04 İyun 2020, Cümə axşamı

Ümummilli lider Heydər Əliyevin zəngin irsini araşdırarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir.

Bu fikir Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın  təqdim etdiyi “Qadınları dövlətin dayağı, uşaqları isə Azərbaycanın milli sərvəti kimi qiymətləndirən dahi şəxsiyyət” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçib. Tarixin istənilən zaman kəsiyində biz Azərbaycan qadınının öz yeri və mövqeyi olduğunu görərik. Bu baxımdan Ulu Öndər ailədə və cəmiyyətdə xüsusi yeri olan qadınların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.

Məlumdur ki, qadının hüquq və azadlıqları uğrunda Azərbaycan ictimai fikrinin qabaqcıl nümayəndələri tarixən mübarizə aparıblar. Lakin ölkəmizdə milli qadın siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib.

Bununla belə, Azərbaycan tarixində qadın probleminin həllinin sistemli şəkildə dövlət səviyyəsinə qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev istər müstəqillikdən əvvəl, istərsə də müstəqillik dövründə qadınların cəmiyyətdə aktiv fəaliyyət göstərməsi üçün bütün imkanları yaratmışdı.

Ulu Öndər ən çətin məqamlarda da qadın məsələlərini diqqətdə saxlayır, onların problemlərinin həllinə lazımi kömək göstərirdi.

Heydər Əliyev qadınların cəmiyyətdə sosial statusunu təhsil, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Elə bir sahə yox idi ki, orada qadınların iştirakı olmasın. Bu da qadın hərəkatında bir inkişafa səbəb oldu, eyni zamanda, onlar üçün bir stimul rolu oynadı. Ulu Öndər deyirdi: “Dövlət quruculuğumuzun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mənəviyyatımızın inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər”.

Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq qadınları bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkib, yüksək vəzifələrə təyin edib. Sovet dövründə bir çox rayon və şəhər partiya komitələrinin birinci, ikinci katibləri, Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri, yüksək rütbəli hərbçilər, generallar, nazir və nazir müavinləri arasında neçə-neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edildi. Ümummilli lider hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsində, onların mükafatlandırılmasında, səyini əsirgəməmişdi. Qadınlarımız da onlara göstərilən etimadı doğruldaraq çalışdıqları sahədə nümunə göstərir, uğurlar qazanırdılar. Ümumiyyətlə, 90-cı illərin ortalarından başlayaraq ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın məsələlərinin inkişafına təkan verdi. Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. 1995-cü il Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında iştirak etmək üçün qadınlardan ibarət Milli Şura yaradıldı. Tarixə Pekin Konfransı kimi düşən beynəlxalq toplantının qəbul etdiyi qərar və qətnamələr dünyada qadın problemlərinin həlli istiqamətində böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” barədə Konvensiyasına qoşulub.

Bu gün bütün dünyada müasir iqtisadi inkişafın tələblərindən və reallıqlarından biri gender aspektidir. Azərbaycanda da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Konvensiyasına uyğun olaraq qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində ölkədə mühüm addımlar atılıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Ailə Məcəlləsi və Mülki Məcəlləsində qadınların müvafiq hüquqları öz əksini tapıb. Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsini təsis etməsi görülən işlərin zirvə nöqtəsi oldu. Ulu Öndərin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə xidmət edən əsas sənəd oldu. Azərbaycanda qadınların ictimai fəallığının qısa müddət ərzində hərəkat kim formalaşması Heydər Əliyev siyasəti nəticəsində özünün yüksək mərhələsini yaşamış və bu gün də davam etdirilir. Əgər 90-cı illərin əvvəlində bir neçə qadın təşkilatı var idisə, sonralar həm qadın QHT-lərin, həm də rəhbəri qadın olan QHT-lərin sayı artdı. Hazırda təkcə 200 qadın təşkilatı fəaliyyət göstərir. Həmçinin Azərbaycan qadınlarının qurultayları və Forumu ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqi olmaqla, eyni zamanda, Heydər Əliyev qadın siyasətinin təntənəsi kimi tarixə çevrildi. Bu gün isə dövlət qadın siyasəti daha da gücləndirilir. Azərbaycan Prezidentinin “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilən qanun müstəqillik dövrünün ən önəmli qanunlarından biridir. Buradan belə nəticəyə gələ bilərik ki, bu qanun təkcə qadınlara şamil olunmur, həm də cəmiyyətin bütün üzvlərini əhatə edir.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Fərmanla “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu qadın məsələlərinin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunun təzahürüdür. Bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən layihələrdə, qəbul olunan dövlət proqramlarında gender komponentləri nəzərə alınır və əsas istiqamət kimi götürülür.

Həmçinin Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir.

Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur.

Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır.

Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində cəmiyyətimizdə gedən mənəvi, iqtisadi tənəzzül və aşınmalar, üzləşdiyimiz Dağlıq Qarabağ problemi uşaqların da taleyindən yan keçmədi. Həmin dövrdə uşaqlar arasında təhsildən yayınma, məktəbyaşlı yeniyetmələrin alverə cəlb edilməsi, təhsil ocaqlarında tədrisin keyfiyyətinin aşağı olması, bir sözlə, uşaqlara qayğısızlıq cəmiyyətdə narahatlıq yaratmışdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə Azərbaycan Hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salınıb. Bu gün isə Azərbaycanda uşaq hüquqları ilə bağlı müasir qanunvericilik bazası formalaşıb.

Azərbaycanda uşaqlarla bağlı xeyli sayda qanun və Dövlət Proqramının uğurla icra olunması bu sahəyə dövlət qayğısının ümunəsidir. Bu sənədlər vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Uşaqların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması

Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. İstedadlı uşaqlara hər zaman xüsusi həssaslıqla yanaşan Heydər Əliyev “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman imzalayıb, gənc istedadların “Qızıl kitab”ı, eləcə də Prezidentin xüsusi təqaüdü təsis edilib. Ümummilli lider Heydər Əliyev uşaqları çox sevir, onların sağlam və gümrah, xoşbəxt böyümələri üçün ölkədə hər cür şərait yaradırdı. O deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Hər bir istiqamətdə olduğu kimi bu sahədə də Prezident İlham Əliyev Ulu Öndərin apardığı siyasəti uğurla davam etdirir. Son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılıb. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən böyük layihələr həyata keçirilir. Bu layihələrin əsasında tikilən xəstəxanalar, məktəblər, internat evləri qadınların və uşaqların sağlamlığına, onların daha keyfiyyətli təhsil almasına təkan verib. Bütün bu fəaliyyət Heydər Əliyev ənənələrinə və irsinə sədaqəti bir daha təsdiqləyir.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR