəni inkişafı fonunda diqqətçəkən ən başlıca amil insana verilən dəyər olub. Görülən işlərin, həyata keçirilən bütün tədbirlərin mahiyyəti əhalinin rifah halının yüksəldilməsinə, ərzaq təhlükəsizliyinə, sosial problemlərin həllinə, ən başlıcası isə sabitliyin qorunmasına xidmət edib. Bütün bunlar ötən ayın hadisələrinin xronoloji ardıcıllığında da müşayiət olunur. Mart ayının əvvəlində muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi yenə də insan amilinin əsas götürülməsi baxımından yuxarıda dediklərimizi təsdiq edir. Belə ki, martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinə maddi-texniki bazasının gücləndirilməsi məqsədilə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunmuşdur. Ali Məclisin Sədri avtomobil və avadanlıqlara baxış zamanı onlardan təyinatı üzrə düzgün istifadə olunması barədə müvafiq tapşırıqlar vermişdir.
İnsan amilindən söz düşmüşkən muxtar respublikamızda zəhməti ilə fərqlənənlərin əməyinin qiymətləndirilməsini, bunun artıq bir ənənə şəklini almasını da vurğulamaq lazımdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında təltiflərin verilməsi haqqında” 2020-ci il 6 mart tarixli Sərəncamı ilə təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan bir qrup qadına fəxri adların verilməsini də bu qiymətin davamı kimi dəyərləndirmək olar.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən muxtar respublikamızda bu sahənin daha da inkişafı üçün yeni idarəetmə strukturlarının, lizinqlərin yaradılması, müasir sistemlərin tətbiqi, texnika və avadanlıqların alınması artıq öz səmərəsini verməkdədir. Son illər kiçik fermerlərin böyük sahibkarlıq subyektinə çevrilməsi, ailə təsərrüfatlarının sayının ildən-ilə artması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi göstərilən diqqət və qayğının bəhrəsidir.
Muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə “Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 mart tarixli Fərmanı və həmin fərmanla cəmiyyətin nizamnaməsinin təsdiq olunması bu yeni qurum qarşısında diyarımızda meliorasiya tədbirlərinin intensivləşməsi, suvarma suyu ilə bağlı yeniliklərin tətbiq olunması, problemlərin öz həllini tapması, eləcə də içməli su qurğularının yeni texnologiyalar əsasında qurulması, ümumilikdə qanunvericiliklə müəyyən edilmiş qaydada suların dövlət uçotunun və su kadastrının aparılması səlahiyyətlərini özündə ehtiva edən vəzifələr qoyur.
Arxiv xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, mədəni irsin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusudur. Qeyd edək ki, keçmiş SSRİ məkanında arxiv işinə aid heç vaxt qanun qəbul edilməmiş, bu sahədə normativ aktlar yalnız SSRİ Nazirlər Sovetinin təsdiq etdiyi “SSRİ Dövlət arxiv fondu haqqında Əsasnamə” ilə tənzimlənmişdir. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra, 1999-cu il iyul ayının 27-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə fərman, sonrakı illərdə isə digər dövlət sənədləri imzalanmışdır. Bununla da Azərbaycanın bütün şəhər və rayonlarında milli arxiv fondları təkmilləşdirilmiş, gələcəyimiz üçün zəruri olan sənədlərin arxivlərdə mühafizəsinə başlanılmışdır.
Naxçıvam Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2020-ci il 14 mart tarixdə “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam müasir dövrdə arxiv fondu sənədlərinin etibarlı mühafizəsi və səmərəli istifadəsi üçün bu sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və yeni innovativ metodlarla işlənməsi baxımından böyük əhəmiyyətə malikdir.
Muxtar respublikamızda qayğıya ehiyacı olan insanlar daim diqqətdə saxlanılır, onların hər hansı sosial problemi dərhal öz həllini tapır. Martın 14-də, Novruz bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını qismən itirmiş 1 şəxsə Naxçıvan şəhərində təmir olunmuş iki və üçotaqlı yeni mənzillərin orderlərinin təqdim olunması da bu qayğının davamıdır.
Ali Məclisin Sədri mənzillə təmin olunanları təbrik edərək demişdir: “Bu gün şəhid ailəsinə, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını qismən itirmiş şəxsə yeni mənzillərin verilməsi Azərbaycanda dövlətçiliyin möhkəm təməllər üzərində qurulduğunu göstərir. O yerdə dövlətçilik haqqında danışmaq olar ki, həmin ölkədə dövlət-xalq birliyi olsun. Dövlətin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş, vətənpərvərlik göstərmiş şəxslərə, şəhid ailələrinə diqqət və qayğısı digər vətəndaşlar üçün də nümunədir”.
Mənzillə təmin olunan Firəngiz Rüstəmova və Sədrəddin Əsədov göstərilən qayğıya görə minnətdarlıq etmiş, Novruz bayramı ərəfəsində yeni mənzillərin verilməsini ailələrinə ikiqat bayram sevinci yaşatdığını bildirmişlər.
Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə, eləcə də muxtar respublikamızda əməyi ilə fərqlənən insanların zəhməti hər an yüksək qiymətləndirilir. Martın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının təqdimat mərasimində muxtar respublika rəhbəri yüksək dövlət mükafatlarına layiq görülmələri və qarşıdan gələn Novruz bayramı münasibətilə təltif olunanları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayaraq demişdir: “Ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Sabitlik, inkişaf və tərəqqi olan yerdə isə insanların əməyinə qiymət verilir, onlar dövlət mükafatları ilə təltif olunurlar. Bu gün təltif olunanlar da çalışdıqları sahələrdə fərqlənən insanlardır”.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq etmişlər.
Kənd təsərrüfatı ildən-ilə xüsusi dinamika ilə irəliləməkdə olan muxtar respublikamızda cari ilin “İdxal ili” elan edilməsi bu sahənin intensiv inkişafını vacib şərt kimi qarşıya qoyub. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikaları hazırda torpaq mülkiyyətçisi və fermerlərin dünyanın qabaqcıl texnika və texnoloji avadanlıqlarından istifadə etdikləri muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün daha yeni innovativ texnologiyaların tətbiqi baxımından çox əhəmiyyətlidir.
Martın 18-də Ali Məclisin Sədri yeni texnikalarına baxmış, kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulamış, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, sahibkarların tələbatına uyğun kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin alınıb gətirilməsi, eləcə də maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan ümummilli lider Heydər Əliyevin iqtisadi-siyasi konsepsiyasının düzgün şəkildə həyata keçirilməsi ilə 30 illik tarixi inkişafın sahibi ola bilib. Muxtar respublikamızda bu gün dünya ölkələrinin bəlasına çevrilmiş pandemiyaya qarşı mübarizədə də ulu öndərin dərin hikmətə malik fikirləri əsas götürülür. Dahi şəxsiyyət deyirdi ki, bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır. 2020-ci il 24 mart tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman və “Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında” Sərəncam, daha sonra muxtar respublika ərazisində pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə müşavirənin keçirilməsi böyük şəxsiyyət Heydər Əliyevin ölməz ideyalarına sadiqliyin nümunəsidir. Müşavirədə Ali Məclisin Sədri diyarımızda qabaqlayıcı tədbirlərin görülməsi, karantin rejiminə ciddi əməl olunması və digər həlli vacib məsələlərlə bağlı aid dövlət qurumlarına tövsiyə və tapşırıqlar vermişdir.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə mühüm amildir. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq demişdir: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”. Elə bu baxımdan da muxtar respublikada aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür. Bunun nəticəsidir ki, son illər Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında 5 min hektara yaxın torpaq sahəsində qapalı suvarma şəbəkələri qurulmuş, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılmışdır. Bu il də Kəngərli rayonunda 800, Şahbuz rayonunda isə 270 hektar torpaq sahəsini əhatə edəcək yeni qapalı suvarma şəbəkələri qurulur.
Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kəngərli rayonunun Böyükdüz, Şahbuz rayonun Sələsüz, Türkeş və Mərəlik kəndlərində olmuş, yeni qapalı suvarma şəbəkələrinin tikinti işləri ilə maraqlanmış və demişdir: Muxtar respublika kənd təsərrüfatı rayonudur. Ona görə də aqrar sahənin inkişafına hərtərəfli diqqət göstərilir, yeni suvarma şəbəkələri tikilir. Bu il də muxtar respublikada əsas investisiya qapalı suvarma şəbəkələrinin qurulmasına və nasos stansiyalarının tikintisinə ayrılmışdır. Böyükdüz kəndi ərazisində yeni qapalı suvarma şəbəkəsi qurulduqdan sonra “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ayrılmış 1500 hektardan artıq torpaq sahəsi əkin üçün tam yararlı vəziyyətə gətiriləcək, eyni zamanda dövlət və bələddiyə mülkiyyətində olan torpaqların su təminatı yaxşılaşdırılacaqdır. Şahbuz rayonunun Sələsüz, Türkeş və Mərəlik kəndlərinin ərazilərində qapalı suvarma şəbəkəsinin, eyni zamanda rayonun Külüs kəndində nasos stansiyasının qurulması isə 1600 hektara yaxın torpaq sahəsini əkin dövriyyəsinə qatacaqdır. Həyata keçirilən bu layihələr muxtar respublikada ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, torpaqlar əkilməli, bol məhsul istehsal olunmalı, qapalı suvarma şəbəkəsinin tikilməsinə sərf olunan vəsait geri qayıtmalıdır.
Ali Məclisin Sədri torpaqların düzgün qeydiyyata alınması və kateqoriyaların uyğun icarəyə verilməsi, tikinti işlərinin mühəndis texniki tələblərə uyğun aparılması və payız əkin mövsümünə qədər başa çatdırılması, yeni qapalı suvarma şəbəkələrinin qurulması ilə bağlı layihələrin hazırlanması barədə tapşırıqlar vermişdir.
Bəli, Naxçıvanda illər öncə gələcəyə hesablanmış inkişaf strategiyasının ötən dövr ərzində ardıcıl şəkildə həyata keçirilməsi, düzgün iqtisadi-siyasi konsepsiyanın yerinə yetirilməsi bütün bunların böyük sədaqətlə icrasını sübut etməklə yanaşı, həm də bu işlərin vətəndaşlıq qayəsi, böyük yanarlılıqla reallaşmasını parlaq şəkildə təcəssüm etdirir. Nəticə isə göz önündədir: Naxçıvan hərtərəfli inkişaf edir, əhali sabitlik və əmin-amanlıq şəraitində yaşayır, qayğı ilə əhatə olunur, əməyi, zəhməti dəyərləndirilir, istedad, bacarıq və qabiliyyətinin hərtərəfli inkişafı üçün onlar üçün geniş imkanlar yaradılır. Bunu mart ayının xronikasında da aydın gördük.

 Mətanət MƏMMƏDOVA

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR