21 Sentyabr 2020, Bazar ertəsi

Şərur elində bir qoca yaşayır. Bir əsrə bərabər ömür payını yaşayan bir insan. O, dünyaya Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı kimi gəldi, iki yaşı olanda 70 illik bir əsarətin qurbanı olan Azərbaycan SSRİ-nin övladı və gənci olaraq həyatına davam etdi. Və gənc yaşlarında həmin illər böyük Vətən dediyimiz quruluşun da qarışdığı İkinci Dünya müharibəsinin iştirakçısına çevrildi. Şərur rayon Qorçulu kənd sakini Fərman Sadiqov müharibədə iştirak etmiş 4 mindən çox şərurludan biridir.

Fərman babanın 102 yaşı olsa da, fiziki işdən yorulmur, elə hey çalışır . Piyada gəzməyi də çox sevir. Onunla görüşə gedəndə bu zəhmətkeş baba yazın gözəl havasından istifadə edib həyətdəki ağacları suvarırdı. Deyir, ay qızım, gərək zəhməti sevəsən ki, ömrün də uzun olsun. Fərman babaya onunla müharibə illərindən həmsöhbət olmaq istədiyimizi bildirəndə bir anlıq gözləri doldu, dərindən ah çəkib söhbətə başladı:

– Təkcə Şərurdan 4 min nəfər getmişdi müharibəyə... Onlardan 2 min 218 nəfəri qayıtdı, 1789 nəfəri isə həlak oldu. Həmin dövrdə SSRİ-nin elə bir məkanı olmamışdır ki, bu vahiməli və dəhşətli müharibə həmin yerlərə aclıq, səfalət, müsibət, ölüm və göz yaşları gətirməsin.

Fərman baba deyir ki, yeddiillik kənd məktəbini bitirdikdən sonra Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub. Təhsilinin birinci ilində müharibə xəbərini eşidib, rayon hərbi komissarlığına müraciət edərək cəbhəyə könüllü yola düşüb. 1941-ci ildə Belarusda hərbi xidmətə başlayıb, bir müddət burada təlim keçdikdən, hərbin qayda-qanunlarını öyrəndikdən, silah-sursatı idarə etmək bacarığına yiyələndikdən sonra 76-cı topçu alayına göndərilib. O deyir:

– Bütün Belarus sərhədləri boyu qanlı döyüşlər gedirdi. Ölüm-dirim savaşından sonra Belarus faşistlərdən azad edildi. Komandanlığın göstərişi ilə bizi seçib Bakıya qaytardılar. Sonra Gürcüstana, oradan isə Şimali Qafqaza apardılar. 1942-ci il iyunun 28-də qoşunlarımız Terek çayı boyunca hücuma keçərək almanları 30 kilometrədək geri çəkilməyə məcbur etdi. Bu hücum zamanı çox sayda itki hesabına Kuban şəhərini düşməndən azad etdik. 1943-cü ilin avqust ayında isə azərbaycanlılardan təşkil olunmuş 416-cı diviziyanın tərkibində Taqanrok şəhərini düşməndən təmizləyə bildik.

Fərman baba onu da bildirdi ki, o, Ukrayna cəbhəsi boyu gedən döyüşlər zamanı Mariupol, Zaporojye, Dnepropetrovsk, Mogilyov, Odessa şəhərlərinin, Moldaviya, Rumıniya və Polşanın faşistlərdən azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə də azərbaycanlılar qəhrəmanlıqlar göstəriblər. Döyüş yolu Almaniya sərhədlərinə kimi uzanan müharibə veteranı 1945-ci ilin yanvar ayında “faşist yuvasına” daxil olanlar arasında da olub.
Döyüşlərdə göstərdiyi igidliklərə görə “II dərəcəli Vətən Müharibəsi”, “Zərbəçi”, “Qırmızı Ulduz” ordenləri, “İgidliyə görə”, “Belarusiyanın azad edilməsinə görə” və sair medallara layiq görülüb.

Müharibə veteranı bu gün onlara göstərilən diqqət və qayğıdan da ürəkdolusu danışır:
– Səksəninci illərin sonu, doxsanıncı illərin əvvəllərində respublikamıza rəhbərlik edənlər müharibə veteranlarına qayğı göstərmirdilər, bizi bütün imtiyazlardan məhrum etmişdilər. Çünki onlar tarixi bilmir, savadsızlıq ucbatından unudurdular ki, Hitler Almaniyası təkcə Rusiyanı yox, bütün dünyanı işğal etmək və öz nəzarətində saxlamaq iddiasında olmuşdur. Şükürlər olsun ki, ümummilli liderimiz Heydər Əliyev xalqımızın təkidli tələbini qəbul etdi və 1993-cü ildə yenidən hakimiyyətə qayıtdı. Ulu öndərin sayəsində nəinki İkinci Dünya müharibəsi veteranları, həmçinin müharibədə həlak olanların ailələri, arxa cəbhədə fəallıq göstərdiklərinə görə orden və medallar alanlar yenidən dövlətin tam qayğısı ilə əhatə olundular, qələbə günü ölkəmizdə qeyd olunan bayramlar sırasına salındı. Bir neçə gün bundan öncə ən kiçik nəticəm sevinclə yanıma gəldi və mənə dedi ki, ay baba, cənab Prezident yeni sərəncam imzalayıb. Bu il qələbənin 75 illiyi münasibətilə həm yubiley medalı təsis olunacaq, həm də müharibə iştirakçılarına 1500 manat birdəfəlik maddi yardım göstəriləcək.

Həmin illər yadıma düşəndə, döyüş yoldaşlarımı xatırlayanda həm qürurlanır, həm də kədərlənirəm. Qürur duyuram ona görə ki, azərbaycanlı oğulların igidlikləri həmin qanlı-qadalı illərdə də dünyaya səs salmışdı, bu gün də elədir. Kədərimin səbəbi isə müharibə veteranlarının sayının ilbəil azalmasıdır. Bircə təsəllim isə onların adlarının qorunub saxlanılmasıdır. Ölkə Prezidentinin təkcə bizim deyil, övladlarımızın da qayğısına qalması, dünyadan köçən İkinci Dünya müharibəsi iştirakçılarının övladlarının gəlir vergisindən azad edilməsi haqqında göstəriş verməsi ən böyük qayğı və vətənpərvərliyə ruhlandırmaq nümunəsidir.

Bu gün ulu öndərin davamçısı cənab İlham Əliyev dahi rəhbərin yolunu uğurla davam etdirir. Azərbaycan müstəqillik qazanandan bəri keçirilən seçkilərin hamısında iştirak edib xalqın seçiminə səs vermişəm. Ötən illərdə keçirilən prezident seçkilərinə inamla gedib cənab İlham Əliyevə səs verdim. O, xalqına, xalqı isə öz övladına həmişə dayaqdır. Mən nəvələrimdən tez-tez məlumat alıram. Onlar mənə hər an baş verən hadisələrdən danışır. Aprel döyüşlərində, Günnüt zəfərində ordumuzun necə şücaət göstərdiklərini eşitdikcə qəlbim dağa dönür. Və həmişə onlara deyirəm ki, Qarabağın azad ediləcəyi gün çox yaxındadır. Belə qüdrətli ordu 90-cı illərdə olsa idi, biz o torpaqları itirməzdik. Təəssüf ki, həmin dövrdə 70 il iliyimizi sümürən bir quruluşdan təzəcə yaxa qurtarmışdıq. Bu xain ermənilər tarixboyu belə olublar. Fürsət tapan kimi onlara çörək verəni arxadan vurublar. Müharibənin iştirakçısı olsam da, mən heç vaxt həmin dəhşətli günlər haqqında danışmağı sevməmişəm. Çünki əsas olan müharibənin başlaması deyil, qələbənin nə zaman qazanılmasıdır. Ona görə də öz nəvə, nəticələrimlə söhbətləşəndə qələbədən danışıram. Qoy övladlarımız qələbə ruhu ilə böyüsün ki, onlar da hər zaman qalib kimi yaşasınlar.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR