21 Sentyabr 2020, Bazar ertəsi

Etibarlı sığorta sisteminin yaradılması müasir bazar iqtisadiyyatının əsas inkişaf göstəricilərindən biridir. Əhaliyə göstərilən sığorta xidmətlərinin genişlənməsi və keyfiyyətinin yüksəlməsi bu baxımdan baş verən təsadüfi riskli hadisələrin vurduğu maddi zərərlərdən insanları daha yaxşı qorumaqla, eyni zamanda dövlətin həyata keçirdiyi sosial siyasətə də xidmət edir. Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın çoxşaxəli inkişafı sığorta işi sahəsində də fəaliyyətin təkmilləşdirilməsini zərurətə çevirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin təşkilati-hüquqi formasının və strukturunun mövcud tələblərə uyğunlaşdırılması və sığorta sisteminin imkanlarından geniş və səmərəli istifadə edilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı bu vacib sahənin daha da inkişaf etdirilməsi baxımından yeni mərhələnin başlanğıcını qoyub. Bu fərmandan irəli gələn vəzifələrin həll olunması ilə gələcəkdə muxtar respublikada sığorta xidmətinin daha da təkmilləşdirilməsinə, sosial-iqtisadi inkişafa və əhali rifahının yüksəldilməsinə sığortanın verəcəyi töhfələr artırılacaq.

Müasir dövrdə sığorta iqtisadi-sosial həyatın əksər sahələrində tətbiq olunur və sığortalı insanların riskli hadisələr zamanı məruz qaldığı maddi itkilərin əvəzinin ödənilməsində mühüm rol oynayır. Ötən dövrdə muxtar respublikamızda da sığorta fəaliyyətinin genişləndirilməsi və onun etibarlılığının artırılması istiqamətində çox sayda tədbirlər həyata keçirilmişdir. Belə ki, sığorta işçiləri üçün müasir iş şəraiti yaradılmış, səyyar sığorta xidməti təşkil olunmuş, sığorta maarifçiliyi genişləndirilmiş, nəticədə, əhali arasında kütləvi sığortaya maraq xeyli artmışdır. Təkcə cari ilin ilk 3 ayında muxtar respublikada həyata keçirilən 17 icbari və könüllü sığorta növləri üzrə vətəndaşlara xidmətlər göstərilərək daşınmaz əmlakın icbari sığortası üzrə 6760, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 6674 müqavilə bağlanılmışdır. Bundan əlavə, könüllü sığortalardan aqrar sığorta, avtonəqliyyat vasitələrinin tam sığortası, ev əmlakı və fərdi qəza sığortası üzrə, ümumilikdə, 12 min 978 sayda müqavilə bağlanılıb.
Təbii ki, cəmiyyətdə bazar münasibətləri inkişaf etdikcə sığorta sisteminin təkmilləşdirilməsinə də olan tələb artmaqdadır. Sığorta sahəsində peşəkarlığın artırılması, sığorta müqaviləsi bağlayarkən sığortanın mahiyyətinə dair zəruri maarifləndirici məlumatların verilməsi və sığorta müqaviləsi bağlandıqdan sonra sığortaçı və sığortalının üzərinə düşən hüquq və vəzifələrin yerinə yetirilməsi bu sahədə idarəetmənin günün tələbləri səviyyəsində qurulmasını tələb edir. Ayrıca olaraq dünyada geniş tətbiq olunan sığorta növləri üzrə araşdırmaların aparılması, iqtisadiyyatın tələbləri və cəmiyyətin sosial sifarişi əsasında yeni sığorta növlərinin tətbiqi məsələləri də aktuallıq kəsb edir. Sığorta sahəsində yeni innovativ ideyaların dəstəklənməsi, bu sahədə startap layihələrin hazırlanıb həyata keçirilməsi və mobil elektron tətbiqlərin yaradılması müasir sığorta biznesinin uğurunu şərtləndirən əsas amillərdəndir. Sığorta sahəsində idarəetmənin operativliyinə və şəffaflığına nail olmaq, sığorta müqavilələrinin bağlanılması və baş vermiş sığorta hadisələrinə görə vətəndaşların müraciətlərinə baxılması zamanı müasir menecmentin tətbiqi bu baxımdan dövrün tələblərindəndir. Sığorta bazarının marketinq araşdırılması, sığortaya maraqlı əhali təbəqələrinin iqtisadi mənafelərinin təmin olunması üçün araşdırmaların aparılması, eyni zamanda bir elm kimi də bu sahənin qarşısında duran məsələlərdəndir.
Sığorta həm də bir biznes sahəsidir. Odur ki, burada dayanıqlılığın təmin edilməsi və xərclərin idarə olunmasında dövlət büdcəsi yükünün azaldılması, təkrar sığortanın aparılması və maliyyə sabitliyinin təmini də bu sahədə müasir dövrün əsas prioritetləri arasındadır. Bütün bu məsələlərin aktuallığı və muxtar respublikada sığorta bazarının daha da genişləndirilməsi üçün mövcud olan şərait “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi qarşısında geniş imkanlar yaradır. Dünyada və ölkəmizdə publik şəxslər yaratmaqla idarəetmə və funksional fəaliyyət sahəsində əldə olunmuş müsbət təcrübənin sığorta sahəsində tətbiq olunması ilə xidmətin əməkdaşları bundan sonra da yeni nizamnamədə müəyyən olunmuş bütün vəzifələri yerinə yetirəcək, muxtar respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak edib, əhalinin keyfiyyətli və etibarlı sığorta xidmətləri ilə təmin olunmasına çalışacaqlar.
Bütün bunlara nail olmaq üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti vətəndaşları muxtar respublikada tətbiq olunan sığorta növlərinə fəal surətdə qoşulmağa, vaxtında sığorta müqavilələri bağlamaqla gələcəkdə baş verməsi ehtimal olunan gözlənilməz hadisələrə qarşı etibarlı sığorta təminatı almağa dəvət edir.

 Əli Cabbarov

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR