30 May 2020, Şənbə

Hər il ətirli, çiçəkli may ayına yenicə qədəm qoyanda ruhumda, əhvalımda qələbə və əzmkarlıq ab-havası hökm sürür. Bəlkə də, ona görə ki, həmin ərəfədə xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan İkinci Dünya müharibəsində qazanılan tarixi qələbəni qeyd etməyə hazırlaşırıq. Bu çətin və mübarizələrlə dolu hərb tarixinə adlarını qızıl hərflərlə yazdıran qəhrəman soydaşlarımızı böyük hörmətlə anır, əziz xatirələrini qürurla yad edirik.

Düzdür, həmin müharibədə iştirakımız birbaşa ölkəmizin müstəqilliyi və xalqımızın suverenliyinə xidmət etmirdi. Lakin İkinci Dünya müharibəsi ümumxalq xarakteri daşıyırdı. Digər tərəfdən alman komandanlığı Bakı neftinə xüsusi önəm verir və Qafqaz uğrunda vuruşlarda Bakı üzərində nəzarəti ələ keçirmək məqsədi güdürdü. Bu mənada, müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrilmişdi. Sovet İttifaqının bütün xalqları, o cümlədən tarixboyu mübarizliyi ilə ad çıxaran Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.

Dünyanın ən dəhşətli ölüm savaşı sayılan İkinci Dünya müharibəsində qazanılan və bu gün qürurla qeyd etdiyimiz qələbədə soydaşlarımızın qəhrəmanlıqları da əsaslı rol oynayıb. Bu qanlı müharibədə iştirak edən 660 mindən çox azərbaycanlının, təxminən, yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
İkinci Dünya müharibəsində Azərbaycanın hər yerindən olduğu kimi, Naxçıvandan da minlərlə oğlan və qız iştirak edib, şücaət göstərib. Həmin çətin illər ərzində diyarımızdan müharibəyə 30 mindən artıq insan yola düşüb. Onların 16 minə yaxını müharibə gedən bütün ərazilərdə səngərə atılıb, qəhrəmancasına həlak olub. Döyüş meydanında hünər sərgiləyən naxçıvanlı döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Naxçıvanın qəhrəman oğullarından 3 nəfər keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

İkinci Dünya müharibəsində böyük rəşadət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Vətən oğullarının qəhrəmanlıq dolu həyatı və şərəfli döyüş yolu ilə yaxından tanış olmaq üçün yolumu qəhrəman övladlarımızın, şəhidlərimizin müqəddəs adının əziz tutulduğu Xatirə Muzeyindən saldım. Hansı ki bu muzeydə müxtəlif illərdə xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmış igid həmvətənlərimiz, o cümlədən Sovet İttifaqı qəhrəmanlarımız barədə ətraflı məlumat almaq mümkündür. Onlar üçün ayrılmış stend­lərin önündə fəxrlə dayanıb, qəhrəmanlıq salnaməsinə bir daha nəzər salıram.

Naxçıvanın Sovet İttifaqı qəhrəmanları sırasında Qəzənfər Qulam oğlu Əkbərovun adı qürurla çəkilir. Cəhri kəndinin yetirməsi olan Qəzənfər Əkbərov 1917-ci ildə dünyaya göz açıb. Onun taleyi sonralar hərb tariximizlə bağlı olsa da, gənclik illərində yaxşı təhsil alaraq pedaqoq kimi fəaliyyət göstərmək arzusunda olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək müəllimlik fəaliyyətinə başlayıb. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra müharibəyə könüllü gedənlərdən biri də Qəzənfər Əkbərov olub. Cəsur döyüşçü Tbilisi topçuluq məktəbində təhsil alıb və onun qəhrəmanlıqlarla dolu döyüş yolu 1942-ci ildən Qafqaz dağlarının ətəklərindən başlayıb. Qəzənfər Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib.

Onun qəhrəmanlıq salnaməsində Belarusun Volojin şəhəri xüsusi mərhələ təşkil edir. 1944-cü il avqustun 3-də şəhər ətrafında gedən döyüşlərdə Qəzənfər Əkbərov misilsiz rəşadət göstərib. Bu ağır döyüş bir neçə saat davam edib. Onun başçılığı ilə üç nəfər topçu almanların beş ağır tankına qarşı döyüşə atılıb. Qeyri-bərabər döyüşdə düşmənin 4 tankı, 60-dan çox əsgər və zabiti məhv edilib. Bu döyüşdə Qəzənfər Əkbərov qəhrəmancasına həlak olsa da, canı bahasına düşmənin hücumunu dayandırıb və bununla da öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını alıb. Bu qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib. Doğma kəndi Cəhridə Qəzənfər Əkbərovun abidəsi ucaldılıb. Adına küçə və məktəb vardır.

Digər qəhrəmanımız – Abbas Şahbaz oğlu Quliyevin mənalı ömür yolunu vərəqləyirəm. O, 1916-cı il sentyabrın 15-də Babək rayonunun Şəkər­abad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Bu qəhrəmanımız isə gənclik illərində teatr sahəsinə maraq göstərib.1937-ci ildə təhsilini başa vurduqdan sonra Naxçıvana qayıdaraq bir müddət səhnə fəaliyyəti ilə məşğul olub. Sonralar “İzvestiya” qəzeti onun barəsində belə yazacaqdı: “Naxçıvan teatrı Abbas Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi”.

Abbas Quliyev 1941-ci ildə Sovet Ordusuna çağırılıb və Sumı topçuluq məktəbini bitirib. Cəsarəti və igidliyi ilə seçilən gənc döyüşçü kapitan rütbəsinədək yüksəlib və Dneprdən Visla çayına qədər böyük döyüş yolu keçib. 1944-cü ilin avqustunda Polşa ərazisində topçuları ilə birlikdə xüsusi tapşırıq əmri alan Abbas Quliyev döyüş şücaəti ilə yanaşı, zabit kimi hərbi biliyini də ortaya qoyub. Nəticədə, düşmənin diqqətini yayındıraraq Visla çayının sağ sahilinə keçməyə nail olub. 3 gün ərzində faşistlərlə qeyri-bərabər döyüş aparmağa məcbur olan cəsur komandir qoşunlarını maneəsiz çayı keçməsi və düşməni darmadağın etməsinə şərait yaradıb.

Onun odlu-alovlu döyüş meydanlarından gələn qələbə sədaları və qəhrəmanlıq hekayəsi dildən-dilə gəzib, bütün ölkəyə səs salıb. Təbii ki, bu qürur dolu fəaliyyət qiymətsiz qala bilməzdi. Abbas Quliyev 1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə başa çatdıqdan sonra, 1945-ci ildə hərbi xidmətdən tərxis olunub və doğma Naxçıvanda rəhbər vəzifələrdə işləyib. Kapitan Abbas Quliyev 1997-ci il dekabrın 25 də Naxçıvan şəhərində vəfat edib.
Cəbhədən qələbə və qəhrəmanlıq xəbəri hər yana yayılan digər igid oğlumuz isə Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyevdir. O, 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olub. 1935-ci ildə Sovet Ordusuna çağırılıb, 2 il sonra ali hərbi məktəbdə təhsil almağa başlayıb. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra qızğın müharibə meydanına yollanıb. Nəcəfqulu Rəfiyev sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub-Qərb, Şimali Qafqaz, 1-ci Belarus kimi odlu-alovlu cəbhələrdə faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən döyüşlərdə o, öz rəşadətli xidmətini ortaya qoyub, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərib. Bu qəhrəmanlığına görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli Fərmanı ilə Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibə qələbə ilə başa çatsa da, Nəcəfqulu Rəfiyevin hərb sənətinə olan marağı heç vaxt sönməyib. Qanlı müharibə illəri bitdikdən sonra müxtəlif hərbi hissələrdə qulluq edib. 1955-1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləyib. 1959-cu ildə ordudan tərxis olunaraq Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirib. Nəcəfqulu Rəfiyev 1970-ci il dekabrın 24-də vəfat edib.

Bu gün gənc nəsil onları – İkinci Dünya müharibəsi qəhrəmanlarını şəxsən tanımasa da, keçən illərə, əsrlərə baxmayaraq qəhrəmanlar həmişə qəhrəmandırlar. Onların nəsillərə örnək mənalı ömür yolu əsrlər keçsə də, xatırlanacaq. Necə ki bu gün onların əziz xatirəsi daim anılır, gənc nəslə aşılanır. Xatirə Muzeyinə ekskursiyaya gələn hər bir gəncimiz bu qəhrəmanlıq yolu ilə tanış olur, onların yolunu davam etdirmək ruhunda və əzmində böyüyürlər. Elə bu səbəbdəndir ki, tarixin bütün dövrlərində qəhrəmanlar, döyüş meydanında ad qazanan övladlar yetişdirən bu torpaq bu gün də Mübariz İbrahimov, Qabil Orucəliyev, Toğrul Haşımlı kimi vətənpərvər və hər an doğma torpağı uğrunda canından belə, keçməyə hazır olan oğullar yetişdirir. Ruhunuz şad olsun, Vətən övladları! Nə qədər ki biz varıq, siz də daim yaşayacaqsınız! 75 il yox, 750 il keçsə belə...

Gülcamal TAHİROVA

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR