02 İyun 2020, Çərşənbə axşamı

Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən onlayn konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirmişdir ki, ulu öndər Azərbaycana siyasi rəhbərliyinin hər iki dövründə misilsiz xidmətləri ilə tarixə milli dövlətçiliyimizin qurucusu və banisi kimi adını yazdırmışdır. Ötən əsrin 60-cı illərində respublikamız keçmiş ittifaqda ən axırıncı yerlərdən birini tutsa da, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyindən sonra bütün sahələr inkişafa qovuşdu, qısa zamanda respublikamız aqrar-sənaye ölkəsinə çevrildi.

Bu dövrdə Azərbaycanda yüzlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisələri tikilmiş, yeni sənaye müəssisələri yaradılmışdır. 1993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda xalqımız haqlı olaraq yeganə xilaskar hesab etdiyi bu dahi şəxsiyyətin yenidən siyasi rəhbərliyə gəlməsinə israrla nail oldu. Hətta dünyanın bir sıra nüfuzlu siyasət, elm, mədəniyyət xadimləri deyirdi ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olsaydı, respublika bu vəziyyətlə qarşılaşmaz, xain qonşular cəsarət edib Azərbaycana qarşı belə mövqe tuta bilməzdi. Görkəmli dövlət xadimi siyasi hakimiyyətinin ikinci mərhələsində də müdrikliyi və qəti mövqeyi ilə ölkə­mizi məhv olmaqdan xilas etdi, müstəqilliyimizi qoruya bildi, atəşkəsə nail oldu, “Əsrin müqaviləsi” bağlanıldı. Dahi şəxsiyyət Azərbaycan Respublikasını dünya dövlətləri içərisində lider ölkə səviyyəsinə qaldıra bildi, onun hərtərəfli inkişafını təmin etdi, gələcək inkişafı üçün strateji xətti müəyyənləşdirdi. Qədim diyarımız Naxçıvanın muxtariyyətinin qorunmasında, erməni işğalından müdafiəsində və bugünkü inkişafa nail olmasında isə ümummilli liderimizin xidmətləri əvəzsizdir.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda çıxışında vurğulamışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin yetişdirdiyi nadir dünya liderlərindən biridir. O, keçmiş SSRİ-nin siyasi bürosunda idarəetmədə təmsil olunmaqla yanaşı, uzun müddət Azərbaycana rəhbərlik etmişdir. Bu siyasi fəaliyyətin ilk mərhələsində xalqını gələcək müstəqilliyə hazırlamaq üçün böyük işlər görmüş, milli oyanışda mühüm rol oynamışdır.
Qeyd olunmuşdur ki, 1991-1993-cü illərdə Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın gələcək müstəqilliyinə ­hədəflənmiş bir sıra mühüm tarixi əhəmiyyətli siyasi qərarlar qəbul edilmişdir.

Ümummilli liderin müstəqillik illərindəki fəaliyyətinə toxunan akademik İsa Həbibbəyli Onun daxili və xarici siyasətdə tutduğu məqsədyönlü istiqamətin tarixinə nəzər salmış, müstəqil Azərbaycan dövlətinin tanınmasında, əlaqələrin qurulmasında mühüm addımlar atdığını bildirmişdir. Hazırda Heydər Əliyev siyasi xəttinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən akademik görkəmli dövlət xadiminin elm, təhsil sahəsində çalışanlara diqqət və qayğısından da bəhs etmiş, dahi şəxsiyyətin qayğıkeşliyinin bu gün elm adamları tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır.

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” mövzusunda çıxış edərək bildirmişdir ki, görkəmli dövlət xadimi ilk dəfə hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Naxçıvan Dövlət Universitetində olmuşdur. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi ilə əlaqədar bu qədim diyara gələn ulu öndər 1974-cü il 4 oktyabrda Naxçıvan Dövlət Pedaqoji İnstitutunun müəllimləri və tələbə heyəti ilə görüş zamanı Naxçıvanda mövcud Pedaqoji İnstitutun bazasında müstəqil dövlət universitetinin yaranması zərurəti haqqında ilk dəfə olaraq fikirlər irəli sürmüşdür. 1990-1993-cü illərdə, çətin blokada şəraitinin və ozamankı Azərbaycan iqtidarının yaratdığı mürəkkəb vəziyyətə baxmayaraq, dahi rəhbər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ali təhsil sahəsində inkişafa nail olmuşdur.
Diqqətə çatdırılmışdır ki, ulu öndərin 1992-ci il 12 noyabrda Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyindəki dərin məzmunlu geniş nitqi, sözün geniş mənasında, ovaxtkı çətin şəraitdə respublikamızda ali təhsilin inkişaf etdirilməsi yollarına həsr olunmuş ciddi bir məramnamədir. 1997-ci ildə universitetin 30 illik yubileyi münasibətilə ölkə Prezidentinin universitetin kollektivinə təbrik məktubu ünvanlaması qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzi sayılan Naxçıvan Dövlət Universitetinə verilmiş yüksək qiymətin, göstərilən etimadın, bəslənilən böyük ümidlərin parlaq ifadəsidir.

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil strategiyasının muxtar respublikada uğurla davam etdirilməsi nəticəsində möhkəm maddi-texniki bazaya, güclü kadr potensialına malik olan inkişaf etmiş ali təhsil ocağı yaradılmışdır. Rektor bildirmişdir ki, universitetin çoxminli kollektivi muxtar respublikada aparılan məqsədyönlü təhsil siyasətini rəhbər tutaraq bundan sonra da Heydər Əliyev ideyalarının işığında inkişafı və müasirləşməni fəaliyyətinin əsas meyarı hesab edir.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda çıxışında bildirmişdir ki, Azərbaycanın təhsil tarixində intibah dövrü kimi qiymətləndirilən 1969-1982-ci illərdə təhsildə çox böyük nailiyyətlər əldə olunmuşdur.
Bildirilmişdir ki, böyük səyi ilə müstəqillik illərində ölkəmizdə beynəlxalq standartlara uyğun milli təhsil islahatlarına başlanıldı ki, həmin təhsil siyasəti bu gün də ölkəmizdə və muxtar respublikamızda uğurla davam etdirilir. Hazırda ölkəmizdə 31 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil sahəsindəki inkişafın mənzərəsini fəaliyyət göstərdiyim Naxçıvan Müəllimlər İnstitutunun timsalında göstərməklə ali təhsilin müstəqillik dövründəki inkişafı haqqında təsəvvür yaratmaq olar.

“Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Ali təhsilli kadrların hazırlanmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxışında bildirmişdir ki, ümummilli lider sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Məhz dahi rəhbərin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının və ali təhsilli kadrların hazır­lanması, yetişməsi sahəsində çox mühüm işdir. Respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə çatmışdır.

Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafına kompleks şəkildə yanaşmışdır. İndi ölkəmizdə fəaliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali təhsil, eləcə də əlavə təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu öz mənbəyini məhz keçən əsrin 70-ci illərində dahi şəxsiyyətin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoymuşdur.

Konfransda AMEA-nın müxbir üzvləri – AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Cəfərlinin, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin, Təbii Ehtiyatlar İnstitutunun direktoru Tofiq Əliyevin, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevin və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin çıxışları dinlənilib.
Tədbirin sonunda muzeyə virtual ekskursiya təşkil olunub.

- Səbuhi HƏSƏNOV

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR